Məhkəmə qərarları › İş №e-2(017)-1655/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1655/2024

14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1655/2024 14.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 və Cavabdeh iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş 22 iyul 2016-cı il tarixli, 2-1(81)-3620/2016 nömrəli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən İddiaçı ASC ləğv edilmiş, İddiaçı ASC-yə 24 iyul 2016-cı il tarixdən ləğvedici qismində Əmanətlərin Sığortalnması Fondu təyin edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 8963 nömrəli krediti müqaviləsinə əsasən Cavabdeh illik 25 faiz hesablanması şərti ilə 24 ay müddətinə 2280 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin Banka ödənilməmiş 2208,12 manat məbləğində əsas borc, 1861,44 manat məbləğində faiz borcu, 1093,27 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 778,72 manat faiz məbləği olmaqla, cəmi 5941,55 manat məbləğində borcu qalmışdır. İddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qeyd olunanlara əsasən ödənilməmiş 2208,12 manat məbləğində əsas borc, 1861,44 manat məbləğində faiz borcu, 1093,27 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 778,72 manat faiz borcu olmaqla, cəmi 5941,55 manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 80 manat pulun Cavabdeh alınaraq Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və məhkəməyə ərizə verərək izahatında göstərdi ki, İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, 8963 nömrəli krediti müqaviləsinə əsasən ona illik 25 faiz hesablanması şərti ilə 24 ay müddətinə 2280 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bir neçə ay yerinə yetirmiş, bank ləğv olunduqdan sonra ödənişləri dayandırmışdır. İddiaçı kredit verildiyini iddia etdiyi müddətdən, yəni 2015-ci ildən 10 ilə yaxın vaxt keçir. Aralarında bağlanmış krediti müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Məhz həmin tarixdən iddiaçının qalan borcu ondan tələb etmək hüququ yaranmışdır. İddia müddəti keçdiyinə görə iddia müddəti tətbiq edilməklə iddiadan imtina barəsində qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, 8963 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 8963 nömrəli krediti müqaviləsinə əsasən Cavabdeh illik 25 faiz hesablanması şərti ilə 24 ay müddətinə 2280 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 23 iyul 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə olan borcu 2208,12 manat məbləğində əsas, 1861,44 manat məbləğində faiz, 1093,27 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 778,72 manat faiz borcu olmaqla, cəmi 5941,55 manat təşkil edir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh göndərilmiş 23 iyul 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh cəmi 5941,55 manat məbləğində borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona qarşı olan “kredit müqaviləsi üzrə borun tutulması” tələbinə dair iddiası üzrə iddia müddəti ötdüyü üçün iddia müddəti tətbiq edilməklə iddiadan imtina barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 8963 nömrəli krediti müqaviləsinə əsasən Cavabdeh illik 25 faiz hesablanması şərti ilə 24 ay müddətinə 2280 manat məbləğində kredit verilmişdir. İddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraciət etməkdə haqlıdır. Lakin xx.xx.2015-ci il tarixdə tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. İddiaçı müqavilə müddəti bitdiyi tarixdən təxminən 07 il keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddia müddəti keçdiyinə görə iddia müddəti tətbiq edilməklə iddiadan imtina barəsində qərar qəbul edilməsinə dair məhkəməyə ərizə təqdim etmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə müəyyən edilmiş iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir: “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Konstitusiya Məhkəməsinin “H. Həşimov və qeyrilərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 10 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyun 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi bir çox qərarlarında qeyd etmişdir ki, beynəlxalq hüquqda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir (MPM-in 9.1, 9.3 və 88-ci maddələri). Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi onların konstitusiya təminatının reallaşdırılmasına xidmət edən hüquqi tədbirlərdən biri kimi çıxış edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 noyabr 2008-ci il tarixli qərarında və başqa qərarlarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borun tutulması” tələbinə dair iddia müddətini ötürdüyü üçün mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 80 manat məbləğində dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin olunmadığına görə ödənilmiş 80 manat məbləğində dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borun tutulması” tələbinə dair iddia müddətini ötürdüyü üçün mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməsindən imtina edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar