Məhkəmə qərarları › İş №e-2(016)-846/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-846/2024

01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-846/2024 01.07.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi və açıq hərracda satılması” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2023-cü il tarixli, KRLMB-12086 saylı kredit müqaviləsi üzrə kreditə görə 758,96 manat əsas, 98,5 manat faiz borcu olmaqla, cəmi 857,46 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulmasını, cavabdehə məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi, boyunbağı kolye - 1 ədəd, çəkisi – 6,2 qr, əyarı – 585, qolbağ yolka fantaziya - 1 ədəd, çəkisi – 2,6 qr, əyarı – 585, sırğa üzük dəsti 4 künc fantaziya - 1 ədəd, çəkisi – 4,7 qr, əyarı – 5.851, cəmi 13,5 qr. əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin xx.xx.2023-cü il tarixli, KRLMB-12086 saylı kredit müqaviləsi üzrə 758,96 manat əsas, 98,5 manat faiz borcu olmaqla, cəmi 857,46 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli, KRLMB-12086 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KRLMB-12086 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməletməzsə, Bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Qeyd olunanlara əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh xx.xx.2023-cü il tarixli, KRLMB-12086 saylı kredit müqaviləsi üzrə kreditə görə 758,96 manat əsas, 98,5 manat faiz borcu olmaqla, cəmi 857,46 manat məbləğində pul tutulmalıdır, tələb girov predmetləri olan adları yuxarıda çəkilən qızıl-zinət əşyalarına yönəldilməlidir, girov predmetləri satıldıqdan sonra əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə yetərli olmazsa, qalan məbləğ borcludan tutulmalıdır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 32 % dərəcəsi olmaqla 24 ay müddətinə 782 manat məbləğində kredit verilmişdir. - xx.xx.2023-cü il tarixli, KRLMB-12086 saylı saxlanc girovu haqqında müqavilədən görünür ki, borcalan özünə məxsus olan qızıl-zinət əşyalarını kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı kimi girov qoymuşdur. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə 758,96 manat əsas, 98,5 manat faiz borcu olmaqla, cəmi 857,46 manat məbləğində kredit borcu vardır. - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. - xx.xx.2024-cü il tarixli nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı 30 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcun ödənilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, iddia tələbinin 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia tələbinin “tələbin girov qoyulmuş əşyaya yönəldilməsi” hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də əsaslıdır. MM-in 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş göstərilən əşyaya yönəldilməlidir. Məhkəmə, eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş əşyalara yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. MM-in 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Məhkəmə, iddianın “girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait xx.xx.2023-cü il tarixli, KRLMB-12086 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldilməsinə dair” hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 758,96 manat əsas, 98,5 manat faiz borcu olmaqla, cəmi 857,46 manat pul alınaraq İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh təqdim etdiyi və girov predmeti olan – boyunbağı kolye - 1 ədəd, çəkisi – 6,2 qr, əyarı – 585, qolbağ yolka fantaziya - 1 ədəd, çəkisi – 2,6 qr, əyarı – 585, sırğa üzük dəsti 4 künc fantaziya - 1 ədəd, çəkisi – 4,7 qr, əyarı – 5.851 cəmi 13,5 qr. olan qızıl-zinət əşyalarına yönəldilsin və qızıl-zinət əşyaları açıq hərracdan satılsın. Həmin qızıl-zinət əşyasının satılmasından əldə edilən vəsaitdən 857,46 manat məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar