Məhkəmə qərarları › İş №e-2(017)-716/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-716/2024

28.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-716/2024 28.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 və iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “əmlaka vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “əmlaka vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi və izahatında göstərdi ki, 26 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi ilə hərəkətdə olan Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ kənarında dayanmış X6 avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, daha sonra isə İddiaçı ASC-yə məxsus həmin yolda “Bolmart” adlı supermarketin önündə xüsusi köşkdə quraşdırılmış A0100303 nömrəli bankomata dəyərək dayanmışdır. X1 almış olduğu xəsarətdən hadisə yerində ölmüş və Banka məxsus A0100303 nömrəli bankomata ciddi ziyan dəymişdir. Həmin bankomat Bank tərəfindən quraşdırılmış xəbərverici sistemdən həyəcan siqnalı daxil olmuş və hadisə ilə əlaqədar növbətçi hissənin əməkdaşları dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verilmişdir. Bank əməkdaşları da dərhal hadisə yerinə getmiş və bankomat köşklə birlikdə bankın xüsusi mühafizə olunan müvafiq yerinə daşınmışdır. Qeyd olunan fakta görə Sabunçu rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X5 tərəfindən xx.xx.2022-ci il tarixli qərar ilə cinayət işi başlanmış, müvafiq araşdırma aparılmış və cinayət Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-336/23 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrin idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarından əldə edilmiş fotoşəkillərdən görünür ki, Cavabdeh idarə etdiyi Toyota Prius” markalı, 90 -LY-866 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-yə məxsus köşkdə quraşdırılmış A0100303 saylı bankomata dəymiş, köşk bankomat ilə birlikdə aşmışdır. Cinayət işinin materiallarından əldə edilmiş şahidi dindirmə protokolundan da görünür ki, şahid X7 ifadəsində bildirmişdir ki, Toyota Prius” markalı, 90 -LY-866 dövlət qeydiyyat nişanlı avtomobil səkidə dayanmış piyadanı vurmuş daha sonra isə yolun qırağında quraşdırılmış pul aparatına dəyərək dayanmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-336/23 nömrəli xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, X7 məhkəmə iclasında da həmin məzmunda ifadə vermişdir. Göründüyü kimi, cavabdehin əməli nəticəsində Banka məxsus xüsusi köşkdə quraşdırılmış A0100303 saylı bankomat, yəni Bankın əmlakına zərərin vurulması cinayət işinin materialları sübuta yetirilmişdir. Banka məxsus xüsusi köşkdə quraşdırılmış A0100303 saylı bankomat yararsız vəziyyətə düşdüyü üçün həmin bankomatın bərpası və təmiri ilə əlaqədar mütəxəssislərə müraciətlər edilmiş və müəyyən edilmişdir ki, Banka xəbərverici sistemə görə 128,86 Avro, köşkə görə 5392,60 manat və bankomata görə 12078,36 Avro məbləğində ziyan dəymişdir. Belə ki: X2 Cəmiyyətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 19 oktyabr 2021-ci il tarixli FC-MS-0816 nömrəli alqı-satqı Xidmət üzrə çərçivə müqaviləsinə əsasən ATM köşkü (çöl üçün, 1 ATM-lik) üçün ƏDV xaric 4570 manat olması təsdiq edilmişdir. ƏDV daxil həmin qiymət 5392,60 manat 60 qəpik) təşkil edir. ƏDV – 4570*18% = 822,60 4570 + 822, 60 = 5392, 60. “A + A Security” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli kommersiya təklifi məktubundan görünür ki, xəbərverici sistemə görə video kameralı hərəkət sensorunun – İMVA200 qiyməti ƏDV daxili 128,86 Avro təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli qiymət təklifi məktubundan görünür ki, bankomatın bərpası üçün tələb edilən ehtiyat hissələrinin qiyməti ƏDV daxili 12078,36 Avro təşkil edir. Göründüyü kimi, Bank tərəfindən qeyd olunan köşkün və həmin köşkdə yerləşən bankomatın əvvəlki vəziyyətinə qaytarılması, yəni bərpası və təmiri üçün xəbərverici sistemə görə 128,86 Avro, köşkə görə 5392,60 manat və bankomata görə 12078,36 Avro məbləğində pul vəsaiti ödənilməlidir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin əməli nəticəsindən Banka həmin məbləğlərdə maddi ziyan dəymişdir. Ona görə də Cavabdeh maddi zərərə görə - xəbərverici sistemə görə 128,86 Avro, köşkə görə 5392,60 manat və bankomata görə 12078,36 Avro məbləğində pul vəsaitinin alınaraq İddiaçı ASC-nin bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli hökmün surətindən görünür ki, 26 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi ilə hərəkətdə olan Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ kənarında dayanmış X6 avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, daha sonra isə İddiaçı ASC-yə məxsus həmin yolda “Bolmart” adlı supermarketin önündə xüsusi köşkdə quraşdırılmış A0100303 nömrəli bankomata dəyərək dayanmışdır. X1 almış olduğu xəsarətdən ölmüş və Banka məxsus A0100303 nömrəli bankomata ciddi ziyan dəymişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-336/23 nömrəli xx.xx.2023cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrin idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “A + A Security” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş qüsur aktının surətindən görünür ki, bankomat üçün simsiz video təsdiqli mühafizə xəbərdarlıq sisteminə baxış keçirilmiş, baxış zamanı İMVA-200 video kameralı hərəkət sensoru fiziki müdaxilə nəticəsində sıradan çıxıb, təmirə yarasızdır və əvəz edilməsi tələb olunur. İş materiallarında olan “A + A Security” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli kommersiya təklifi məktubundan görünür ki, xəbərverici sistemə görə video kameralı hərəkət sensorunun – İMVA200 qiyməti ƏDV daxili 128,86 Avro təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş qüsur aktının surətindən görünür ki, avtomobil qəzasına uğramış 1 ədəd ATM köşkünə baxış keçirilmiş və qəza nəticəsində həmin ATM köşkünün tam yararsız vəziyyətə düşməsi aydın olmuşdur. Buna görə də müvafiq ATM köşkü yenisi ilə əvəz olunmalıdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 19 oktyabr 2021-ci il tarixli FC-MS-0816 nömrəli alqısatqı/Xidmət üzrə çərçivə müqaviləsinə əsasən “ATM köşkü” (çöl üçün, 1 ATM-lik) üçün 4570 manat (ƏDV xaric) qiymət təsdiq edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi xx.xx.2022-ci il tarixli dəymiş ziyan aktının və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli qiymət təklifinin surətindən görünür ki, İddiaçı ASC-yə məxsus A0100303 nömrəli bankomatın avtoqəza nəticəsində 12 adda ehtiyat hissələri sıradan çıxmışdır. Bankomatın bərpası üçün tələb edilən ehtiyat hissələrinin qiyməti 12078,36 Avro (ƏDV 18 faiz daxili) təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 26 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi ilə hərəkətdə olan Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ kənarında dayanmış X6 avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, daha sonra isə İddiaçı ASC-yə məxsus həmin yolda “Bolmart” adlı supermarketin önündə xüsusi köşkdə quraşdırılmış A0100303 nömrəli bankomata dəyərək dayanmışdır. X1 almış olduğu xəsarətdən ölmüş və Banka məxsus A0100303 nömrəli bankomata ciddi ziyan dəymişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-336/23 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrin idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “A + A Security” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bankomat üçün simsiz video təsdiqli mühafizə xəbərdarlıq sisteminə baxış keçirilmiş, baxış zamanı İMVA-200 video kameralı hərəkət sensoru fiziki müdaxilə nəticəsində sıradan çıxması, təmirə yarasız olması və əvəz edilməsi müəyyən edimişdir. Xəbərverici sistemə görə video kameralı hərəkət sensorunun – İMVA200 qiyməti ƏDV daxili 128,86 Avro təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən avtomobil qəzasına uğramış 1 ədəd ATM köşkünə baxış keçirilmiş və qəza nəticəsində həmin ATM köşkünün tam yararsız vəziyyətə düşməsi və ATM köşkünün yenisi ilə əvəz olunması müəyyən edilmişdir. 19 oktyabr 2021-ci il tarixli FC-MS-0816 nömrəli alqı-satqı/Xidmət üzrə çərçivə müqaviləsinə əsasən “ATM köşkü” (çöl üçün, 1 ATM-lik) üçün 4570 manat (ƏDV xaric) qiymət təsdiq edilmiş, ƏDV – 4570*18% = 822,60; 4570 + 822, 60 = 5392, 60 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi dəymiş ziyan aktı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qiymət təklifi ilə İddiaçı ASC-yə məxsus A0100303 nömrəli bankomatın avtoqəza nəticəsində 12 adda ehtiyat hissələrinin sıradan çıxması və bankomatın bərpası üçün tələb edilən ehtiyat hissələrinin qiyməti 12078,36 Avro (ƏDV 18 faiz daxili) təşkil etməsi müəyyən olunmuşdur. Cavabdeh vurduğu ziyan bu günədək İddiaçı ASC-yə ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası CPM-nin 179.4-ü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyasıya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1). Zərər vurulmalıdır. 2). Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3).Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli. 07 nömrəli qərarının 2-ci bəndində Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələbinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, Cavabdeh əmlaka vurulmuş maddi zərərin əvəzi olaraq xəbərverici sistemə görə 128,86 avro, bankomatın quraşdırıldığı köşkə görə 5392,60 manat, bankomata görə 12078,36 avro, həmçinin dövlət rüsumuna görə ödənilmiş 173,65 manat məbləğində pul vəsaiti (ödəniş Azərbaycan Respublikası Mərkəzi Bankının ödəmə gününə təyin etdiyi rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə həyata keçirilir) alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyi üçün Cavabdeh dövlət rüsumuna görə ödənilmiş 173,65 manat məbləğində pulun əvəzi alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-ci maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh əmlaka vurulmuş maddi zərərin əvəzi olaraq - xəbərverici sistemə görə 128,86 avro, bankomatın quraşdırıldığı köşkə görə 5392,60 manat, bankomata görə 12078,36 avro, həmçinin dövlət rüsumuna görə ödənilmiş 173,65 manat məbləğində pul vəsaitinin əvəzi (ödəniş Azərbaycan Respublikası Mərkəzi Bankının ödəmə gününə təyin etdiyi rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə həyata keçirilir) alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar