Məhkəmə qərarları › İş №e-2(018)-1171/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1171/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1171/2024 14.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «borc qaytarılması tələbinə» dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı «borc tələbinə» dair iddia verərək, Cavabdeh iddiaçının xeyrinə 2498 (iki min dörd yüz doxsan səkkiz) manat 50 (əlli) qəpik əsas borc, 341 (üç yüz qırx bir) manat 56 (əlli altı) qəpik faiz borcu, 20 (iyirmi) manat 96 (doxsan altı) qəpik cərimə borcu olmaqla, cəmi 2861 (iki min səkkiz yüz altmış bir) manat 02 (iki) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 49 (qırx doqquz) manat 02 (iki) qəpik məbləğində pul vəsaitinin iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1552nkNFT/23 saylı Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən iddiaçı xx.xx.2027-ci il tarixinədək, illik 25% ödəmək şərtilə 2564 AZNməbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh yuxarıda qeyd olunan kredit müqaviləsini imzalamaqla həmçinin “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə” xx.xx.2021-ci il tarixli kütləvi ofertanı (aksept) təsdiq etmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı digər kredit müqaviləsinin bağlanmasıdır. Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə üzrə ayrılmış kredit borcalanın digər kredit müqaviləsi üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun cari hesabından Bank tərəfindən akseptsiz qaydada silinmişdir. Kreditin Bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nağd qaydada hesabdan məxaric edilməsini istisna edir. Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2498,5 AZN əsas, 341,56 AZN faiz, 20,96 AZN cərimə, cəmi 2861,02 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 49.02 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1552nkNFT/23 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" KB ASC cavabdehin xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə qalıq borcunun bağlanması üçün 48 ay müddətinə illik 25% (iyirmi beş faiz) ödəmək şərtilə 2563 (iki min beş yüz altmış dörd) manat krediti cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. İş materiallarına əlavə edilmiş AA******* seriya və nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 1552nkNFT/23 saylı kredit müqaviləsi üzrə Unibank” KB ASC-nə 2498 (iki min dörd yüz doxsan səkkiz) manat 50 (əlli) qəpik əsas borc, 341 (üç yüz qırx bir) manat 56 (əlli altı) qəpik faiz borcu, 20 (iyirmi) manat 96 (doxsan altı) qəpik cərimə borcu olmaqla, cəmi 2861 (iki min səkkiz yüz altmış bir) manat 02 (iki) qəpik borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1552nkNFT/23 saylı müqavilə əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun banka yaranmış borcun məbləği və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 49 (qırx doqquz) manat 02 (iki) qəpik dövlət rüsumu ödəmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçı “X2” ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı “X2” ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 20 (iyirmi) manat 96 (doxsan altı) qəpik cərimə pulu azaldılaraq 2 (iki) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia qismən təmin edilərək yaranmış 2498 (iki min dörd yüz doxsan səkkiz) manat 50 (əlli) qəpik əsas borc, 341 (üç yüz qırx bir) manat 56 (əlli altı) qəpik faiz borcu və 2 (iki) manat cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 49 (qırx doqquz) manat 02 (iki) qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 2498 (iki min dörd yüz doxsan səkkiz) manat 50 (əlli) qəpik əsas borc, 341 (üç yüz qırx bir) manat 56 (əlli altı) qəpik faiz borcu və 02 (iki) manat cərimə borcu və dövlət rüsumu olaraq ödənilmiş 49 (qırx doqquz) manat 02 (iki) qəpik məbləğində pul vəsaiti alınıb iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar