Məhkəmə qərarları › İş №e-2(017)-1796/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1796/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1796/2024 12.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı "xxxx" KB açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun miras qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun miras qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla mərhum Quliyev Azər Nəbi oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış 2244,3 manat əsas, 17,12 manat faiz borcun, həmçinin ödənilmiş 42,62 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının cavabdehdən "xxxx" KB ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB açıq səhmdar cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, Quliyev Azər Nəbi oğlu ilə "xxxx" KB ASC arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” ən çoxu 120 ay müddətinə, ilik faiz dərəcəsi 35 faizədək olmaq şərtilə 20000 manat məbləğədək krediti, kredit prosedurlarına görə 5 faiz (minimum 20 manat) məbləğədək, kredit müraciəti üçün 5 manat komisyon haqqı tutmaqla “Borcalan”a verə bilər. Bank bu müqavilə müddətinin sonunadək həmin Müqavilədə nəzərdə tutulmuş şərt və qaydalarla müştəriyə kredit rəsmləşdirə bilər. Bu halda müştəri hər ay kredit üzrə ödənilməli olan məbləği Banka qaytarmasını öz öhdəsinə götürür. Kreditin ayrılması şərtləri və qaydaları, kredit üzrə ödənişin hesablanmasına əsaslar bu Müqavilə ilə müəyyən edilir. Cavabdeh yuxarıda qeyd olunan kredit müqaviləsini imzalamaqla həmçinin “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə” xx.xx.2021-ci il tarixli kütləvi ofertanı (aksept) təsdiq etmişdir. İddiaçı tərəfindən cavabdehin cari hesabına xx.xx.2022-ci il tarixdə ilik 25 faiz olmaqla, 3500 manat məbləğində vəsaitin köçürülməsi barədə göndərilmiş sms mətnin surəti işə əlavə edilmişdir. Kredit müqavilənin 2.9-cu bəndinə əsasən “Borcalan” kredit üzrə faizləri bu Müqavilədə nəzərdə tutulmuş ödəmə müddətində və qaydada ödəmədikdə, fazilərin gecikdirildiyi hər gün üçün əsas borc məbləğinin qalığına ilik 40 faiz miqdarında cərimə tətbiq edilir. Kreditin qaytarılması müddətində kreditin əsas məbləği və ona hesablanmış faizlər razılaşdırılmış qrafik üzrə banka ödənməli idi. Bank üzərinə götürdüyü öhdəliyi tam icra etmişdir. Lakin borcalan Quliyev Azər Nəbi oğluna kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Quliyev Azər Nəbi oğlunun kredit müqaviləsi üzrə əsas borcu 2244,3 manat, faiz borcu 17,12 manat təşkil edir. Quliyev Azər Nəbi oğlu xx.xx.2023-cü il tarixdə ölmüşdür. Cavabdeh mərhum Quliyev Azər Nəbi oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" KB ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də Quliyev Azər Nəbi oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2244,3 manat əsas, 17,12 manat faiz borcun, həmçinin ödənilmiş 42,62 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Quliyev Azər Nəbi oğlu ilə "xxxx" KB ASC arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Quliyev Azər Nəbi oğlu "xxxx" KB ASC-dən illik 25 faizlə 3500 manat kredit almışdır. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Quliyev Azər Nəbi oğlunun xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Banka 2244,3 manat əsas, 17,12 manat faiz borcu vardır. İş materiallarında olan AZ-İİ 350606 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, borc alan Quliyev Azər Nəbi oğlu xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cu il və xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin (reyestrdə: 2V-574, 2V-643, 2V-644 nömrə ilə qeyd edilib, vərəsəlik işinin nömrəsi V-323/2024) surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş Quliyev Azər Nəbi oğlunun vərəsəsi – Cavabdeh miras əmlakdan 1/3 hissədə irs almışdır. İş materiallarında olan bildirişin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə xəbərdar olunmuşdur. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1 və 1306.2-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə təsdiq olundu ki, Quliyev Azər Nəbi oğlu ilə "xxxx" KB ASC arasında kredit müqaviləsi bağlanmışdır. Bank üzərinə düşən öhdəliyi tam yerinə yetirmiş, Quliyev Azər Nəbi oğluna qaytarmaq şərti ilə, illik 25 faiz olmaqla 3500 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərinə uyğun olaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, müəyyən edilmiş qrafik üzrə kredit borcunu banka ödəməmişdir. Quliyev Azər Nəbi oğlunun xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Banka olan əsas borcu 2244,3 manat, faiz borcu 17,12 manat təşkil edir. Quliyev Azər Nəbi oğlu xx.xx.2023-cü il tarixdə ölmüş, onun vərəsəsi - Cavabdehdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, "xxxx" KB ASC ilə Quliyev Azər Nəbi oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 2244,3 manat əsas, 17,12 manat faiz borcu, habelə ödənilmiş 42,62 manat dövlət rüsumu və 0,40 manat xidmət haqı mərhum Quliyev Azər Nəbi oğlunun vərəsəsi - Cavabdeh ona çatan miras payı həcmində tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. "xxxx" KB ASC ilə Quliyev Azər Nəbi oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 2244,3 manat əsas, 17,12 manat faiz borcu olmaqla, cəmi 2261,42 manat, habelə ödənilmiş 42,62 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı Quliyev Azər Nəbi oğlunun vərəsəsi - Cavabdeh ona çatan miras payı həcmində tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar