Məhkəmə qərarları › İş №e-2(017)-1429/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1429/2024

11.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1429/2024 11.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-2194/2015 saylı, 02 aprel 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş, birgə nikahlarından doğulmuş 29 sentyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin aylıq əməh haqqından ¼ hissəsi miqdarında müəyyən edilmişdir. Cavabdeh kifayət qədər maddi imkana malik olsada bu günə kimi aliment borcunu tam ödəməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş aliment uşağın gündən- günə artan təlabatını ödəmir. Cavabdeh alimentdən başqa uşağına heç bir köməklik etmir. Lakin cavabdeh yüksək gəlirə məxsusdur istəsə hər ay ən azı 300 manat aliment ödəyə bilər. Ona görə Cavabdeh tutulan alimentin miqdarının sabit pul məbləğində artırılaraq hər ay 29 sentyabr 2007-ci il təvəllüdlü X1 üçün 235 manat məbləğində müəyyən olunmasına və mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasına “Elektron Sistem” vasitəsilə vəsatət göndərərək, maddi imkanı olmadığını, yolunun uzaq olması kimi üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və iddia tələbini müdafiə edib iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02 aprel 2015-ci il tarixli, 2(011)-2194/2015 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X1 üçün hər ay Cavabdeh əmək haqqının ¼ hissəsi miqdarında aliment X2 xeyrinə tutulması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, X3 (İMS) iştrak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilikin mediasiya sessiyasında iştirak etməmiş, lakin razılıq əldə olunmamışdır. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, uşağın saxlanması üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə araşdırması müəyyən olundu ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02 aprel 2015-ci il tarixli, 2(011)-2194/2015 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X1 üçün hər ay Cavabdeh əmək haqqının ¼ hissəsi miqdarında aliment X2 xeyrinə tutulması müəyyən edilmişdir. İddaçı İddiaçı uşağı saxlamağa kifayət qədər maddi imkanı yoxdur. Hazırda uşağın saxlanılması üçün əvvəl müəyyən olunmuş əmək haqqının ¼ manat hissəsi aliment azlıq təşkil edir. «Yaşayış minimumu haqqında» Qanuna əsasən 2024-cü ildə uşaqların yaşayış minimumu 235 manat məbləğdə müəyyən olunmuşdur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, uşağın mənafeyini və cavabdehin maddi vəziyyətini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə alimentin miqdarının artırılması ilə bağlı İddiaçı iddia tələbi təmin edilməli, 29 sentyabr 2007-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsi qanunamüvafiqdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən ödənilən illik alimentin məbləğinə görə 48 manat 20 qəpik dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia təmin olunsun. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilsin və 29 sentyabr 2007-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02 aprel 2015-ci il tarixli, 2(011)-2194/2015 qətnaməsilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. 29 sentyabr 2007-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Cavabdeh qazancından hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh alimentin illik məbləği nəzərə alınaraq 48 manat 20 qəpik dövlət rüsumu tutularaq Hökumət ödəniş portalı vasitəsilə Ağcabədi rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar