Məhkəmə qərarları › İş №e-2(016)-824/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-824/2025

15.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-824/2025 15.09.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi borcu 4454,08 ABŞ dolları - bundan 1183,56 ABŞ dolları əsas, 807,1 ABŞ dolları faiz, 2298,94 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 164,48 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 95,72 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə illik 31 faiz olmaqla 5100 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 450005092/ZM saylı, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra ********* saylı, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsinə xx.xx.2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin əsas borc qalığı 5100 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10% ödənilir. Əlavə sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, Cavabdeh1 isə ölmüşdür. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 illik 31 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5100 ABŞ dolları məbləğində kredit verilmişdir. - İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 450005092/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 zamin kimi kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşlər. - xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 01 nömrəli Əlavə Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi restrukturizasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas borc qalığı konvertasiya edilməklə 5100 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. - xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişdən görünür ki, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 5202,77 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. - xx.xx.2014-cü il tarixli, ********* saylı Zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişdən görünür ki, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 5202,77 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. - Ağsu Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-11-340/2025 saylı məktubundan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh1 xx.xx.2017-ci il tarixdə Ağsu rayonu, Keçdiməz kəndində ölmüşdür. - 19.03.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehlərdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(016)-824/2025 saylı qərardadına əsasən, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 münasibətdə xitam verilmişdir. Məhkəmə iddia tələbinin digər Cavabdeh2 qarşı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 illik 31 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5100 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında da xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra həmin kredit müqaviləsi xx.xx.2015-ci il tarixli 01 nömrəli Əlavə Saziş ilə xx.xx.2017-ci il tarixədək uzadılaraq restrukturizasiya edilmişdir. Bundan sonra həmin kredit müqaviləsi xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişlə yenidən xx.xx.2022-ci il tarixədək uzadılmış və tərəflər arasında bağlanmış ********* saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin müddəti də xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Bu zaman Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 5202,77 ABŞ dolları təşkil etmişdir. Cavabdeh1 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Hazırda Cavabdeh1 vəfat etdiyi üçün iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 münasibətdə xitam verilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadıldığından tərəflər arasında bağlanmış ********* saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin müddəti də xx.xx.2022-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM): 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh2 qarşı iddia tələbi ona aid hissədə rədd olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı bank zaminə qarşı xx.xx.2023-cü il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Beləliklə Məhkəmə belə qənaətə gəlir ki, MM-in 477.0.4-cü maddəsinin tələbləri baxımından zaminin hazırkı tələb üzrə məsuliyyəti istisna edilir və iddia tələbi zaminə aid hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası Cavabdeh2 aid hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar