Məhkəmə qərarları › İş №e-2(016)-79/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-79/2024

06.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-79/2024 06.08.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, vurulmuş maddi zərərin əvəzi olaraq 15.396 manat və iddiaya görə ödənilmiş dövlət rüsümunun məbləğinin - 137 manat pulun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 22:40 radələrində Abşeron rayonu, Saray qəsəbəsindən Sumqayıt istiqamətində hərəkət edərkən qarşıdan gələn VAZ2101 minik markalı, **-BD-*** dövlət nişanlı avtomobil onun hərəkət etdiyi istiqamətdə qarşısına çıxıb, nəticədə avto-qəza baş vermişdir. Hadisə ilə bağlı Cavabdeh barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Abşeron DYP-in xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqında qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində “60” manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Göründüyü kimi, cavabdehin təqsirindən baş vermiş qəza nəticəsində ona ümumilikdə 15.396 manat maddi ziyan dəymişdir. Bunu sübut edən qiymətləndirmə aktını və hesab-fakturanı da iddia ərizəsinə əlavə etmişdir. Cavabdehdən ona dəymiş zərərin ödənilməsi tələb olunsa da, cavabdeh həmin məbləği ödəməkdən imtina etmişdir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Cavabdeh 20 noyabr 2023-cü il tarixli məhkəmə iclasında çıxış edərək bildirdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki onlar maşını ustaya aparmışlar, usta maşının 3.500 manat xərcinin olduğunu bildirmişdir. O, iddiaçıya 3.500 manat ödəməyə razıdır. İddia tələbinin qalan hissədə rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Vahidov X1 Xətalar Məcəlləsinin 327.2 və 469.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 60 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktından görünür ki, Toyota Camra markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobildə görülmüş işlər üzrə ödəniləcək məbləğ 15.296 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1079 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktına əsasən 2012-ci il buraxılışlı mühərrik həcmi 2500 sm3, “Toyota” markalı, “Camry” model, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 14.640,00 manat. O cümlədən: - Dəyişilməli hissələrin qiyməti – 11.800,00 manat; - Təmir-bərpa işlərinin qiyməti – 2.840,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 11.280,56 manat. O cümlədən: - Dəyişilməli hissələrin qiyməti – 8.440,56 manat; - Təmir- bərpa işlərinin qiyməti – 2.840,00 manat. Məhkəmə iclasında müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 22:40 radələrində idarə etdiyi VAZ2101 minik markalı, **-BD-*** dövlət nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuş, nəticədə iddiaçıya məxsus “Toyota” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Toyota” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 11.280,56 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM): 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh MM-in 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh MM-in 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, MM-in 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən, həmçinin baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspertiza rəyi ilə razılaşaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə vurulmuş ziyan əvəzi olaraq 11.280,56 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. MPM-in: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11.280,56 manat məbləğində vəsait alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin 137 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırkı tələb üzrə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 137 manat dövlət rüsumu ödənilmişdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, 137 manat dövlət rüsumunun 37 manatı iddiaçıya aid edilməli, 100 manat isə cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin 14 manatı iddiaçıdan, 36 manat isə cavabdehdən tutulmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 11.280,56 manat məbləğində pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 37 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin 14 (on dörd) manatı İddiaçı, 36 (otuz altı) manat isə Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN: **********, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar