Məhkəmə qərarları › İş №e-2(017)-1865/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1865/2025

18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1865/2025 18.08.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 14779,82 manat əsas borc, 465,64 manat faiz borcu, cəmi 15245,46 manat borcun və ödənilmiş 135,74 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında 04 noyabr 2024-ci il tarixli, RGTK10611178C153 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh illik 17 %-lə 83 ay müddətinə 14874,99 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay bərabər məbləğdə ödəməli olduğu halda, kreditin ödənilməsini vaxtlıvaxtında aparmamış, bununlada müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. 12 may 2025-ci il tarixə Cavabdeh banka 14779,82 manat əsas borc, 465,64 manat faiz borcu, cəmi 15245,46 manat məbləğində borcu vardır. Ona görə də Cavabdeh ilə bank arasında bağlanmış 04 noyabr 2024-ci il tarixli, RGTK10611178C153 saylı elektron kredit müqaviləsi üzrə Cavabdeh 14779,82 manat əsas borc, 465,64 manat faiz borcu, cəmi 15245,46 manat məbləğində borcun və ödənilmiş 135,74 manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşdə olan 04 noyabr 2024-ci il tarixli, RGTK10611178C153 saylı elektron kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik 17 %-lə 83 ay müddətinə 14874,99 manat məbləğində kredit verilmişdir. İşdə olan 15 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 04 noyabr 2024-ci il tarixli, RGTK10611178C153 saylı elektron kredit müqaviləsi üzrə banka 14779,82 manat əsas borc, 465,64 manat faiz borcu, cəmi 15245,46 manat məbləğində borcu vardır. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 04 noyabr 2024-ci il tarixli, RGTK10611178C153 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh illik 17 %-lə 83 ay müddətinə 14874,99 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay bərabər məbləğdə ödəməli olduğu halda, kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış, bununlada müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. 12 may 2025-ci il tarixə Cavabdeh banka 14779,82 manat əsas borc, 465,64 manat faiz borcu, cəmi 15245,46 manat məbləğində borcu vardır. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 14779,82 manat əsas borc, 465,64 manat faiz borcu, cəmi 15245,46 manat məbləğində borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilərək Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 14779,82 manat əsas borc, 465,64 manat faiz borcu, cəmi 15245,46 manat məbləğində borc pul tutulmalıdır. İşdə olan 14 may 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 135,74 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 135,74 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 14779,82 manat əsas borc, 465,64 manat faiz borcu və ödənilmiş 135,74 manat dövlət rüsumu, cəmi 15381 (on beş min üç yüz səksən bir) manat 20 (iyirmi) qəpik borc pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar