Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1136/2023 04.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsi, hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Valiəddin oğluna qarşı “Pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətli şəxsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Valiəddin oğluna qarşı “Pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Valiəddin oğlundan müştərək qaydada 1417 (bir min dörd yüz on yeddi) manat, 55 (əlli beş) qəpik məbləğində maddi zərərin və iddiaçı tərəfindən ödənilmiş 34 (otuz dörd) manat, 20 (iyirmi) qəpik məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətli şəxsinin imzaladığı iddia ərizəsindən məlum olur ki, «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 iyul 2013-ci il il tarixli, 212/66122 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 18% dərəcəsi, 36 ay müddətinə 7500 (yeddi min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 Valiəddin oğlu zaminlik müqaviləsinə əsasən kreditor qarşısında digər cavabdehlə birlikdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə Astara Rayon Məhkəməsinin 17 oktyabr 2014-cü il tarixli, 2(018)-1124/2014 saylı məhkəmə əmrinə əsasən Cavabdeh1 və Cavabdeh2 Valiəddin oğlundan müştərək qaydada 6522, 87 manat əsas, 167,41 manat faiz borcu və 11 manat cərimə olmaqla, cəmi 7366,72 manat məbləğində pulun alınması müəyyən edilmişdir. İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanan 14 dekabr2016-cı il tarixli hüquqi xidmət haqqında müqaviləyə əsasən Astara Rayon Məhkəməsinin 17 oktyabr 2014-cü il tarixli, 2(018)-1124/2014 saylı məhkəmə əmrinə əsasən müəyyən edilmiş pul məbləğini Cavabdeh1 və Cavabdeh2 Valiəddin oğlundan müştərək qaydada alınmasını təmin etmişdir. Buna görə də "xxxx" MMC-yə 1417 (bir min dörd yüz on yeddi) manat, 55 (əlli beş) qəpik məbləğində pul ödənilmişdir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh1 Cavabdeh2 Valiəddin oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələri səbəbi barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 iyul 2013-ci il il tarixli, 212/66122saylı kredit müqaviləsindən və məxaric orderindən məlum olur ki, Cavabdeh1 illik 18% dərəcəsi, 36 ay müddətinə 7500 (yeddi min beş yüz) manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanan 14 dekabr2016-cı il tarixli hüquqi xidmət haqqında müqaviləsindən məlum olur ki, "xxxx" MMC «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin borclarının qaytarılmasını təmin edəcəkdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 34 (otuz dörd) manat, 20 (iyirmi) qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına müvafiq olaraq hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MM-in 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 233-cü maddələrinə əsasən QƏT ETDİ: İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Valiəddin oğluna qarşı “Pul tələbinə dair” iddiası təmin edilsin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Valiəddin oğlundan müştərək qaydada 1417 (bir min dörd yüz on yeddi) manat, 55 (əlli beş) qəpik məbləğində pul iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəməyə iddia ərizəsinin verilməsinə görə «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumuna görə 34 (otuz dörd) manat, 20 (iyirmi) qəpik məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Valiəddin oğlundan müştərək qaydada iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(018)-1136/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1136/2023
04.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver