Məhkəmə qərarları › İş №e-2(018)-269/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-269/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-269/2024 21.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacızadə Hacı Yusif oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin hüquq şöbəsinin müdiri Nümayəndə Cavabdeh qarşı «borc tələbinə dair» iddia verərək, Cavabdeh əsas borcu 755 (yeddi yüz əlli beş) manat, 21 (iyirmi bir) qəpik, faiz borcu 16 (on altı) manat, 44 (qırx dörd) qəpik, cərimə borcu 18 (on səkkiz) manat, 24 (iyirmi dörd) qəpik, həmçinin ərizəyə görə ödənilmiş 30 (otuz) manat, 40 (qırx) qəpik dövlət rüsumunun əvəzi, ümumilikdə 829 (səkkiz yüz iyirmi doqquz) manat, 29 (iyirmi doqquz) qəpik borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış 06 yanvar 2023-cü il tarixli, 721-SMB-0004-23 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 6 ay müddətinə 1075 (bir min yetmiş beş) manat kredit verilmişdir. Cavabdeh isə həmin kreditdən məqsədli təyinata uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun iddiaçıya 755 (yeddi yüz əlli beş) manat, 21 (iyirmi bir) qəpik əsas məbləğ üzrə, 16 (on altı) manat , 44 (qırx dörd) qəpik faiz borcu, 18 (on səkkiz) manat, 24 (iyirmi dörd) qəpik cərimə üzrə, cəmi 789 (yeddi yüz səksən doqquz) manat, 89 (səksən doqquz) qəpik borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat, 40 (qırx) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 06 yanvar 2023-cü il tarixli, 721-SMB-0004-23 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 6 ay müddətinə 1075 (min yetmiş beş) manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 31 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, Cavabdehnın 721-SMB-0004-23 saylı kredit müqaviləsi üzrə 755 (yeddi yüz əlli beş) manat, 21 (iyirmi bir) qəpik əsas məbləğ üzrə, 16 (on altı) manat, 44 (qırx dörd) qəpik faiz borcu, 18 (on səkkiz) manat, 24 (iyirmi dörd) qəpik cərimə üzrə, cəmi 789 (yeddi yüz səksən doqquz) manat, 89 (səksən doqquz) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş son xəbərdarlıq məktubundan görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış 06 yanvar 2023-cü il tarixli, 721-SMB-0004-23 saylı kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 06 yanvar 2023-cü il tarixli 721-SMB-0004-23 saylı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 18 (on səkkiz) manat, 24 (iyirmi dörd) qəpik məbləğində dəbbə pulu azaldılaraq 3 (üç) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat, 40 (qırx) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 06 yanvar 2023-cü il tarixli, 721-SMB-0004-23 saylı kredit müqaviləsi üzrə 755 (yeddi yüz əlli beş) manat, 21 (iyirmi bir) qəpik əsas məbləğ üzrə, 16 (on altı) manat, 44 (qırx dörd) qəpik faiz borcu, 3 (üç) cərimə üzrə, cəmi 774 (yeddi yüz yetmiş dörd) manat, 65 (altmış beş) qəpik və ödənilmiş 30 (otuz) manat, 40 (qırx) qəpik dövlət rüsumu alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissəsində təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar