Məhkəmə qərarları › İş №e-2(017)-125/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-125/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-125/2024 27.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bayramov Hüseyn Vaqif oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağcabədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 vərəsəsi-Cavabdeh 1728,51 manat məbləğində əsas borcun, ödənilmiş 37,29 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı "xxxx" ASC ilə X6 arasında bağlanmış 17 sentyabr 2020-ci il tarixli, BPM**********39 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən X5 30 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 3300 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.4.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 05 iyul 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmış və X4 vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 20 iyul 2023cü il tarixli maliyyə arayışına əsasən, X4 Banka ödənilməmiş 1728,51 manat borcu qalmışdır. Cavabdeh mərhum X4 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Ona görə də X4 vərəsəsi-Cavabdeh 1728,51 manat məbləğində əsas borcun, ödənilmiş 37,29 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək izahatında göstərdi ki, mərhum X6 onun anasıdır. X6 17 sentyabr 2020-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 3300 manat məbləğində kredit götürmüşdür. X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 05 iyul 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən o, qanun üzrə vərəsə kimi tanınmış və anasından miras qalmış “Opel Astra minik” markalı, **-UK-*** dövlət qeydiiyat nişanlı avtomobili qəbul etmişdir. Həmin avtomobili 10000 manata satmışdır. Lakin, həmin vaxt banka olan borc ondan tələb edilmədiyi üçün anasının banka olan borcunu ödəməmişdir. Ona görə də iddianı qəbul edir. Lakin hazırda maddi imkanı olmadığı üçün kredit borcunu ödəyə bilməyir. Gələcəkdə həmin pulu hissəhissə də olsa ödəyəcəkdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 17 sentyabr 2020-ci il tarixli, BPM**********39 saylı Kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 30 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 3300 manat kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 27 dekabr 2021-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında elan olunmuş maliyyə arayışından görünür ki, X4 20 iyul 2023-cü il tarixə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 1728,51 manat borcu vardır. İşdə olan və məhkəmə iclasında elan olunmuş 05 iyul 2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 27 dekabr 2021-ci il tarixdə ölmüş X4 vərəsəsi-oğlu Cavabdehdur və o, miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ban nömrəsi W0L0AHL**********, buraxılış ili 2008-ci il olan “Opel Astra minik” markalı, **-UK-*** dövlət qeydiiyat nişanlı avtomobildən ibarətdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə müvafiq olaraq, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 -ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında 17 sentyabr 2020-ci il tarixli, BPM**********39 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən X5 30 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 3300 manat kredit verilmişdir. X6 27 dekabr 2021-ci il tarixdə ölmüş və onun banka 1728,51 manat borcu qalmışdır. 05 iyul 2022-ci il tarixdə X3 miras qalmış ban nömrəsi W0L0AHL**********, buraxılış ili 2008-ci il olan “Opel Astra minik” markalı, **-UK- *** dövlət qeydiiyat nişanlı avtomobili 27 dekabr 2021-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə oğlu Cavabdeh qəbul etmiş və cavabdeh həmin avtomobili 10000 manata satmışdır. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 17 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 1728,51 manat borcu cavabdehdən tələb etməkdə haqlıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1728,51 manat borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 20 iyul 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 37,29 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 37,29 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1728,51 manat borc və ödənilmiş 37,29 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 1766 (bir min yeddi yüz altmış altı) manat 20 (iyirmi) qəpik pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar