Məhkəmə qərarları › İş №e-2(018)-324/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-324/2025

18.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-324/2025 18.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Cavabdeh iştiraklar ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta ödənişi məbləğinin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “sığorta ödənişi məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5000,00 (beş min) manat sığorta ödənişi məbləğinin və 70 (yetmiş) manat dövlət rüsumunun, cəmi 5070,00 (beş min yetmiş) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X3 arasında 26 aprel 2021-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21074” markalı, **-XH- *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 27 aprel 2021-ci il tarixdə “VAZ 21074” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Astara rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, “Fiat Doblo” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5000,00 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Astara RPŞ DYPB-nin qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin qeyd olunan qərarda Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21074” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüquqi olmadan idarə etdiyi qeyd olunmuşdur. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, 18 fevral 2025-ci il tarixli məhkəmə iclasını iştirakı olmadan keçirilməsini, iddianı tam həcmdə müdafiə etdiyini və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, “VAZ 21074” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi qardaşı olsa da, avtomobil öz sahibliyində olmuşdur, qardaşı tərəfindən "xxxx" ASC-də sığortalanmışdır, hadisə törətdiyi zaman nəqliyyat vasitəsini idarəetmək hüququ (sürücülk vəsiqəsi) olmamışdır. Sığorta hadisəsi 2021-ci il tarixdə baş vermiş hazırda, həmin hadisədən 4ildən çox müddət keçmişdir ki, bu da iddiaçının iddia müddətini ötürdüyünün göstəricisidir. Qeyd olunanlara əsasən məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatına, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, 26 aprel 2021-ci il tarixli sığorta müqaviləsindən görünür ki, “VAZ 21074” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 tərəfindən xx.xx.2021-ci il tarixdə 1 il müddətinə "xxxx" ASC-də əmlaka dəyən zərərə görə 5000 manat məbləğində sığortalanmışdır və PAA********** saylı sığorta şəhadətnaməsi verilmişdir. İş materiallarında olan, AD seriyalı 175518 nömrəli 27 fevral 2018-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21074” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 olmuşdur. İş materiallarında olan, 16 may 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh barəsində 27 aprel 2021-ci il tarixdə İXM-in 332.1, 327.2 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətdiyi üçün inzibati protokol tərtib edililmişdir. İş materiallarında olan, 16 may 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında Cavabdeh təqsirli bilinərək barəsində 200 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan, Astara rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 135-9649-1221 nömrəli Arayışdan görünür ki, 27 aprel 2021-ci il tarixdə “VAZ 21074” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Fiat Doblo” markalı, **- SH-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, toqquşma nəticəsində “Fiat Doblo” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 zərərçəkmiş qismində tanınmış, “VAZ 21074” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh olmuş və nəqliyyat vasitəsinin idarəetmə hüququ olmadan idarə etmişdir. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli 006679 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X4 PAA********** saylı sığorta şəhadətnaməsi əsasında 5000 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsinə əsasən sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 25.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnu yaradır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə iclasında işin faktiki halları ilə müəyyən olundu ki, 27 aprel 2021ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh 27 aprel 2021-ci il tarixdə qardaşı X2 mülkiyyətində olan “VAZ 21074” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmiş və Astara rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, Fiat Doblo” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Cavabdeh tərəfindən avtomobilə vurulmuş maddi ziyan 5000,00 manat məbləğində müəyyən edilərək, "xxxx" ASC tərəfindən həmin məbləğdə sığorta ödənişi ödənilmişdir, ona görə də iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Qanunvericiliyə əsasən mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Əmlakdan istifadənin əsasları isə Mülki Məcəllənin 152.3-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəaya əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Avtomobildən bu şəkildə istifadə həm icarə müqaviləsi, həm də əvəzsiz istifadə müqaviləsi əsasında həyata keçirilə bilər. Mülki Məcəllədə əvəzsiz istifadə müqaviləsinin mütləq yazılı formada bağlanması qaydası isə nəzərdə tutulmamışdur. Bu mənada, mülkiyyətçisinin razılığının şifiahi formada olması da əmlakın istifadə edilməsi üçün kifayət edir. Beləliklə, sığortalı avtomobil cavabdehin istifadəsində olsa da, cavabdehin idarəetmə hüququ olmadığından, sığorta hadisəsinin baş verməsində təqsirli olduğundan cavabdehin mülki məsuliyyət daşımalı olduğu aydındır. Dəymiş zərər isə iddiaçı tərəfindən aradan qaldırıldığından, əmlaka zərər vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ da iddiaçıya keçmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş maddi zərərin əvəzini ödəməlidir. İddia müddətinin keçməsi ilə bağlı cavabdehin tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, sığorta mübahisələrinə dair işlərdə tələblər müqavilə öhdəliyindən irəli gəlirsə (müqavilə şərtləri ikə bağlıdırsa) 3 illik iddia müddəti, subroqasiya qaydasında pul tələbi ilə bağlı olduqda isə 10 illik iddia müddəti tətbiq edilir. Hazırki iş üzrə mübahisənin predmeti müqavilə öhdəliyinin icrasından irəli gələn tələb deyil də, deliktdən irəli gələn tələb olduğundan 10 illik ümumi iddia müddəti tətbiq edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 70 (yetmiş) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, 70 (yetmiş) manat dövlət rüsumu da Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş zərərə görə 5000,00 (beş min) manat sığorta ödənişi məbləğinin və 70 (yetmiş) manat dövlət rüsumunun, cəmi 5070,00 (beş min yetmiş) manat alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 5000,00 (beş min) manat sığorta ödənişi məbləği və 70 (yetmiş) manat dövlət rüsumu olmaqla, cəmi 5070,00 (beş min yetmiş) manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar