Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2015/2025 02.09.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kreditin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kreditin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6652 manat əsas borc, 667,03 manat faiz borcu, 33,34 manat cərimə borcu olmaqla, cəmi 7352,37 manat məbləğində borcun, həmçinin ödənilmiş 93,93 manat dövlət rüsumunun "xxxx" KB ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC-nin xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh istehlak məqsədləri üçün illik 25 faiz ödəmək şərti ilə 45 ay müddətinə 6652 manat məbləğində kredit verilmişdir. Kreditin qaytarılması müddətində kreditin əsas məbləği və ona hesablanmış faizlər razılaşdırılmış qrafik üzrə banka ödənməli idi. Bank üzərinə götürdüyü öhdəliyi tam icra etmişdir. Lakin borcalan kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Ona bu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi icra etməmişdir. Bundan başqa, kredit müqaviləsinə əsasən, borcalan kredit üzrə əsas borc və faiz borc məbləğini banka qaytarmadıqda gecikdirilmiş borc yarandıqda əlavə olaraq banka dəbbə pulu ödəyir. Ona görə də Cavabdeh 6652 manat əsas borc, 667,03 manat faiz borcu, 33,34 manat cərimə borcu olmaqla, cəmi 7352,37 manat məbləğində borcun, həmçinin ödənilmiş 93,93 manat dövlət rüsumunun "xxxx" KB ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək onun iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh "xxxx" KB ASC-dən illik 25 faizlə 45 ay müddətinə 6652 manat kredit almışdır. Həmin müqavilənin şərtlərinə əsasən borcalan kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin 40 faizi miqdarında cərimə tətbiq edə bilər. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə xx.xx.2024-cü il tarixli 461nkİNSH/24 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh Banka əsas borcu 6652 manat, faiz borcu 667,03 manat, cərimə borcu 33,34 manat olmaqla, cəmi 7352,37 manat təşkil edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə uyğun olaraq, Cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir. "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh borcun ödənilməsini xx.xx.2025-ci il tarixdə tələb edilmiş, həmin tarixə Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə borcu ödənilməmiş 6652 manat əsas borc, 509,61 manat faiz borcu, 18,29 manat cərimə, cəmi 7179,90 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş hallarından göründüyü kimi "xxxx" Kommersiya Bankı ASC Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli, 461nkİNSH/24 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən Cavabdeh borcu könüllü ödəməsi barədə xx.xx.2025-ci il tarixə bildiriş ünvanlamışdır. Həmin tarixə Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə borcu ödənilməmiş 6652 manat əsas borc, 509,61 manat faiz borcu, 18,29 manat cərimə, cəmi 7179,90 manat təşkil etmişdir. Buna görə də Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə faiz borcunun hesablanması məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək, yəni xx.xx.2025-ci il tarixədək hesablanmalıdır. Digər tərəfdən "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı ödənilməmiş 6652 manat əsas borc, 18,29 manat cərimə borcu ilə bağlı tələbi əsaslı olsa da, iddia faiz borcuna dair digər hissədə əsassızdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 5 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməmiş 6652 manat əsas borc, xx.xx.2025-ci il tarixə hesablanmış və ödənilməmiş 509,61 manat faiz borcu, 5 manat cərimə borcu olmaqla, cəmi 7166,61 manat məbləğində pul vəsaiti tutulmalı və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən 93,93 manat dövlət rüsumu ödənmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 93,93 manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 6652 manat əsas borc, 509,61 manat faiz borcu, 5 manat cərimə borcu olmaqla, cəmi 7166,61 manat məbləğində borc, həmçinin ödənilmiş 93,93 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №e-2(017)-2015/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2015/2025
02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver