Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-735/2024 05.08.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 4.887,89 manat məbləğində kredit pulunun, 700 manat borca götürmüş olduğu pul məbləğinin, 320 manat vəkilə ödənilmiş xidmət haqqı, 76 manat dövlət rüsumu olmaqla, cəmi 5.983,89 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mülki iş üzrə Cavabdeh ilə uzun illər dostluq münasibəti olmuşdur. Cavabdehin uzun müddətdir ki, maddi vəziyyəti yaxşı olmadığı üçün hərdən ondan pul götürərək vaxtı vaxtında geri qaytarmışdır. Yenidən bir gün cavabdeh ona zəng edərək 700 manat pul lazım olduğunu bildirmiş, o da həmişəki kimi etiraz etmədən cavabdehə 700 manat borc vermişdir. Aradan bir neçə gün keçdikdən sonra ona zəng edərək təcili görüşmək istədiyini bildirmiş, görüş üçün vaxt təyin edərək görüşmüşlər. Görüşdükləri zaman maddi sıxıntılarının olduğu və əlavə olaraq 4.000 manat pula ehtiyacı olduğunu bildirərək ondan yenidən borca pul istəmiş, o, uzun illərdir ki, cavabdehi tanıdığından və dostluq münasibəti olduğundan, həmişəki kimi borc götürüb vaxtında ödədiyi üçün cavabdehə borca pul vermək qərarına gəlmişdir. Lakin istədiyi məbləğdə pulu olmadığını, ancaq bankdan kredit götürərək özünə pul verə biləcəyini bildirmişdir. Bunun üçün ABB-nin Yasamal filialına müraciət etmiş, xx.xx.2023-cü il tarixdə 4.000 manat məbləğində bankdan kreditə pul götürmüşdür. Növbəti gün xx.xx.2023-cü il tarixdə cavabdeh ilə görüşərək 4.000 manat məbləğində pulu cavabdehə vermiş, borca vermiş olduğu məbləğ onun üçün yüksək olduğundan hər ehtimala qarşı cavabdehlə aralarında xx.xx.2023-cü il tarixdə akt tərtib olunmuşdur. Həmin akta cavabdeh imza edərək 4.000 manat pulu borc aldığını və 20 dekabr 2023-cü il tarixindən hər ay 182 manat məbləğində ödənişi həyata keçirməyi öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə düşən öhdəliyə əməl etmədiyi üçün artıq 4 aydır ki hər ay banka 182 manat ödəniş onun tərəfindən ödənilir. Kredit tarixçəsində gecikmələr olmaması üçün məcburiyyət qarşısında qalaraq hər ay ödənişi vaxtı vaxtında ödəyir. Borcun ödənilməsi ilə bağlı cavabdehlə aralarında neçə aylardır ki, vatsap yazışmaları və telefon danışıqları davam etsə də heç bir nəticəsi yoxdur. Cavabdeh etibarından sui istifadə edərək pulunu mənimsədiyi, borca götürmüş pulları qaytarmadığı və ona maddi zərər vurduğu üçün məcburiyyət qarşısında qalaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. İddia ərizəsinə əlavə etdiyi kredit müqaviləsinin ödəniş cədvəlindən aydın olur ki, bankdan ona verilmiş 4.000 manat məbləğində kredit məbləğini 27 ay olmaqla, hər ayda 181.07 manat ödəməlidir. Ümumi 27 ay*181.07=4887.89 manat edir. Onda banka olan kredit ödənişini qrafikə uyğun ödədiyi təqdirdə əlavə olaraq banka 887.89 manat məbləğində faiz ödəməlidir. Bunun üçün cavabdehin ilkin olaraq borca götürdüyü 700 manat pul məbləği, bankdan götürərək cavabdehə vermiş olduğu kredit pulu və ona hesablanmış faiz, eyni zamanda vəkilə hüquqi yardım üçün ödədiyi xidmət haqqı və iddia ərizəsi üçün ödəmiş olduğu dövlət rüsumu cavabdehdən alınaraq ona ödənilməlidir. Bunun üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, xx.xx.2023-cü il tarixli, EE002312654 saylı kredit müqaviləsinə əsasən X3 27 ay müddətinə, illik 17,9 % faiz dərəcəsi ilə 4.000 manat məbləğində kredit verilmişdir. - xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən verilmiş qəbzdən görünür ki, o, xx.xx.2023-cü il tarixdə X1 4.000 manat borc almış, xx.xx.2023-cü il tarixdən etibarən borcun tam həcmdə bitənə qədər hər ay 182 manat məbləğində pul ödənişi həyata keçirməyi öhdəliyinə götürmüşdür. İddiaçı aldığı 4.000 manat məbləğində borcu ilk ödəniş tarixi xx.xx.2023-cü il olmaqla, hər ayın 20-də ödəyəcəyini öz imzası ilə təsdiq edir. - Elektron Məhkəmə Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, ********* saylı mobil nömrə Cavabdeh məxsusdur. - Tərəflər arasında olan Whatsapp yazışmalarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, EE002312654 saylı kredit müqaviləsi üzrə 5 aylıq məbləği və 700 manat iddiaçıdan borc götürdüyü məbləği hesablayaraq (185x5+700=1.625) iddiaçıya xx.xx.2024-cü il tarixə 1.625 manat məbləğində borcu olduğunu bildirmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 320 manat məbləğində pul vəsaitini Zaqatala Rayon Vəkil Bürosuna ödəmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 76 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə pula ehtiyacı olduğu üçün əvvəlcə 700 manat məbləğində, daha sonra "xxxx" ASC-dən xx.xx.2023-cü il tarixli, EE002312654 saylı kredit müqaviləsinə əsasən kredit götürərək 4.000 manat borc pul vermiş, cavabdeh iddiaçıdan aldığı 700 manat pulu qaytaracağını və onun üçün bankdan götürülmüş krediti vaxtlı-vaxtında ödəyəcəyini bildirsə də, vədinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi, eyni zamanda borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 320 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasına dair” hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, MPMnin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 76 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4.887,89 manat pul, 700 manat borca götürmüş olduğu pul, hüquqi yardımla bağlı ödənilmiş 320 manat və dövlət rüsumu olaraq ödənilmiş 76 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №e-2(016)-735/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-735/2024
05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver