Məhkəmə qərarları › İş №e-2(017)-1091/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1091/2024

22.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1091/2024 22.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nın Cavabdeh qarşı sığorta ödənişinin tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı sığorta ödənişinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4250 manat məbləğində sığorta ödənişinin və 62,50 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-yə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X7 arasında xx.xx.2018-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və "Kia Optima" markal, ** EE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə "Kia Optima" markalı, ** EE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yol-nəqliyyat hadisəsi törətmiş, "Chevrolet Sonic" markalı, ** RC ***, "Nissan Sunny"markalı, ** AV ***, "Nissan Sentra" markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuş, X1 yüngül xəsarət yetirmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 4250 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Nəsimi RPİ Təhqiqat şöbəsindən ünvanlarına cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar daxil olmuş, həmin qərara əsasən Cavabdeh İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinmişdir. Qərarda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Nəsimi RPİ Təhqiqat şöbəsinin "xxxx" ASCyə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Cəmiyyət tərəfindən cavabdehin ünvanına geri tələb məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. Ona görə də Cavabdeh 4250 manat məbləğində sığorta ödənişinin və dövlət rüsumuna görə ödənilmiş 62,50 manat pulun əvəzinin alınıb iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə göndərərək iddia ərizəsini müdafiə etdiyini və məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və məhkəməyə ərizə verərək bildirdi ki, "xxxx" ASC ona qarşı 4250 manat məbləğində sığorta ödənişinin tutulması tələbinə dair iddia vermişdir. Yol nəqliyyat hadisəsi xx.xx.2019-cu il tarixdə baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin aradan qaldırılması üçün xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə sığorta ödənişi edilmişdir. Məhz həmin tarixdən də iddiaçının subroqasiya hüququ yaranmışdır. İddia müddəti keçdiyinə görə iddia müddəti tətbiq edilməklə iddiadan imtina barəsində qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarın və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə idarə etdiyi "Kia Optima" markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ilə 4-cü mikrorayon istiqamətində hərəkətdə olarkən "Chevrolet" markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobillə, daha sonra irəlidə dayanmış vəziyyətdə olan "Nissan Sunny"markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin nəticəsində "Nissan Sunny"markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobil sürüşərək yolu sol tərfindən sağ tərəfinə doğru piyada keçən X3 vurmuş, həmçinin yolun kənarında dayanmış vəziyyətdə olan "Nissan Sentra" markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zəncirvari yol nəqliyyat hadisəsi nəticəsində, piyada X4 yüngül dərəcəli bədən xəsarəti almış, hadisədən sonra "Kia Optima" markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hadisə yerindən uzaqlaşmışdır. Cavabdeh İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 01 il müddətinə məhdudlaşdırılmışdır. İş materiallarında olan xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli ödəniş tapşırıqlarının surətindən görünür ki, iddiaçı "xxxx" ASC 19-08214/08/AA- 5524/19, 19-07204/07/AA-5524/19, 19-06652/07/AA-5524/19 və 19-06799/07/AA-5524/19 nömrəli sığorta aktlarına əsasən PAA********** saylı sığorta şəhadətnaməsi üzrə ümumilikdə 4250 manat sığorta ödənişi köçürmüşdür. İş materiallarında olan Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, iddiaçı "xxxx" ASC-nin ona qarşı olan sığorta ödənişinin tutulması tələbinə dair iddiası üzrə iddia müddəti ötdüyü üçün iddia müddəti tətbiq edilməklə iddiadan imtina barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə idarə etdiyi "Kia Optima" markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ilə 4-cü mikrorayon istiqamətində hərəkətdə olarkən "Chevrolet" markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobillə, daha sonra irəlidə dayanmış vəziyyətdə olan "Nissan Sunny"markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin nəticəsində "Nissan Sunny"markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobil sürüşərək yolu sol tərfindən sağ tərəfinə doğru piyada keçən X3 vurmuş, həmçinin yolun kənarında dayanmış vəziyyətdə olan "Nissan Sentra" markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zəncirvari yol nəqliyyat hadisəsi nəticəsində, piyada X4 yüngül dərəcəli bədən xəsarəti almış, hadisədən sonra "Kia Optima" markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hadisə yerindən uzaqlaşmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarına əsasən Cavabdeh İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ 01 il müddətinə məhdudlaşdırılmışdır. İddiaçı "xxxx" ASC xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli ödəniş tapşırıqlarının surətindən görünür ki, iddiaçı "xxxx" ASC 19-08214/08/AA-5524/19, 19- 07204/07/AA-5524/19, 19-06652/07/AA-5524/19 və 19-06799/07/AA-5524/19 nömrəli sığorta aktlarına əsasən PAA********** saylı sığorta şəhadətnaməsi üzrə ümumilikdə 4250 manat sığorta ödənişi köçürmüşdür. İddiaçı təxminən 5 il keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia müddəti keçdiyinə görə iddia müddəti tətbiq edilməklə iddiadan imtina barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə müəyyən edilmiş iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir: “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Konstitusiya Məhkəməsinin “H. Həşimov və qeyrilərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 10 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyun 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi bir çox qərarlarında qeyd etmişdir ki, beynəlxalq hüquqda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir (MPM-in 9.1, 9.3 və 88-ci maddələri). Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi onların konstitusiya təminatının reallaşdırılmasına xidmət edən hüquqi tədbirlərdən biri kimi çıxış edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Konstitusiya Məhkəməsi Plenumunun “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 noyabr 2008-ci il tarixli qərarında və başqa qərarlarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı sığorta ödənişinin tutulması tələbinə dair iddia müddətini ötürdüyü üçün mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" ASC-nın Cavabdeh qarşı sığorta ödənişinin tutulması tələbinə dair iddia müddətini ötürdüyü üçün mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməsindən imtina edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar