Məhkəmə qərarları › İş №e-2(017)-495/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-495/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-495/2025 03.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh Həsənova (Abbasova) Ramilə Əli qızının iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Abbasova (Həsənova) Ramilə Əli qızına qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Abbasova (Həsənova) Ramilə Əli qızından 4871,78 manat əsas borc, 606,99 manat faiz borcu, cəmi 5478,77 manat borcun və ödənilmiş 74,79 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Abbasova (Həsənova) Ramilə Əli qızı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında 08 yanvar 2024-cü il tarixli, GTKR5728344B153 saylı elektron kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Abbasova (Həsənova) Ramilə Əli qızına illik 22,9 %-lə 35 ay müddətinə 5440 manat məbləğində kredit verilmişdir. Elektron kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay bərabər məbləğdə ödəməli olduğu halda, kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış, bununlada müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. 16 dekabr 2024-cü il tarixə cavabdeh Abbasova (Həsənova) Ramilə Əli qızının banka 4871,78 manat əsas borc, 606,99 manat faiz borcu, cəmi 5478,77 manat məbləğində borcu vardır. Ona görə də cavabdeh Abbasova (Həsənova) Ramilə Əli qızı ilə bank arasında bağlanmış 08 yanvar 2024-cü il tarixli, GTKR5728344B153 saylı elektron kredit müqaviləsi üzrə cavabdeh Abbasova (Həsənova) Ramilə Əli qızından 4871,78 manat əsas borc, 606,99 manat faiz borcu, cəmi 5478,77 manat məbləğində borcun və ödənilmiş 74,79 manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı cavabdeh Həsənova (Abbasova) Ramilə Əli qızı iddianı qəbul edərək izahatında göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış 08 yanvar 2024-cü il tarixli kredit müqaviləsinə əsasən illik 22,9 %-lə, 35 ay müddətinə 5440 manat məbləğində kredit verilmişdir. Həmin kreditdən iki ay ödəniş etmiş, lakin sonradan işdən çıxdığı üçün ödəniş edə bilməmişdir. Hazırda onun ödənilməmiş 4871,77 manat borcu vardır. Qalan borcunu hissə-hissə də olsa ödəyəcəkdir. İddianı qəbul edir və iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etirazı yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş 08 yanvar 2024-cü il tarixli, GTKR5728344B153 saylı elektron kredit müqaviləsindən görünür ki, bank tərəfindən Abbasova (Həsənova) Ramilə Əli qızına illik 22,9 %-lə 35 ay müddətinə 5440 manat məbləğində kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 24 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Abbasova (Həsənova) Ramilə Əli qızının 08 yanvar 2024-cü il tarixli, GTKR5728344B153 saylı elektron kredit müqaviləsi üzrə banka 4871,78 manat əsas borc, 606,99 manat faiz borcu, cəmi 5478,77 manat məbləğində borcu vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 27 oktyabr 2024-cü il tarixdə X2 nikaha daxil olmuş və soyadı Həsənovaya dəyişmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Həsənova (Abbasova) Ramilə Əli qızı arasında 08 yanvar 2024-cü il tarixli, GTKR5728344B153 saylı elektron kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Abbasova (Həsənova) Ramilə Əli qızına illik 22,9 %-lə 35 ay müddətinə 5440 manat məbləğində kredit verilmişdir. Elektron kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay bərabər məbləğdə ödəməli olduğu halda, kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış, bununlada müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. 16 dekabr 2024-cü il tarixə cavabdeh Abbasova (Həsənova) Ramilə Əli qızının banka 4871,78 manat əsas borc, 606,99 manat faiz borcu, cəmi 5478,77 manat məbləğində borcu vardır. Ona görə də cavabdeh Abbasova (Həsənova) Ramilə Əli qızı ilə bank arasında bağlanmış 08 yanvar 2024-cü il tarixli, GTKR5728344B153 saylı elektron kredit müqaviləsi üzrə cavabdeh Abbasova (Həsənova) Ramilə Əli qızından 4871,78 manat əsas borc, 606,99 manat faiz borcu, cəmi 5478,77 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilərək cavabdeh Həsənova (Abbasova) Ramilə Əli qızından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4871,78 manat əsas borc, 606,99 manat faiz borcu, cəmi 5478,77 manat məbləğində borc pul tutulmalıdır. İşdə olan 17 dekabr 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 74,79 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 74,79 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Həsənova (Abbasova) Ramilə Əli qızından 4871,78 manat əsas borc, 606,99 manat faiz borcu və ödənilmiş 74,79 manat dövlət rüsumu, cəmi 5553 (beş min beş yüz əlli üç) manat 56 (əlli altı) qəpik borc pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar