Məhkəmə qərarları › İş №e-2(017)-1661/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1661/2024

19.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1661/2024 19.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, fərdi sahibkarlıqla məşğul olur. Cavabdeh bir müddət əvvəl ona yaxınlaşaraq işi olmadığını, fermanın işlərində ona kömək edəcəyi qarşılığında ona maddi yardım etməsini xahiş etmişdir. Ona yazığı gəlmiş və yanında işlətməyə başlamışdır. Cavabdeh bütün mal-qaraya və atlara cavabdeh kimi öhdəlik daşıyırdı. xx.xx.2024-cü il tarixdə 4300 manata aldığı atı düzgün bağlamadığı səbəbindən at boğularaq ölmüşdür. Dəymiş maddi ziyanı ödəməsini tələb etsə də maddi imkanı olmadığını bildirərək məsuliyyətdən boyun qaçırmışdır. Bununla bağlı polis şöbəsinə müraciət etsə də ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Atın hazırda bazar qiyməti 5000 manatdan yüksəkdir. Lakin humanistlik edərək tələbini aşağı həddə qoymuşdur. Ona görə də cavabdehin təqsiri ucbatından tələf olmuş “Qarabağ” cinsli atın dəyəri olaraq 4000 manat pulun, 60 manat dövlət rüsumunun, 17 manat etibarnamə rüsumu və 600 manat müdafiəçiyə ödənilən qonorarın, cəmi 4677 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini, işə baxılaraq mövcud sübutlar əsasında iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, rəsmi iş yeri yoxdur. Buna baxmayaraq ailəsini dolandırmaq üçün ayrı-ayrı şəxslərə məxsus fermalarda çobanlıq və fəhləlik edir. Təsadüfən Qaliblə tanış olmuş, onun fermasında çoban işləmiş, fermasında qoyun-quzuya baxmışdır. Bu ilin ortalarında axşam tərəfi sahədən gətirərək həmişə olduğu kimi həmişə fermada bağladığı ağaca təkrarən atı kəndir ilə bağlamışdır. Səhəri gün baxanda atın öldüyünü görmüdür. Atın ölməsində onun heç bir günahı olmamışdır. İddiaçı tərəfindən atın ölümünə səbəb kimi boğulma göstərilsə də atın boğazına bağlanmış və xüsusi olaraq hazırlanmış boyunbağı onun tərəfindən hazırlanmamış və atın boğazına bağlanmamışdır. Yalnız atın ipini bağlandığı yerdən iddiaçının dediyi yerə dəyişərək bağlamışdır. Atın ölməsi səbəbi aydınlaşdırılmamış, baytar həkimin və yaxud mütəxəssisin rəyi alınmamışdır. Cavabdeh izahatına əlavə olaraq bildirdi ki, onun adından yazılmış xx.xx.2024-cü il tarixli izahatla məhkəmədə tanış olmuş, izahatda olan imza ona məxsus olsa da həmin izahat onun tərəfindən, iradəsinə və onun sözlərinə uyğun yazılmamış və ona oxunmamışdır. Ümumiyyətlə, özü latın qrafikası ilə yazıb oxumağı bacarmır. Ona polis əməkdaşı bildirdi ki, bu sənədə imza et, işi bağlayaq çıx get, sənlik bir iş yoxdur. Onu aldadaraq sənədlərə imza etdirmişlər. Həmin izahatda yazılanları təsdiq etmir. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı iddiası qeyd olunan maddi hüquq normaları baxımından baş vermiş hadisə ilə əlaqədar dəymiş ziyanın ödənilməsini tələb etmək hüququna malik olmuş və bu baxımından tələb hüququ yaranmışdır. Lakin həmin hüququn əsasında cavabdehə qarşı yönəldilmiş iddia tələbinin yol verilən olubolmaması aydınlaşdırılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Məhkəmə araşdırması zamanı İddiaçı məhkəməyə təqdim etdiyi yeganə sübut Füzuli rayon polis şöbəsində alınmış, Cavabdeh xx.xx.2024-cü il tarixli izahatı olmuşdur. Halbuki, həmin izahatda göstərilənləri cavabdeh məhkəmə iclasında təsdiq etməmişdir. Füzuli rayon polis şöbəsində Cavabdeh izahatı alınsa da sonuncunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülməsi üçün aidiyyəti üzrə hər hansı bir göstəriş və ya məlumat verilməmiş, onun barəsində hər hansı bir inzibati qaydada protokol və ya akt tərtib edilməmiş və hər hansı məhkəmə aktı olmamışdır. Halbuki, təqsirlilik yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilir ki, bunun üçün isə İddiaçı ilk öncə cavabdeh üçün mülki hüquq məsuliyyətinin yaranması, yəni əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması zəruriliyini sübut etməlidir. Qanunda iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, məhkəmə üçün hüquqi dəyərlərindirmə başa çatır. Belə olan halda isə cavabdehin dəlillərini araşdırmağa ehtiyac qalmır. Çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur, iddiaçının dəlillərinə əsasən iddia əsassız olduğuna görə təmin edilməməlidir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı iddiası qeyd olunan maddi hüquq normaları baxımından baş vermiş hadisə ilə əlaqədar dəymiş ziyanı tələb etmək hüququna malik olsa da, lakin həmin tələbi məhz Cavabdeh yönəltməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin; 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1). Zərər vurulmalıdır. 2). Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3).Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da müəyyən edilir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdır. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, atın ölməsi faktı ilə əlaqədar Cavabdeh barəsində inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı işə baxılmamış və hər hansı bir qərar qəbul olunmamışdır. Beləliklə, qanunvericilik aktının bu normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar