Məhkəmə qərarları › İş №e-2(018)-1130/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1130/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1130/2024 08.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMC Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «kredit borcunun qaytarılması» barədə iddia verərək, Cavabdeh 1100 (min yüz) manat əsas kredit borcu, 30 (otuz) manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 1130 (bir min yüz otuz) manat borcun və 31 (otuz bir) manat 30 (otuz) qəpik dövlət rüsumunun alınıb "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə İ/557-R saylı Kredit (Restrukturizasiya) müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, bu Müqavilə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən, Kreditor borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədilə 1783.16 (bir min yeddi yüz səksən üç, 16) manat məbləğində kredit vermişdir. Bundan başqa, həmin bəndə əsasən, Borclu verilmiş krediti və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilən ödəniş cədvəli üzrə kreditora ödəmək öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlanan andan Cavabdeh üzərinə götürdüyü öhdəliyin məsuliyyəti ona izah edilmişdir. Məsuliyyətin izah edilməsinə baxmayaraq, borclu krediti götürdüyü tarixdən etibarən aylıq verməli olduğu kredit borcunda müəyyən gecikmələr olmuşdur. Tərəflərindən borclu ilə əlaqə saxlamalarına baxmayaraq, bu günə qədər borclu tərəfindən kredit borcu ödənilməmişdir. Borclunun "xxxx" MMC-yə cari dövrdə kredit müqaviləsi öhdəlikləri üzrə xx.xx.2024-cü il tarixinə 1100 manat əsas, 30 manat faiz, ümumilikdə 1130 (bir min yüz otuz) manat borcu yaranmışdır. Azərbaycan Respublikasının qanunverciliyinə görə müqavilə şərtləri bu müqaviləni bağlayan tərəflər üçün icrası məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Lakin, İ/557-R saylı Kredit (Restrukturizasiya) kredit müqaviləsinə əsasən borcluların ödəniş planı üzrə ödənişi vaxtında və lazımi qaydada etmədiyinə görə, ödəniş planı üzrə ödənilməli məbləği nəzərdə tutulmuş qaydalara əsasən ondan tələb etmək məqsədə uyğundur. Cavabdeh İ/557-R saylı Kredit (Restrukturizasiya) müqaviləsi üzrə 1100 manat əsas, 30 manat faiz, ümumilikdə 1130 (bir min yüz otuz) manat məbləğində borcun, həmçinin məhkəmə üçün ödənilmiş 31.30 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş İ\557-R saylı 29 may 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən müqavilə üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə Cavabdeh 12 (on iki) ay güzəşt müddət olmaqla 60 (altmış) ay müddətinə illik 1% (bir faiz) kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 1783 (min yeddi yüz səksən üç) manat 16 (on altı) qəpik məbləğində güzəştli kredit verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankın xx.xx.2013-cü il tarixli 06-00201-2013 saylı xüsusi razılıq (Lisenziya) sənədinin surətindən görünür ki, həmin lisenziya "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə təminatlı və təminatsız kreditlərin verilməsi, habelə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olmaq hüququ vermişdir. Həmçinin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin girov əmanəti qəbul etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş AZE13178761 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1978-ci ildə Astara rayonu, Seləkəran kəndində anadan olmuşdur. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli arayış sənədindən görünür ki, Cavabdeh banka İ\557-R saylı 29 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1100 (min yüz) manat əsas kredit borcu, 30 (otuz) manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 1130 (bir min yüz otuz) manat borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq sənədindən görünür ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqavilə əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun yaranmış borcunun məbləği və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********08 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı « "xxxx" MMC məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 31 (otuz bir) manat 30 (otuz) qəpik dövlət rüsumu ödəmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçı "xxxx" MMC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia tələbi təmin edilməli, İ\557-R saylı 29 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 1100 (min yüz) manat əsas kredit borcu, 30 (otuz) manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 1130 (bir min yüz otuz) manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 31 (otuz bir) manat 30 (otuz) qəpik dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh İ\557-R saylı 29 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1100 (min yüz) manat əsas kredit borcu, 30 (otuz) manat kreditdən istifadəyə görə faiz borcu, cəmi 1130 (bir min yüz otuz) manat məbləğdə borc və 31 (otuz bir) manat 30 (otuz) qəpik məbləğində ödənilmiş dövlət rüsumu tutulub "xxxx" MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar