Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2233/2025 21.11.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “öhdəliyin icra edilməməsinə görə illik 5 faizlə hesablanmış 1043,7 manat məbləğin və 2087 manat dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “öhdəliyin icra edilməməsinə görə illik 5 faizlə hesablanmış 1043,7 manat məbləğin və 2087 manat dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında Bakı şəhəri 52 saylı Notariat ofisində təsdiqlənmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsi əsasında Cavabdeh xx.xx.2022-ci il tarixədək qaytarılması şərti ilə 10000 (on min) manat borc pul verilmişdir. Göstərilən məbləğ cavabdehin hesabına notariusun bankda açılan depozit hesabı vasitəsi ilə köçürülmüşdür. Cavabdeh həmin borc pul vəsaitini ona xx.xx.2022-ci il tarixədək qaytarmalı olduğu halda bunu etməmişdir. Bundan sonra onun müraciəti əsasında Bakı şəhəri, 52 saylı Notariat Ofisi tərəfindən 10000 manat pulun X2 tutulub ona ödənilməsi barədə xx.xx.2022-ci il tarixli 8İ 12534 nömrəli icra qeydi çıxarılmışdır. Həmin icra qeydi icra olunması üçün Ağcabədi rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və cavabdeh 1 dəfə - 1500,0 manat və 1 dəfə də 150,0 manat olmaqla, cəmi 1650,0 manat pul ödəmişdir. Qalan 8350,0 manat borc məbləği Cavabdeh tərəfindən indiyə kimi ödənilməmişdir. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən ona bildirilmişdir ki, borclu Cavabdeh faktiki qaldığı ünvan onlara bəlli olmadığına görə onun axtarışı ilə bağlı xx.xx.2023-cü il tarixdə Ağcabədi rayon Polis şöbəsinə məktub göndərilmiş və axtarış işi Ağcabədi rayon Polis şöbəsinin icraatındadır. Polis bölməsi ilə əlaqə saxlanılmış, məlum olmuşdur ki, Cavabdeh axtarışı ilə bağlı heç bir nəticə əldə olunmayıb. Cavabdeh və onun atası Şakir Mehtiyevlə dəfələrlə əlaqə saxlanılmış, onlar borcun ödənilməsinə vəd versələr də, bu vəd yalnız yalanlardan ibarət olmuşdur. Onda olan məlumatlara əsasən Cavabdeh Bakı şəhərində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, mal-heyvan ətinin satışı ilə məşğuldur. Ağcabədi rayon Polis şöbəsinin əməkdaşı tərəfindən ona deyilmişdir ki, Cavabdeh tutulub saxlandığı halda Ağcabədi rayon İcra və Probasiya şöbəsinə gətirilməsi mümkündür. Göründüyü kimi cavabdeh onun borcunu ödəməkdən qəsdən yayınmaqla öz hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. xx.xx.2009-cu il təvəllüdlü qızı Nağızadə Sevda talassemiyalı xəstədir və onun müalicəsi çoxlu xərc aparır. 2024-cü ildə həm qızı və həm də donor kimi isə özü əməliyyat olunub. Əgər icra sənədində göstərilən 10000 (on min) manat vəsait vaxtında ona qaytarılsa idi, borca girib yüksək faizlə başqa şəxslərdən borc pullar götürməzdi. Həmin vəsaiti ən azı 2 il 6 ay ərzində banka illik 10%-lə əmanət kimi yerləşdirsəydi, ən azı bu puldan 2087,0 manat gəlir əldə edə bilərdi. Lakin qızının müalicəsi üçün borc pullar götürməklə xeyli ziyana düşüb. Bu barədə dəfələrlə cavabdehə bildirib, lakin bunun elə bir nəticəsi olmadı. Cavabdeh pulunu əsassız olaraq özündə saxlamaqla, ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Hesab edir ki, cavabdeh ondan borc şəklində götürdüyü 10000 manat borc vəsaitinin 8350,0 manatını özündə saxlayıb vaxtında qaytarmaması, xx.xx.2022-ci ildən başlayaraq müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində həmin məbləğə illik 5%-lə faiz hesablanmaqla hazırkı tarixədək 1043,7 manat, həmçinin həmin dövr üçün cavabdeh 8350,0 manatı qanunsuz olaraq özündə saxlamaqla 2087,0 (iki min səksən yeddi manat (8350,0 x illik 10 % = 835,0 manat (1 illik faiz) 2 il 6 ay üçün =2087,0 manat məbləğində mənə ziyan vurmuşdur. Ona görə də Cavabdeh müqavilə öhdəliyininin icrasının gecikdirilməsi ilə bağlı illik 5 faiz hesablanmaqla 1043,70 manat pul vəsaitinin, habelə öhdəliyin icra edilməməsi nəticəsində 2087,0 (iki min səksən yeddi manat dəymiş ziyan məbləğinin, cəmi 3130,7 (üç min yüz otuz manat yetmiş qəpik) məbləğin və ödənilmiş 51,30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə izahat verərək bildirdi ki, Cavabdeh həbs olunması barədə onlarda heç bir məlumat olmamışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddianı qəbul etmədi və izahatında göstərdi ki, Cavabdeh onun oğludur. İddiaçı ilə Cavabdeh bir-birlərini tanımış, yaxın yoldaşlıqları olmuşdur. Cavabdeh İddiaçı aldığı pulun ödənişindən boyun qaçırmamış, əksinə həmin puldan bir neçə dəfə ödənişlər etmişdir. Barəsində olan başqa bir işlə əlaqədar olaraq hazırda həbs olunmuşdur. Ona görə də yaranmış borcundan qalan məbləğdən sonrakı vaxtlarda heç bir ödəniş edə bilməmişdir. Onun pulu qəpiyinə kimi ödəniləcəkdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli İcra qeydinin surətindən görünür ki, Cavabdeh 10000 (on min) manat məbləğində pulun alınaraq İddiaçı verilməsinə dair icra qeydi verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, "xxxx" ASC vasitəsilə N.....B.....M......oğlunun kartına 1500,00 manat pul köçürülmüşdür. İş materiallarında olan Ağcabədi rayon İcra və Probasiya şöbəsinin “borclunun axtarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, borclu Cavabdeh barəsində axtarış elan edilmiş və icra edilməsi üçün Ağcabədi rayon Polis şöbəsinə göndərilmişdir. İş materiallarında olan Ağcabədi rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, borclunun axtarılması haqqında qərar borclu Cavabdeh hal-hazırda həbsdə olduğuna görə, həmin qərar əsasında axtarış işi açılmadan geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə də həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; maddə 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Mülki Məcəllənin 445.7.-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Tərəflər arasında bağlanılmış kredit müqaviləsinin şərtlərindən də göründüyü kimi, faiz borcunun tutulması birmənalı olaraq borclunun təqsirli hərəkətləri müqabilində tətbiq edilən sanksiyadır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən suala cavab tapılması üçün hazırkı mübahisənin hallarına Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələbləri baxımından qiymət verilməlidir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən isə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: -qanunsuz saxlama; -qaytarmaqdan boyun qaçırma; -ödənilməsini digər şəkildə gecikdirmə; -başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama, Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olunduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “qanunsuz istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarına əsasən öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə mülki məsuliyyətə cəlb edilə bilməz. Qanunvericiliyin tələbinə əsasən cavabdeh ipoteka predmetini qanunsuz deyil, ondan asılı olmayan səbəbdən özündə saxladığından, qətnamənin icrası ilə bağlı icra bölməsi əməkdaşlarının ona qarşı hər hansı bir tələbi olmadığından o, iddiaçının pul vəsaitindən faydalanmamışdır. Bununla da cavabdehin hərəkətləri Mülki Məcəllənin 449-cu maddənin təsir dairəsinə düşmür. Odur ki, hazırki, mübahisələndirilən tələb üzrə əldən çıxmış faydanın, faizlərin hesablanması düzgün deyildir. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatları, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə təsdiq olundu ki, xx.xx.2022-ci il tarixli İcra qeydinə əsasən Cavabdeh 10000 (on min) manat məbləğində pulun alınaraq İddiaçı verilməsinə dair icra qeydi verilmişdir. Həmin puldan "xxxx" ASC vasitəsilə N.....B.....M......oğlunun kartına 1500,00 manat pul köçürülmüş, sonradan isə 150 manat ödəniş edilmişdir. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin “borclunun axtarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarına əsasən borclu Cavabdeh barəsində axtarış elan edilmiş və icra edilməsi üçün Ağcabədi rayon Polis şöbəsinə göndərilmişdir. Borclu Cavabdeh axtarılması haqqında qərar öyrənilərkən müəyyən olunmuşdur ki, borclu Cavabdeh hal-hazırda həbsdə olduğuna görə həmin qərar əsasında axtarış işi açılmadan geri qaytarılmışdır. Borclu Cavabdeh İcra qeydi əsasında ödənilməsi nəzərdə tutulan pulun ödənilməsindən boyun qaçırmamış, halhazırda həbsdədir, başqa sözlə qətnamənin icra olunmasında Cavabdeh heç bir təqsirli hərəkəti olmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı hazırkı tələb üzrə iddiası qanunsuz və əsasız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “öhdəliyin icra edilməməsinə görə illik 5 faizlə hesablanmış 1043,7 manat məbləğin və 2087 manat dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №e-2(017)-2233/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2233/2025
21.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver