Məhkəmə qərarları › İş №e-2(017)-916/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-916/2024

09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-916/2024 09.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı ləğv prosesində olan Zaminbank ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi, xərclərin əvəzinin alınması, əmlakların açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin ödənişə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan Zaminbank ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi, xərclərin əvəzinin alınması, əmlakların açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin ödənişə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş 22 iyul 2016-cı il tarixli, 2-1(81)-3620/2016 nömrəli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən Zaminbank ASC ləğv edilmiş, Zaminbank ASC-yə 24 iyul 2016-cı il tarixdən ləğvedici qismində Əmanətlərin Sığortalnması Fondu təyin edilmişdir. İddiaçı Ləğv prosesində olan Zaminbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddianı onunla əsaslandırmışdır ki, Həsənov X1 ASC-nin Ağcabədi filialı ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli 7527 nömrəli kredit müqaviləsinə əsasən illik 28 faizlə, 24 ay müddətinə 15000 manat məbləğində kredit almışdır. Bu borcun, təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan Ağcabədi şəhəri 28 may küçəsi ev 29-da 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 129,3 kv.m olan fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Kredit müqaviləsinin 2.5-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin aylıq ödənişinin 0,1 faiz həcmində dəbbə pulu tələb edir. Cavabdeh1 banka 7573,29 manat məbləğində əsas, 1538,28 manat məbləğində faiz, 5389,66 manat cərimə və 1128,75 manat gecikdirilən vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 15630,98 manat məbləğində borcu yaranmışdır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətlərini bildirmir. Ona görə də Cavabdeh1 iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli 7527 nömrəli kredit müqaviləsinə əsasən 7573,29 manat məbləğində əsas, 1538,28 manat məbləğində faiz, 5389,66 manat cərimə və 1128,75 manat gecikdirilən vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 15630,98 manat məbləğində borc və 137 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını; borcun əvəzi Ağcabədi şəhəri 28 may küçəsi ev 29-da 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 129,3 kv.m olan fərdi yaşayış evinə yönəldilməsini, əldə olunmuş vəsait hesabına borcun ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, 7527 nömrəli kredit müqaviləsindən görünür ki, Zaminbank ASC-nin Ağcabədi filialı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 28 faizlə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli, 7527 nömrəli kredit müqaviləsinin təminatı olaraq Ağcabədi şəhəri 28 may küçəsi ev 29-da 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 129,3 kv.m olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Tərəflərin razılığına əsasən ipoteka predmeti 24000 manat məbləğində qiymətləndirilmişdir. Tərəflər bu barədə müqaviləyə 2.5 bəndi əlavə etmişlər. İş materiallarında olan sənədlərdən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı Çıxarışdan görünür ki, Ağcabədi şəhəri 28 may küçəsi ev 29-da 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 129,3 kv.m olan fərdi yaşayış evi xx.xx.2014cü il tarixli kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və qeydiyyata alınmışdır. İş materiallarında olan Ləğv prosesində olan Zaminbank ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 6 saylı Ərazi İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, “İpoteka predmetinə tutmanın yönəldilməsi” haqqında bildirişlərin Azərbaycan Respublikasının İpoteka haqqında qanunun 36-cı maddəsində göstərilən qaydada qeydə alınması xahiş olunmuş və həmin ərizə 6 saylı Ərazi İdarəsində qeydiyyatdan keçmişdir. İş materiallarında olan Zaminbank açıq səhmdar cəmiyyətinin 22 yanvar 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixə kredit müqaviləsi üzrə banka 7573,29 manat əsas, 1538,28 manat faiz, 5389,66 manat cərimə və 1128,75 manat gecikdirilən vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 15630,98 manat məbləğində borcu vardır. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı dövlət rüsumuna görə 137 manat ödəmişdir. İş materiallarında olan elektron sistemdən alınmış məlumatın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən hakim iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 öldüyünə və barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verilmədiyinə görə iddia tələbi ona aid hissədə xitam verilməlidir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Zaminbank ASCnin Ağcabədi filialı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, 7527 nömrəli kredit müqaviləsinin bağlanması, onun bankdan 24 ay müddətinə 15000 manat məbləğində kredit alması, kreditdən istifadəyə görə illik 28 faiz ödəməyi öhdəsinə götürməsi, onun müqavilə öhdəliklərini yerinə yetirməməsi və hazırda Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 7527 nömrəli kredit müqaviləsi üzrə 7573,29 manat əsas, 1538,28 manat faiz, 5389,66 manat cərimə borcunun qalması sübuta yetir. Məhkəmə hesab edir ki, Cavabdeh1 banka olan 7573,29 manat məbləğində əsas kredit borcu üzrə 5389,66 manat məbləğində dəbbə pulu hesablaması ədalətli deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə almaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Qeyd edilənlərə əsasən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini və cəmiyyətin ümumi maraqlarının tələbləri ilə borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığını nəzərə alaraq, məhkəmə hesab edir ki, tələb edilən 5389,66 manat cərimə növündə dəbbə pulu tələbi qismən təmin edilməklə, cavabdehdən 500 manat məbləğində cərimə növündə dəbbə pulu alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 310-cu maddəsinə əsasən eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Yenə də həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. "İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.2-cü maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan iddiasının əldən çıxmış faydaya görə pulun alınıb verilməsinə dair hissəsində (kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün illik 05 (beş) faizlə hesablanmış 1128,75 manat məbləğində əldən çıxmış fayda hissəsində) iddiaçı həmin halları təsdiq edən mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin məbləği 15630,98 manat olduğu bu tələb 9611,57 manat (əsas borc 7573,29 manat + 1538,28 manat müqavilə müddəti üçün hesablanmış faiz + 500 manat cərimə (dəbbə)) məbləğində təmin edildiyi üçün, ödənilmiş iddia tələbinin məbləğinə uyğun olaraq ödənilmiş 116,11 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Həsənov X1 ASC ilə xx.xx.2014-cü il tarixli, 7527 nömrəli kredit müqaviləsi bağlayarkən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən ipoteka ilə yüklü edilmiş Ağcabədi şəhəri 28 may küçəsi ev 29-da 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 129,3 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 24000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılaraq satışdan əldə edilən puldan Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 7527 nömrəli kredit müqaviləsi üzrə 7573,29 manat əsas, 1538,28 manat faiz, 500 manat cərimə borcu, həmçinin 116,11 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 7527 nömrəli kredit müqaviləsi üzrə 7573,29 manat əsas, 1538,28 manat faiz, 500 manat cərimə olmaqla, cəmi 9611,57 manat borc, həmçinin 116,11 manat dövlət rüsumunun əvəzi alınaraq Ləğv prosesində olan Zaminbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanma Fonduna ödənilsin. İddia tələbinə Cavabdeh2 aid hissədə xitam verilsin. Tutma ilkin satış qiyməti 24000 manat müəyyən edilməklə, ipoteka predmeti olan Ağcabədi şəhəri 28 may küçəsi ev 29-da 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 129,3 kv.m olan fərdi yaşayış evinə yönəldilsin. Həmin ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlak açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan puldan Cavabdeh1 borcu ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar