Məhkəmə qərarları › İş №e-2(018)-1673/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1673/2025

05.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1673/2025 05.03.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3784,2 (üç min yeddi yüz səksən dörd manat iyirmi qəpik) manat məbləğində dəymiş zərərin və 50 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq “CALL CENTER" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC (“İşəgötürən”) ilə Cavabdeh (“İşçi") arasında xx.xx.2025-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Həmin işlərin icrası ilə əlaqədar cavabdeh tərəfindən istifadə olunan “189” nömrəsini yığmaqla çağırılan taksi ilə gedişlərdən şirkət hesabına istifadə etmək imkanı yaradılmışdır. xx.xx.2025-ci il tarixdə cavabdehlə əmək müqaviləsinə xitam verilmişdir. Lakin, əmək müqaviləsinin xitamına baxmayaraq, cavabdeh ona həvalə edilmiş taksi kodundan şəxsi məqsədlər üçün istifadə etmiş, nəticədə, şirkətə 3784,2 (üç min yeddi yüz səksən dörd manat iyirmi qəpik) manat məbləğində zərər dəymişdir. Sonradan iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 3289,30 (üç min iki yüz səksən doqquz manat otuz qəpik) manat məbləğində dəymiş zərərin və 50 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq “CALL CENTER" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış xx.xx.2025 tarixli əmək müqaviləsinə əsasən Mobil tətbiq üzrə testçi vəzifəsinə işə qəbul olunmuşdur. 23 iyun 2025-ci il tarixli 84K nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddasinin 2-ci hissasinın "b" bəndinə əsasən (əməq müqaviləsinin müddətinin qurtarması) tutduğu vəzifədən azad edilərək əmək müqaviləsi ləğv edilmişdir. Əmək müqaviləsi ləğv edildikdən sonra bir-neçə dəfə özü üçün sifarişlər etmiş və həmin gedişlərin ödənişlərini nağd şəkildə etmişdir. Lakin iddia ərizəsinə əlavə edilmış Aktdakı sifarişlərdən xəbərdar deyil. Sifarişlərin ödənişsiz olması ilə bağlı hər hansı şəxs ilə danışığı olmamışdır. Bundan əlavə sözügedən 050 *** ** ** nömrə özünə məxsus olmuş, həmin şirkətə heç bir aidiyyatı yoxdur. Ona qarşı belə bir iddianın nə üçun qaldırıldığı ona aydın deyil. Əgər nəsə səhv varsa da orada tərəfindən qəsdən və ya ehtiyatsızlıqdan edilmiş bir şey yoxdur. Səsyazılara qulağ asa bilməsə də tam əmindir ki, orada iddiada istinad edilmiş halları sübuta yetirəcək hər hansı sübut yoxdur. Çünki törətməmişdir. Şirkət səhlənkarlıq edib məxfi kod dediyi kodu bağlamayıbsa burada onun günahı yoxdur. Həmin məxfi koddan istifadə etməmişdir. İstifadə etdiyini sübuta yetirəcək hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. Kimsə istifadə edibsə də, o məsuliyyət daşımalıdır. İddia tələbi əsassızdır, rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin ərizə göndərərək, iştirakı olmadan işə baxıb iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə MPMin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, İddiaçı QSC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı QSC ilə "xxxx" MMC arasında 2023/49 saylı xx.xx.2023-cü il tarixli ödənişlərin həyata keçirilməsi barədə müqavilə bağlanmışdır. Əməliyyatlar üzrə 3289.3 AZN məbləğində pul vəsaiti İddiaçı QSC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. "xxxx" MMC tərəfindən həmin məbləğlər müvafiq təksi sürücülərinə ödənilmişdir. Sifarişlər Cavabdeh ********** nömrəsindən xx.xx.2025-ci il tarixdən sonra həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı QSC ilə "xxxx" MMC arasında 2023/49 saylı xx.xx.2023-cü il tarixli ödənişlərin həyata keçirilməsi barədə müqavilə bağlanmış, həmin müqavilə üzrə İddiaçı QSCnin texniki göstərişlərinə uyğun 24 iyun 2025-ci il tarixdən 12 avqust 2025-ci il tarixədək müxtəlif məbləğlərdə ödənişlər keçirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, 23 iyun 2025-ci il tarixli işdən azad olunma barədə əmrdən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC tərəfindən təqdim edilən 23 fevral 2026-cı il tarixli məlumatlardan görünür ki, məhkəmə qərarında göstərilən ********* mobil nömrəsindən xx.xx.2025-xx.xx.2025-ci il müddətində 189 qısa nömrəsinə edilən zənglər aşkar olunmamışdır. ********* mobil nömrəsi Cavabdeh məxsusdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2026-cı il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş səs yazılarından görünür ki, operatorla əlaqə saxlanılaraq müxtəlif ünvanlara taksi sifariş edilir və bu səs yazılarında sifariş verən tərəfindən hər hansı xüsusi kod (söz) istifadə edilmir. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarından görünür ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində qeyd edilir ki, iddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. O da nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsi olduğundan bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının üzərinə düşür. Belə ki, sübutların tədqiqatı zamanı iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “189” qısa nömrəsini yığmaqla çağırılan taksi gediş haqqlarına görə tərəfindən ödənilmiş 3289,30 (üç min iki yüz səksən doqquz manat otuz qəpik) manat məbləğində pulun Cavabdeh sifarişləri əsasında yaranmış olduğunu sübut edilə bilməmişdir. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə qeyd edir ki, iddia tələbinə düzgün hüquqi qiymət verilməsi üçün iddianın qanuni əsasının tapılması vacib şərtlərdəndir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə artıq məhkəmə üçün başa çatmalıdır. Hazırki iddianın predmetini əsassız varlanmadan irəli gələn münasibətlər, qanuni əsasını isə əsassız varlanmaya tətbiq edilməli olan normalar təşkil edir. Belə ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “189” qısa nömrəsini yığmaqla çağırılan taksi gediş haqqlarına görə 3289,30 (üç min iki yüz səksən doqquz manat otuz qəpik) manat məbləğində pul ödənildiyini və bu məbləğin Cavabdeh sifarişləri əsasında yaranmış olduğunu iddia etmişdir. Həmin sifarişlərin cavabdeh tərəfindən özünə məxsus ********** nömrəsindən “189” qısa nömrəsinə 24 iyun 2025-ci il tarixdən 12 avqust 2025-ci il tarixədək zəng edilməklə və bu zaman xüsusi kodu deməklə edildiyini bildirmiş, bu barədə müxtəlif sübutlarını məhkəməyə təqdim etmişdir. Həmin dövrdə isə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin işçisi olmamış, aralarında hər hansı əmək müqaviləsi və xidmət müqaviləsi olmamışdır. Məhkəmə tərəfindən isə sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, “189” qısa nömrəsinə edilən zənglərdə sifarişi verən “xanım” hər hansı xüsusi kod və ya söz demədən müxtəlif ünvanlara taksi sifariş edir. ********** mobil nömrəsi cavabdehin özünə məxsus nömrədir və həmin nömrədən 24 iyun 2025-ci il tarixdən 01 sentyabr 2025-ci il tarixədək hər hansı zəng olmamışdır. Həmçinin iddiaçının nümayəndəsi tərəfindən sifarişlərin tətbiq vasitəsilə edilə biləcəyi qeyd edilmiş, tətbiqə dair hər hansı təqdim edilməmiş, təqdim edilmiş arayış və digər sübutlarda isə iddiaçı tərəf sifarişlərin məhz ********** nömrəsindən “189” qısa nömrəsinə zəng edilməklə verildiyini iddia etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi iddiaçı tərəfindən sübut edilə bilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş pul iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1,1091-ci Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar