Məhkəmə qərarları › İş №e-2(017)-2297/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2297/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2297/2023 14.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti BOKT-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5054,55 manat əsas kredit borcun, 123,69 manat faiz borcunun və ödənilmiş 71,78 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdi və izahatında göstərdi ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti BOKT-ı ilə Cavabdeh2 arasında xx.xx.2020ci il tarixli 09-T nömrəli güzəştli kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Cavabdeh2 illik 1 faizlə, 5 il müddətə 5481,76 manat kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay bərabər məbləğdə ödəməli olduğu halda, kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh2 5054,55 manat əsas kredit borcu, 123,69 manat faiz borcu olmaqla, cəmi 5178,24 manat məbləğində borcu vardır. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Ona görə də cavabdehlərdən müştərək qaydada 5054,55 manat əsas kredit borcu, 123,69 manat faiz borcu olmaqla, cəmi 5178,24 manat məbləğində borcun, həmçinin ödənilmiş 71,78 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli 09-T nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 illik 1 faizlə, 5 il müddətə 5481,76 manat kredit verilmişdir. İş materiallarında olan Zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi üzrə cavabdehlik öhdəliyini zamin Cavabdeh1 öz üzərinə götürmüşdür. İş materiallarında olan zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən borclu bank qarşısında yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə, öhdəliklərin icrası üçün zamin və borclu birgə məsuliyyət daşıyır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixə iddiaçıya olan əsas borcu 5054,55 manat, 123,69 manat faiz borcu təşkil edir. İş materiallarında olan bildirişlərin surətlərindən görünür ki, cavabdehlər borcun qaytarılması barədə xəbərdarlıq olunmuşlar. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı dövlət rüsumuna görə 71,78 manat ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 343.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.1-ci maddəsinin əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Məcəlləsinin 387.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatını, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə təsdiq olundu ki, Cavabdeh2 ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. iddiaçı üzərinə düşən öhdəliyi tam yerinə yetirmiş, Cavabdeh2 5 il müddətinə qaytarmaq şərti ilə, illik 1 faiz olmaqla 5481,76 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərinə uyğun olaraq vaxtlıvaxtında ödəniş etmədiyinə görə hazırkı vaxtadək kredit borcunu iddiaçıya ödəməmişdir. Həmçinin zamin – Cavabdeh1 ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Zamin Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi üzrə cavabdehlik öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti BOKT ilə kredit müqaviləsi bağlayarkən üzərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirmədiyindən onlardan müştərək qaydada 5054,55 manat məbləğində əsas və əsas borca hesablanmış 123,69 manat faiz borcu alınaraq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin məbləği tam təmin edildiyi üçün, ödənilmiş iddia tələbinin məbləğinə uyğun olaraq ödənilmiş 71,78 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5054,55 manat məbləğində əsas, əsas borca hesablanmış 123,69 manat faiz borcu, cəmi 5178,24 manat borc, həmçinin dövlət rüsumu kimi ödənilmiş 71,78 manat məbləğində pul alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti BOKT-nın hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar