Məhkəmə qərarları › İş №e-2(018)-1486/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1486/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1486/2023 15.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin PİKÜMİD-nin Regional Məhkəmə Hüquq şöbəsinin baş hüquqşunası Nümayəndə Cavabdeh qarşı «borc tələbi barədə» iddia verərək, Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 307 (üç yüz yeddi) manat, 12 (on iki) qəpik əsas, 44 (qırx dörd) manat, 32 (otuz iki) qəpik faiz, 44 (qırx dörd) manat, 19 (on doqquz) qəpik cərimə, cəmi 395 (üç yüz doxsan beş) manat, 63 (altmış üç) qəpik borcun, dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat, 40 (qırx) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 02 iyun 2022-ci il tarixli, 209nkLKN/22 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən iddiaçı 01 iyun 2023-cü il tarixinədək, illik 18% ödəmək şərtilə 805 manat məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı digər bir kredit müqaviləsinin bağlanmasıdır. Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə üzrə ayrılmış kredit borcalanın 10 fevral 2021-ci il tarixli 43nkNAR/21 saylı və 14 yanvar 2021-ci il tarixli 10sNFT/21 saylı kredit müqavilələri üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun cari hesabından Bank tərəfindən akseptsiz qaydada silinmişdir. Kreditin bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nağd qaydada hesabdan məxaric edilməsini istisna edir. Müqavilənin1.5-ci bəndinə əsasən bu müqavilə üzrə vəsaitinin borclununcari hesabına köçürülməsi, borcun akseptsiz silinməsi əməliyyatları bank hesablarından çıxarışla öz əksini tapır və bunun üçün ayrıca sərəncam tələb olunmur. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən Borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi 1 təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq bank borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40%-i miqdarında cərimə tətbiq edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat, 40 (qırx) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 02 iyun 2022-ci il tarixli, 209nkLKN/22 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 12 ay müddətinə illik 18% ödəmək şərtilə 805 (səkkiz yüz beş) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 17 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh 209nkLKN/22 saylı kredit müqaviləsi üzrə 307 (üç yüz yeddi) manat, 12 (on iki) qəpik əsas məbləğ üzrə, 44 (qırx dörd) manat, 32 (otuz iki) qəpik faiz üzrə, 44 (qırx dörd) manat, 19 (on doqquz) qəpik cərimə, cəmi 395 (üç yüz doxsan beş) manat, 63 (altmış üç) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 02 iyun 2022-ci il tarixli, 209nkLKN/22 saylı kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 02 iyun 2022-ci il tarixli, 209nkLKN/22 saylı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 44 (qırx dörd) manat, 19 (on doqquz) qəpik məbləğində dəbbə pulu azaldılaraq 03 (üç) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz)manat, 40 (qırx) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 02 iyun 2022-ci il tarixli, 209nkLKN/22 saylı kredit müqaviləsi üzrə 307 (üç yüz yeddi) manat, 12 (on iki) qəpik əsas məbləğ üzrə, 44 (qırx dörd) manat, 32 (otuz iki) qəpik faiz üzrə, 03 (üç) manat cərimə, cəmi 354 (üç yüz əlli dörd) manat, 44 (qırx dörd) qəpik və ödənilmiş 30 (otuz) manat, 40 (qırx) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissəsində təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar