Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1353/2025 02.03.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahir Zahir oğlunun katibliyi ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 008R********** saylı krеdit razılaşması üzrə 6246.86 manat krеdit bоrcu, 1060.56 manat faiz bоrcu və 358.56 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7665 (yedi min altı yüz altmış beş) manat 98 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 96.66 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kreditor İddiaçı QSC ilə kredit alan Talıbov Əzacəddin Tacəddin oğlu və zaminlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023cü il tarixli, 008L**********48 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Talıbov Əzacəddin Tacəddin oğluna 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Talıbov Əzacəddin Tacəddin oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 008R********** saylı kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10500 (on min beş yüz) manat məbləğində krеdit götürmüşdür. Talıbov Əzacəddin Tacəddin oğlu uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Talıbov Əzacəddin Tacəddin oğlu götürdüyü krеdit bоrcundan 4253.14 manat ödəmiş, onun 6246.86 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Talıbov Əzacəddin Tacəddin oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 288 gün üçün hesablanmış faiz borcu 1060.56 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 288 gün üçün hеsablanmış cərimə 358.56 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Talıbov Əzacəddin Tacəddin oğlu vəfat etmiş, onun vərəsələrinin müəyyən edilməsi üçün dövlət orqanlarına sorğular verilmişdir. Sorğulara cavab olaraq mərhum Talıbov Əzacəddin Tacəddin oğlunun mülkiyyətində daşınar əmlakın olmadığı və vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Talıbov Əzacəddin Tacəddin oğlunun mülkiyyətində daşınmaz əmlak - torpaq sahəsinin olduğu və həmin torpaq sahəsinin mərhumun həyat yoldaşı Cavabdeh2 istifadəsində olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Göründüyü kimi, Talıbov Əzacəddin Tacəddin oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsəsinə və zaminə qarşı tələb hüququ yaranması üçün əsasdır. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, həqiqətən də mərhum X4 Tacəddin oğlu "xxxx" QSC-dən kredit götürmüş, oda həmin kreditin götürülməsinə zamin olmuşdur. X4 Tacəddin oğlu xx.xx.2024-cü il tarixdə ölmüşdür. Həmin tarixdən də mərhum atasının "xxxx" QSCdən götürdüyü kredit ödənilməmişdir. Məhkəmə iclasında Cavabdeh2 digər Cavabdeh1 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə cavabdehləri dinləyib, iddianın dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 008R********** saylı uzunmüddətli kredit və təminat müqaviləsindən görünür ki, Talıbov Əzacəddin Tacəddin oğluna 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmış, Cavabdeh2 və Cavabdeh1 həmin müqavilə üzrə zamin olmuşlar. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 008R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmadan görünür ki, "xxxx" QSC ilə Talıbov Əzacəddin Tacəddin oğlu arasında 36 ay müddətinə, illik faiz dərəcəsi 25% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 10500 (on min beş yüz) manat məbləğində krеdit verilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli hesab üzrə çıxarışdan görünür ki, 10500 manat kredit Talıbov Əzacəddin Tacəddin oğlunun hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Ödəniş cədvəlindən görünür ki, Talıbov Əzacəddin Tacəddin oğlu 32 ay müddətinə hər ay 421 manat sonuncu ay 422.15 manat olmaqla, 10500 manat əsas, 4657.15 manat faiz, cəmi 15157.15 manat məbləğində pulu ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Talıbov Əzacəddin Tacəddin oğlunun xx.xx.2023-cü il tarixli, 008R********** saylı saylı Kredit Müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 6246.86 manat məbləğində əsas, 1060.56 manat məbləğində faiz borcu, 358.56 manat cərimə borcu olmaqla, cəmi 7665.98 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş AZ-İİ № 407674 seriyalı ölüm haqqında şəhadətnamənin surətində görünür ki, Talıbov Əzacəddin Tacəddin oğlu xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Talıbov Əzacəddin Tacəddin oğlunun Astara rayonu Siyəkü kəndində yerləşən 0.03 ha, 0.175 ha və 0.3401 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ümumi birgə payda qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən xx.xx.1956-cı il təvəllüdlü Talıbov Əzacəddin Tacəddin oğlunun adına və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirlən nəqliyyat vasitəsi yoxdur. İş materiallarına əlavə edilmiş Astara rayon Notariat ofisinin 02 aprel 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1956-cı il tarixdə Astara rayonunda anadan olmuş, Astara rayonu Siyəkü kəndində qeydiyyatda olmuş Talıbov Əzacəddin Tacəddin oğlunun adına hal-hazırki tarixədək Astara rayon Notariat ofisində vərəsəlik işi açılmamışdır. İş materiallarına əlavə edilmiş Astara rayon İHB-nın Siyəkü kənd İƏD üzrə nümayəndəliyin 03 iyun 2025-ci il tarixli 40 sasylı arayışından görünür ki, nümayəndəliyin Miki kənd sakini olmuş mərhum Talıbov Əzacəddin Tacəddin oğluna məxsus nümayəndəliyin ərazisində 0,03 ha, 0,175 ha və 0,3401 ha təyinatlı torpaq sahəsi mövcuddur. 0,03 ha və 0,175 ha torpaq sahəsindən mərhumun həyat yoldaşı Cavabdeh2 hal-hazırda istifadə edir. 0,3401 ha torpaq sahəsindən isə Astara rayonunun Siyaku kənd sakini X2 hal-hazırda istifadə edir. İş materiallarına əlavə edilmiş Kənd Təsərrüfatı Nazirliyinin 30 may 2025-ci il tarixli məktubundan görünür ki, Ə.T.Talıbova məxsus torpaq sahələri (0,03; 0,175 və 0,3401 hektar) ilə bağlı EKTİS-də qeydiyyat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydalarına əməl edilmişdir. İş materiallarına əlavə edilmiş 18 iyul 2025-ci il tarixli, Ödəniş qəbzindən görünür ki, "xxxx" QSC tərəfindən 96.66 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2026-cı il tarixli, 9/5122 saylı Ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli, 008L**********48 saylı kredit xətti müqaviləsinin çərçivəsində imzalanmış xx.xx.2023-cü il tarixli, 008R********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Talıbov Əzacəddin Tacəddin oğlunun 02 avqust 2024-cü il tarixinə "xxxx" QSC-yə olan borcu əsas borc üzrə - 6070.07 manat, faiz borcu üzrə 25.28 manat olmaqla, cəmi 6095.35 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2023-cü il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində qeyd edilir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Göslərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, vərəsəlik şəhadətnaməsi olmadığı halda, miras qoyanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə vərəsələrin mirası qəbul etmələri faktının təsdiq edilməsi barədə kreditorun ərizəsi hüquq sahibi tərəfindən verilmədiyindən və müvafiq məsələ hüquq haqqında mübahisə doğurduğundan işə mövcud qanunvericilik normalarına uyğun olaraq xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı və həll edilməlidir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyi şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə oz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etdiki, İddiaçı QSC ilə bağlanmış xx.xx.2023-cü il tarixli, 008L**********48 saylı kredit xətti müqaviləsinin çərçivəsində imzalanmış xx.xx.2023-cü il tarixli, 008R********** saylı kredit müqaviləsinə əsasən Talıbov Əzacəddin Tacəddin oğluna 36 ay müddətinə illik 2.0833% olmaqla 10500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bankla Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, 008L**********48 saylı zaminlik müqaviləsi bağlanılmış və zaminlər, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsulliyəti öz üzərinə götürmüşlər. Talıbov Əzacəddin Tacəddin oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Talıbov Əzacəddin Tacəddin oğlu vəfat edəndən sonra onun adına Astara rayonu notariat ofisində vərəsəlik işi açılmamış və Talıbov Əzacəddin Tacəddin oğlunun adına Astara rayonu Siyəkü kəndində ailə üzvləri ilə ümumibirgə mülkiyyətdə olan 0.3 ha, 0.175 ha torpaq sahəsinin faktiki olaraq arvadı Cavabdeh2 istifadəsində olduğu müəyyən edilmişdir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, Talıbov Əzacəddin Tacəddin oğlunun xx.xx.2023-cü il tarixli, 008L**********48 saylı kredit xətti müqaviləsinin çərçivəsində imzalanmış xx.xx.2023-cü il tarixli, 008R********** saylı kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklər olduğundan kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsəsi tərəfindən icra edilməlidir. Qanunvericiliyə əsasən mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olduqlarından hazırda iddiaçının kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etmək hüququ məhz Cavabdeh2 qarşı yaranmışdır. Belə ki, Talıbov Əzacəddin Tacəddin oğlunun adına Astara rayonu Siyəkü kəndində ailə üzvü ilə ümumibirgə mülkiyyətdə olan 0.3 ha, 0.175 ha kəndtəsərrüfatlı torpaq sahəsinin məhz arvadı Cavabdeh2 tərəfindən faktiki olaraq qəbul edilib istifadə edilməkdədir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlandığından və onlar, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etmək hüququ məhz Cavabdeh2 və Cavabdeh1 qarşı yaranmışdır. Belə ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Beləliklə, borclu müqavilə ilə götürdüyü öhdəliyi vəfat etdiyindən vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, müqavilənin şərtləri pozulmuşdur. Borclunun vərəsəsi, həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat vermiş zamin Cavabdeh2 müqavilə üzrə yaranmış borcu ödəməmişdir. Cavabdeh1 isə qanunvericiliyin tələbindən irəli gələrək öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Lakin, məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdehlərdən 20 iyun 2025-ci il tarixinədək yaranmış əsas və faiz borcunu tələb edir. Halbuki, əsas borclu olan Talıbov Əzacəddin Tacəddin oğlu 02 avqust 2024-cü il tarixdə vəfat etmiş və kredit üzrə əsas və faiz borcunu həmin tarixdən ödəməmişdir. Məhkəmə qeyd edir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak vəzifələrin (miras passivi) toplusu daxildir. Zamin isə borclunun öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Qanunvericiliyə əsasən borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində öhdəliyin icra edilməməsi gecikdirmə sayılmadığından əsas borclunun ölümü müqavilənin qəsdən icra edilməməsi və ya qəsdən lazımınca icra edilməməsi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, kreditor istər vərəsədən, istərsə də, zamindən əsas borclunun öldüyü tarixə mövcud olan istər miras passivini təşkil edən, istərsə də icra edilməyən əsas və faiz borcunu, həmçinin dəymiş ziyana görə dəbbə pulunu tələb etməlidir. İş materiallarında olan ekspert rəyinə əsasən isə əsas borclu olan Talıbov Əzacəddin Tacəddin oğlunun öldüyü 02 avqust 2024-cü il tarixə əsas borc üzrə - 6070.07 manat, faiz borcu üzrə 25.28 manat olmaqla, cəmi 6095.35 manat məbləğində borcu olduğu müəyyən edilmişdir. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, tərəflər, ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim etməmişlər. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi 358.56 manat məbləğində cərimə silinərək 5 manat həddində müəyyən edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 96.66 manat dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 81 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Həmçinin ekspert rəyinin verilməsi üçün hesablanmış 100 manat məbləğində ekspertiza tədqiqatının dəyəri İddiaçı QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6070.07 manat məbləğində əsas, 25.28 manat məbləğində faiz borcu, 5 manat cərimə borcu olmaqla, cəmi 6100.35 (altı min yüz manat otuz beş qəpik) manat məbləğində pul vəsaiti və 81 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi üçün hesablanmış 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №e-2(018)-1353/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1353/2025
02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver