Məhkəmə qərarları › İş №e-2(017)-1017/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1017/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1017/2024 24.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, Cavabdeh1 iştrakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında 28 dekabr 2022ci il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 illik 15 faizlə 48 ay müddətinə bankdan 12000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış 28 dekabr 2022-ci il tarixli, 1116898/31789 saylı zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin kreditin ödənilməsi lazımi qaydada və vaxtında aparılmamışdır. Beləliklə, borcluların İddiaçı ASCyə 28 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 10470 manat 72 qəpik məbləğində əsas kredit borcu, 856 manat 34 qəpik məbləğində faiz borcu olmaqla, cəmi 11327 manat 06 qəpik məbləğində borcu yaranmışdır. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10470 manat 72 qəpik məbləğində əsas kredit borcu, 856 manat 34 qəpik məbləğində faiz borcu olmaqla, cəmi 11327 manat 06 qəpik məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 124 manat 38 qəpik məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə 14 may 2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə ərizə göndərərək iddianın tam təmin olunmasını və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etdi və izahat verərək göstərdi ki, 28 dekabr 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 15 faizlə 48 ay müddətinə bankdan 12000 manat məbləğində kredit götürmüşdür. Əvvəllər bir neçə ay ödənişlər etsə də, sonradan işdən çıxarıldığı üçün ödənişlər edə bilməmişdir. Söz verir yaxın vaxtlarda hissə-hissə kredit borcunu ödəyəckdir. Cavabdeh2 məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan 28 dekabr 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 15 faizlə 12000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 28 dekabr 2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC-dən kredit götürmüş və «Borc alan» Cavabdeh1 bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 28 dekabr 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə banka 10470 manat 72 qəpik məbləğində əsas kredit borcu, 856 manat 34 qəpik məbləğində faiz borcu olmaqla, cəmi 11327 manat 06 qəpik məbləğində borcu vardır. İş materiallarında olan bidirişlərdən görünür ki, cavabdehlər borcun qaytarılması barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 343.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyin icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qaydada nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və ya borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq işə baxılması ilə əlaqədar məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 28 dekabr 2022-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə sonuncunun 48 ay müddətinədək illik 15 faizlə ödənilmək şərti ilə 12.000 manat məbləğində kredit alması, Cavabdeh2nın zamin olması, kreditdən istifadəyə görə faiz ödəməyi öhdəsinə götürməsi, müqavilə öhdəliklərinin yerinə yetirməməsi və hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyətinə hesablanmış 28 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlərin Banka 10470 manat 72 qəpik məbləğində əsas kredit borcu, 856 manat 34 qəpik məbləğində faiz borcu olmaqla, cəmi 11327 manat 06 qəpik məbləğində borclarının qalması müəyyən edildi. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 124 manat 38 qəpik dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə bu nəticəyə gəlir ki, cavabdehlər tərəfindən kredit müqaviləsinin tələbləri pozulmuş, onlar müqavilə üzrə üzərlərinə düşən öhdəliyi tam icra etməmişlər. Bu səbəbdən də iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 28 dekabr 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə banka 10470 (on min dörd yüz yetmiş) manat 72 (yetmiş iki) qəpik məbləğində əsas kredit borcu və 856 (səkkiz yüz əlli altı) manat 34 (otuz dörd) qəpik məbləğində faiz borcu olmaqla, cəmi 11327 (on bir min üç yüz iyirmi yeddi) manat 06 (altı) qəpik məbləğində borc pul və 124 (yüz iyirmi dörd) manat 38 (otuz səkkiz) qəpik dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar