Məhkəmə qərarları › İş №e-2(017)-1364/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1364/2024

24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1364/2024 24.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi şəhərində yerləşən mağazada qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Tanıdıqları və etibar etdikləri şəxslərə nisyə mal satırlar. Cavabdeh dəfələrlə ondan qızılzinət əşyaları aldığından ona nisyə olaraq ümumi dəyəri 4300 manat olan qızıl-zinət əşyaları vermişdir. Cavabdeh aldığı qızıl-zinət əşyalarının dəyəri olan 4300 manat pulu 2024-cü ilin fevral ayında tam bağlayacağına söz vermişdir. Bu barədə ona qəbz yazıb vermişdir. Dəfələrlə borcunu tələb etsə də cavabdeh vəd verərək yaranmış borcunu ödəməkdən yayınmışdır. Ona görə də 4300 manat məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 64 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı dəyəri 1800 manat olan qızıl-zinət əşyaları almış, borclu olduğu 1800 manat pulu 29 fevral 2024-cü il tarixdə tam bağlayacağı barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, Cavabdeh İddiaçı dəyəri 2500 manat olan 21 qram 583 əyarlı qızıl-zinət əşyaları almış, borclu olduğu 2500 manat pulu 21 fevral 2024-cü il tarixdə tam bağlayacağı barədə üzərinə öhdəlik götürmüşdür. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir (mad. 433.1). Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edildi ki, Cavabdeh İddiaçı iki dəfəyə nisyə olaraq ümumi dəyəri 4300 manat olan qızıl-zinət əşyaları almış, 2500 manat pulu 21 fevral 2024-cü il tarixə, 1800 manat pulu isə 29 fevral 2024-cü il tarixə tam ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Xeyli müddət keçməsinə baxmayaraq nisyə aldığı malların pulundan 4300 manat məbləğində borcunu iddiaçıya ödəməmişdir. Hazırda həmin borcun məbləği 4300 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh nisyə alınmış malların alqı-satqısına görə yaranmış 4300 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 64 manat məbləğində dövlət rüsumundan ibarətdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq ödənilmiş 64 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 4300 manat məbləğində pul, həmçinin 64 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar