Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-96/2025 17.06.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 14850,51 manat - bundan 4868,97 manat əsas, 5201,5 manat faiz, 4124,52 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 655,52 manat faiz borcu və iş üzrə ödənilmiş 134,55 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 03 noyabr 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 27,2 faiz olmaqla 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 və Cavabdeh3 ilə Bank arasında 450008295/ZM saylı, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borclan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqaviləsi üzrə bağlanmış 1 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin əsas borc qalığı konvertasiya edilməklə (1 USD=1.40AZN) 9298,86 manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20% ödənilməli idi. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Bankdan pulu 10 il bundan əvvəl götürmüşdür. O, kredit götürən zaman 1 USD=1.40 AZN təşkil edirdi. Lakin ABŞ dolları sonradan artmış və məbləğə təsir etmişdir. Bankdan ona zəng gələrək məlumat verilmişdir ki, ABŞ dollarının artması nəzərə alınaraq ona ödənişdə güzəşt edilmişdir. Daha sonra Dəmir Bank fəaliyyətini dayandırdığı üçün o, məsuliyyətsizlik edərək ödəniş etməyi dayandırmışdır. Lakin o, borcunu vaxtlı vaxtında ödənmiş, 2000 manat borcu qalmışdır. Ona güzəşt olunaraq, gücü nəyə çatır onu hissə-hissə ödəyə biləcəyi üçün vaxt verilməsini xahiş etmişdir. Cavabdeh3 isə xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 illik 27,2 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. - İddiaçı ilə Cavabdeh1 və Cavabdeh3 aralarında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 zamin kimi kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. - xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 1 nömrəli Əlavə Sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi restrukturizasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas borc qalığı konvertasiya edilməklə 9298,86 manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. - xx.xx.2015-ci il tarixli, ********* saylı Zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 1 nömrəli Əlavə Sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və həmin müqaviləyə edilmiş xx.xx.2017-ci il tarixli 1 nömrəli Əlavə Sazişin şərtlərinə əsasən Cavabdeh1 və Cavabdeh3 zamin kimi kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixə xx.xx.2015-ci il tarixli kedit müqaviləsinə əsasən 4868,97 manat əsas, 5201,5 manat faiz, 4124,52 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 655,52 manat faiz borcu olmaqla, cəmi 14850,51 manat məbləğində kredit borcu vardır. - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehlərdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və həmin müqaviləyə edilmiş xx.xx.2017-ci il tarixli sazişin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh2 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nə sualda soruşulan tarixlərə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2021-ci il (kredit müqaviləsinin müddətinin bitdiyi) tarixə əsas borc üzrə-4696,48 manat, faiz borcu üzrə 4936,24 manat, xx.xx.2024-cü il (pretenziya məktubu göndərilən və iddia qaldırılan) tarixə əsas borc üzrə 4696,48 manat, faiz borcu üzrə 4936,24 manat, 5% hesablanmaqla gecikdirilmiş faiz borcu üzrə 619,68 manat təşkil edir. - Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 341 nömrə ilə qeyd edilmişdir. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(016)-96/2025 saylı qərardadına əsasən, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iş üzrə icraata Cavabdeh3 münasibətdə xitam verilmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 134,55 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 421.2, 425.1, 427.3, 442, 443.1, 445.2.1, 447.1, 447.2, 448.1, 462.1 və 743-cü maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini və ona hesablanmış faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və həmin müqaviləyə edilmiş xx.xx.2017-ci il tarixli sazişin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh2 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2021-ci il (kredit müqaviləsinin müddətinin bitdiyi) tarixə əsas borc üzrə-4696,48 manat, faiz borcu üzrə 4936,24 manat, xx.xx.2024cü il (pretenziya məktubu göndərilən və iddia qaldırılan) tarixə əsas borc üzrə 4696,48 manat, faiz borcu üzrə 4936,24 manat, 5% hesablanmaqla gecikdirilmiş faiz borcu üzrə 619,68 manat təşkil edir Göstərilənlərə əsasən məhkəmə hesab edir iddia tələbi əsas və faiz borc hissəsində qismən təmin edilməli, Cavabdeh2 "Dəmirbank” ASC-nin (Ləğv prosesindədir) xeyrinə 4.696,48 AZN əsas, 4.936,24 AZN faiz borcu tutulmalıdır. MM-in 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə, iddia tələbinin kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 655,52 manat faiz borcun tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və həmin müqaviləyə edilmiş xx.xx.2017-ci il tarixli sazişin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh2 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə 5% hesablanmaqla gecikdirilmiş faiz borcu üzrə 619,68 manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh2 "Dəmirbank” ASC-nin (Ləğv prosesindədir) xeyrinə kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 619,68 AZN cərimə borcu tutulmalıdır. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi cərimə əsassız və şişirdilmiş məbləğdir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 4124,52 manat məbləğində deyil, 100 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. İddia tələbinin tələbdə qeyd edilən məbləğin həmçinin müştərək qaydada Cavabdeh1 və Cavabdeh3 tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. MM-in 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin şərtləri MM-in 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla tətbiq edilməlidir. Qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. MM-in 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilmədən verilmiş və buna görə də, MM-in 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Yuxarıda da qeyd edildiyi kimi ləğv prosesində olan İddiaçı ASCi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Əlavə Sazişə əsasən borcalan aldığı krediti xx.xx.2021-ci il tarixədək qaytarılmasını razılaşdırmışlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı bank zaminə qarşı xx.xx.2021-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən MM-in 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı bank tərəfindən zaminə qarşı hər hansı iddia irəli sürülmədiyindən MM-in 477.0.4-cü maddəsinin tələbləri baxımından zaminin hazırkı tələb üzrə məsuliyyəti istisna edilir və iddia tələbi zaminə aid hissədə təmin edilməməlidir. Bundan başqa Cavabdeh3 xx.xx.2024-cü il tarixdə öldüyü üçün iddia tələbinin ona aid hissəsi üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 "Dəmirbank” ASCnin (Ləğv prosesindədir) xeyrinə 4696,48 AZN əsas, 4936,24 AZN faiz, 100 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 619,68 AZN cərimə, cəmi 10352,4 AZN borc tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 134,55 manat dövlət rüsumunun 13,49 manatı iddiaçıya, 121,06 manatı cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 "Dəmirbank” ASC-nin (Ləğv prosesindədir) xeyrinə 4.696,48 AZN əsas, 4.936,24 AZN faiz, 100 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 619,68 AZN cərimə, cəmi 10.352,4 Azn borc və ödənilmiş dövlət rüsumunun 121,06 manatı tutulsun. Ödənilmiş dövlət rüsumunun 13,49 manatı iddiaçıya aid edilsin. Qətnamə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Babək Qasımov
Məhkəmə qərarları › İş №e-2(016)-96/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-96/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver