Məhkəmə qərarları › İş №e-2(018)-1023/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1023/2024

04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1023/2024 04.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X2 iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı «borc tələbinə» dair iddia verərək, Cavabdeh iddiaçının xeyrinə 1600 (min altı yüz) manat əsas borc, 239 (iki yüz otuz doqquz) manat 97 (doxsan yeddi) qəpik faiz borcu, 25 (iyirmi beş) manat cərimə borcu olmaqla, cəmi 1864 (min səkkiz yüz altmış dörd) manat 97 (doxsan yeddi) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 39 (otuz doqquz) manat 05 (beş) qəpik məbləğində pul vəsaitinin iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, cavabdeh xx.xx.2022-ci il tarixində müvafiq Ərizə-Anket və İmza nümunəsi formasını imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin təqdim edilməsinə dair ümumi oferta” ilə, barəsində məlumatların Asan-Finans portalından və Kredit Bürosundan əldə olunması və ötürülməsi ərizələri ilə mobil əlavədə tanış olduğunu, elektron formada analoq imza ilə və razılaşdığını təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 5.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdeh üçün xx.xx.2023-ci il tarixində xx.xx.2026-cı il tarixədək illik 27.6 (aylıq 2.3)% olmaqla 1600 AZN kredit xətti açılmış, məbləğ cavabdehin ödəniş kartına köçürülmüşdür (Kredit xətti № AGİD**********6). X1 5.3-cü bəndində kreditin məqsədli təyinatı istehlakdır. Ümumi Ofertanın 5.7.4-cü bəndinə əsasən əgər borcalan ödəmə müddətinin sonunadək ən azı öhdəliyini minimal ödənişlə icra etməsə, növbəti gündən etibarən öhdəlik gecikdirilmiş hesab edilir və öhdəliyin icra edilməməsinə görə tariflərdə nəzərdə tutulmuş birdəfəlik dəbbə pulu və minimal ödəniş məbləğinin gecikdirilmiş hissəsinə illik 180%-lə cərimə tətbiq edilir. Həmin ofertanın 5.7.5-ci bəndinə əsasən Borcalanın minimal aylıq ödəniş məbləği bank tərəfindən müəyyən olunur və bu məbləğ müqavilə üzrə öhdəliyin ümumi həcmindən artıq ola bilməz. Minimal ödəniş məbləğinin həcmi barədə məlumat “sayt”da və mobil əlavədə tariflərin yerləşdirildiyi siyahıda göstərilir. İlk minimal ödəniş məbləği güzəşt müddəti ərzində xətdən istifadə olunan aydan sonrakı ayın ilk günü formalaşır və bu məbləğ həmin ayın son günündə saat 23:55-dək borcalan tərəfindən ödənilməlidir. Bu müddət ərzində borcalan tam ödəniş də edə bilər. Tam ödəniş dedikdə, kredit xəttinin istifadə olunmuş hissəsinin ümumi məbləği başa düşülür. Ofertanın 5.7.13-cü bəndə əsasən Borcalan minimal ödəniş məbləğinin ödənilməsini gecikdirdikdə, Bank aşağıdakı qaydada cərimə faizlərindən əlavə olaraq birinci təqvim ayı 5 manati ikinci təqvim ayından başlayaraq dördüncü təqvim ayınadək hər ay üçün 10 manat birdəfəlik cərimə (dəbbə pulu) tətbiq edir. Həmçinin müqavilənin 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Kredit məbləğinin borclunun hesabına köçürülməsi barədə sms mətnin surəti işə əlavə edilmişdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1600 AZN əsas, 239,97 AZN faiz, 25 AZN cərimə, cəmi 1864,97 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 39.05 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE******** seriya və nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1993-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizə-anket və imza nümunəsi formasından görünür ki, "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin təqdim edilməsinə dair ümumi oferta” ilə, barəsində məlumatların Asan-Finans portalından və kredit bürosundan əldə olunması və ötürülməsi ərizələri ilə mobil əlavədə tanış olduğunu, elektron formada analoq imza ilə və razılaşdığını təsdiq (aksept) etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli AGİD**********6 saylı kredit müqaviləsi üzrə Unibank” KB ASC-nə 1600 (min altı yüz) manat əsas borc, 239 (iki yüz otuz doqquz) manat 97 (doxsan yeddi) qəpik faiz borcu, 25 (iyirmi beş) manat cərimə borcu olmaqla, cəmi 1864 (min səkkiz yüz altmış dörd) manat 97 (doxsan yeddi) qəpik borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli AGİD**********6 saylı müqavilə əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun banka yaranmış borcun məbləği və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 39 (otuz doqquz) manat 05 (beş) qəpik dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 25 (iyirmi beş) manat məbləğində cərimə pulu azaldılaraq 2 (iki) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia qismən təmin edilərək yaranmış 1600 (min altı yüz) manat əsas borc, 239 (iki yüz otuz doqquz) manat 97 (doxsan yeddi) qəpik faiz borcu və 2 (iki) manat cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 39 (otuz doqquz) manat 05 (beş) qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 1600 (min altı yüz) manat əsas borc, 239 (iki yüz otuz doqquz) manat 97 (doxsan yeddi) qəpik faiz borcu, 02 (iki) manat cərimə borcu və dövlət rüsumu olaraq ödənilmiş 39 (otuz doqquz) manat 05 (beş) qəpik məbləğində pul vəsaiti alınıb iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar