Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1056/2024 24.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 11000 manat məbləğində əsas kredit borcu, 2138 manat 96 qəpik məbləğində faiz borcu və 254 manat 07 qəpik cərimə, cəmi 13393 manat 03 qəpik məbləğində borcun və ödənilmiş 130 manat 58 qəpik dövlət rüsumunun tutularaq "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, 28 dekabr 2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında Cavabdeh istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək illik 26%-lə ödəmək şərti ilə 11000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış ümumi oferta müqavilənin 17.11-ci bəndinə əsasən müştəri kreditin və/və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin 40%-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Tərəflər arasında bağlanmış ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borclanan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Ona görə də cavabdehdən 11000 manat əsas, 2138 manat 96 qəpik faiz borcu, 254 manat 07 qəpik cərimə olmaqla, cəmi 13393 manat 03 qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 130 manat 58 qəpik məbləğin tutulması barədə qətnamə çıxarılmasını xahiş edirəm. iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşdə olan 24 iyul 2023-cü il tarixli kredit müqaviləsindən və ərizədən görünür ki, bu müqavilə əsasında iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək illik 26%-lə ödəmək şərti ilə 11000 manat məbləğində kredit verilmişdir. İşdə olan 17 yanvar 2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh 24 iyul 2023-cü il tarixli, 7043nkBrDb/23 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün 11000 manat əsas borc, 1367 manat 39 qəpik faiz borcu, 93 manat 81 qəpik cərimə, cəmi 12461 manat 20 qəpik məbləğində borcu yaranmışdır. pul vəsaitinin ödənilməsi təklif edilmişdir. Əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış borc müqaviləsinə uyğun olaraq, Cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir. "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh borcun ödənilməsini 17 yanvar 2024-cü il tarixdə tələb edilmiş, həmin tarixə Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə borcu ödənilməmiş 11000 manat əsas borc, 1367 manat 39 qəpik faiz borcu, 93 manat 81 qəpik cərimə, cəmi 12461 manat 20 qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc alana qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş hallarından göründüyü kimi "xxxx" Kommersiya Bankı ASC Cavabdeh ilə aralarında bağlanmış 24 iyul 2023-cü il tarixli, 7043nkBrDb/23 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən Cavabdeh borcu könüllü ödəməsi barədə 17 yanvar 2024-cü il tarixə bildiriş ünvanlamışdır. Həmin tarixə Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə borcu ödənilməmiş 11000 manat əsas borc, 1367 manat 39 qəpik faiz borcu, 93 manat 81 qəpik cərimə, cəmi 12461 manat 20 qəpik təşkil etmişdir. Buna görə də Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə faiz borcunun hesablanması məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək, yəni 17 yanvar 2024-cü il tarixədək hesablanmalıdır. Digər tərəfdən "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi 17 yanvar 2024-cü il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, "xxxx" Kommersiya Bankı ASCnin Cavabdeh qarşı ödənilməmiş 11000 manat əsas borc, 2138 manat 96 qəpik faiz və 254 manat 07 qəpik cərimə borcu ilə bağlı tələbi əsaslı olsa da, iddia faiz borcuna dair digər hissədə əsassızdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cavabdehdən tələb olunan dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 30 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşdə olan 24 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən 130 manat 58 qəpik dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 128 manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməmiş 11000 manat əsas borc, 17 yanvar 2024-cü il tarixə hesablanmış və ödənilməmiş 1367 manat 39 qəpik faiz borcu və 30 cərimə cəmi 12397 manat 39 qəpik məbləğində pul vəsaiti tutulmalı və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddianın təmin olunmuş hissəsinə uyğun olaraq cavabdehdən 128 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiası qismən təmin edilsin. Cavabdeh 11000 manat əsas borc, 1367 manat 39 qəpik faiz borcu, 30 manat cərimə və ödənilmiş 128 manat dövlət rüsumu, cəmi 12525 (on iki min beş yüz iyirmi beş) manat 39 (otuz doqquz) qəpik pul tutularaq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №e-2(017)-1056/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1056/2024
24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver