Məhkəmə qərarları › İş №e-2(018)-357/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-357/2025

16.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-357/2025 16.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta ödənişi məbləğinin tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “sığorta ödənişi məbləğinin tutulması” tələbinə dair sadələşdirilmiş iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 651,50 (altı yüz əlli bir manat əlli qəpik) manat sığorta ödənişi məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 681,50 (altı yüz səksən bir manat əlli qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X1 arasında xx.xx.2021-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Toyota Prius” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə “Toyota Prius” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, “Ford Transit” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 651,50 (altı yüz əlli bir manat əlli qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Xəzər RPİ DYPŞ-nin qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin qeyd olunan qərarda Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Toyota Prius” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüquqi olmadan idarə etdiyi qeyd olunmuşdur. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli, As-23/1507 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək ödənilməmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-357/2025 saylı, 14 yanvar 2025-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbi barədə kiçik iddiaya dair sadələşdirilmiş icraat üzrə 2(018)-357/2025 saylı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, iddianı tam həcmdə müdafiə etdiyini və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan, AtaSığorta” ASC ilə X1 arasında xx.xx.2021-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Toyota Prius” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh barəsində xx.xx.2021-ci il tarixdə İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətdiyi üçün 60 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan, sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh sürücülük vəsiqəsi vardır. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli, As-23/1507 saylı məktubundan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh ünvanına geriyə tələb (subroqasiya) məktubu göndərilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən dövlət nəfinə 30.00 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etdiki, iddiaçı sığorta ödənişini cavabdeh tərəfindən avtomobili “müvafiq etibarnamə olmadan” idarə etdiyi üçün “İcbari Sığortalar haqqında” Azərbaycan Respulikası qanununun 25.1.3-cü maddəsinə əsasən tələb edir. Məhkəmə hesab edir ki, mübahisənin düzgün hüquqi həlli baxımından İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş “nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi” və “İcbari Sığortalar haqqında” Azərbaycan Respulikası qanununun 25.1.3-cü maddəsində nəzərdə tutulmuş “hüququ olmayan şəxs” ifadələrinin mahiyyətinin (həmin ifadələrin tətbiqinin hansı məqsəd daşıdığını) aydınlaşdırılması zəruridir. İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsini inzibati xəta olaraq müəyyən etmişdir. Müddəada nəzərdə tutulmuş “nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi” ifadəsini aydınlaşdırmaq üçün inzibati xətalar barədə qanunverciliyin vəzifələrinə diqqət yetirmək vacibdir. İnzibati Xətalar Məcəlləsinin 2ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati xətalar qanunvericiliyində göstərilən vəzifələrdən irəli gələrək Məcəllənin 332.1-ci maddəsində nəzərdə tutulmuş istisna ilə avtomobilin etibarnamə olmadan idarə edilməsinin inzibati xəta kimi müəyyən edilməsində əsas məqsəd avtomobil sahiblərinin (mülkiyyətçilərinin) hüquqlarının qorunması, baş vermiş konkret xətanın törədilməsində təqsirin müəyyən edilməsi, xətanı törədən şəxsin şəxsiyyətinin dəqiq müəyyən edilməsi və onun inzibati məsuliyyətə cəlb edilməsindən ibarətdir. Bu müddəa ilə tənzimlənən münasibətlər inzibati xətanın əsas iştirakçıları ilə (inzibati xətanı törədən şəxs və zərərçəkmiş şəxs) konkret səlahiyyətli dövlət orqanları arasında olan ictimai münasibətləridir. İnzibati xətanın törədildiyi halda fiziki və hüquqi şəxslər inzibati hüquq münasibətlərinin əsas iştiakçılarına çevrilirlər. İcbari sığorta münasibətləri isə mülki hüquqi münasibətlərdir. Bu münasibətlərin yaranması üçün tərəflər arasında icbari sığorta müqaviləsinin bağlanması isə mütləqdir. Göründüyü kimi, İXMin 332.1-ci maddəsi ilə tənzimlənən ictimai münasibətlərin icbari sığorta müqaviləsi ilə tənzimlənən mülki hüquqi münasibətlərə heç bir adiyyəti və icbari sığorta münasibətlərinin subyektlərinin hüquq və mənafələrinin qorunması ilə bağlılığı yoxdur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respulikası Qanunun 25.1.3-cü maddəsində isə qeyd edilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göstərilən müddəada subroqasiya hüququnun yaranmasının yeganə dispozitiv şərti sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə “hüququ olmayan şəxs” tərəfindən istismar edilməsini nəzərdə tutur və bu norma 2 növ hüquqi tənzimləmə vasitəsilə bilavasitə sığortaçının mənafelərinin qorunmasına xidmət edir. Bu hüquqi tənzimləmənin biri sığorta şəhadətnaməsində göstərilən əmlakın idarə edilməsi, digəri isə əmlakdan istifadə və onun işlədilməsi, habelə digər qaydada istismar edilməsi ilə əlaqədardır. Hazırkı mübahisə üzrə sığorta predmeti olan əmlaka, yəni nəqliyyat vasitəsinə gəldikdə, göstərilən müddəada “hüququ olmayan şəxs” ifadəsi, sığortaçının mənafeyi baxımından, avtomobili idarə etmək hüququnun olmamasını nəzərdə tutur. Nəqliyyat vasitəsini idarə etmək hüququ şəxsin nəzəri və təcrübi biliklərə yiyələndikdən sonra ona sürücülük vəsiqəsi verilməklə yaranır. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin isə yol-nəqliyyat hadisəsi törətməsi (sığorta müqaviləsinin tərəfi olaraq sığorta hadisəsi törtəməsi) riski daha yüksəkdir. Bu mənada, həmin müddəa sığortaçının mənafeyini qoruyaraq, yol-nəqliyyat hadisəsi nəticəsində baş verən sığorta hadisələrinə görə ödənilmiş sığorta ödənişlərinin sonradan geri tələb etmək hüququnun təminatı kimi nəzərdə tutulmuşdur. “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində nəzərdə tutulan digər hüquqi tənzimləmə isə, ümumilikdə əmlakdan istifadə etməni ehtiva edir. Çünki əmlakın istər işlədilməsi, istəsə də digər qaydada istismar edilməsi istifadədən doğan hərəkətlərdir. Əmlakdan istifadənin əsasları isə Mülki Məcəllənin 152.3-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəaya əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Avtomobildən bu şəkildə istifadə həm icarə müqaviləsi, həm də əvəzsiz istifadə müqaviləsi əsasında həyata keçirilə bilər. Mülki Məcəllədə əvəzsiz istifadə müqaviləsinin mütləq yazılı formada bağlanması qaydası isə nəzərdə tutulmamışdur. Bu mənada, mülkiyyətçisinin razılığının şifahi formada olması da əmlakın istifadə edilməsi üçün kifayət edir. Şərh edilənlər onu deməyə əsas verir ki, “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin məqsədləri üçün “hüququ olmayan şəxs” ifadəsi əmlakın qanuni əsaslar olmadan istifadə edilməsini, onun işlədilməsini, habelə digər qaydada istismar edilməsini nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, yuxarıda da şərh edildiyi kimi, amlaka dair kirayə müqaviləsinin və əvəzsiz istifadə müqaviləsinin bağlanması (mülkiyyətçinin razılığının olması) qanuni əsaslar hesab edilir. Mülkiyyətçinin razılığı isə onun iradə ifadəsi hesab edilir və belə iradənin (razılığın), xüsusilə əvəzsiz istifadə müqaviləsində, yazılı olması mütləq deyil. Konkret mübahisəyə gəldikdə isə, mülkiyyətçi tərəfindən (X2) avtomobilin istifadəsi ilə bağlı hər hansı etirazın irəli sürülməməsi (bununla bağlı iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir) onun razılığının olmasını ifadə edir ki, bu da avtomobilin qanuni əsasla istifadə edilməsi, işlədilməsi, yaxud istismar edilməsi barədə qənaətə gəlməyə əsas verir. “İcbari Sığortalar haqqında” Qanunun 13.4-cü maddəsində də göstərilir ki, sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Məhkəmə avtomobilə dair etibarnamənin olmamasına dair iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, mülki hüquq münasibətləri baxımından etibarnamə əmlakı idarə etmək hüququnu deyil, təmsilçiliyi nəzərdə tutur. Mülki Məcəllənin 332.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. “Təmsil” sözünün mənası isə birinin müvəkkili olmaq, bir işdə onu əvəz etmək, onun adından danışmaq, yaxud birinin mənafeyini, fikrini, görüşünü və s. ifadə etmək deməkdir. Həmçinin, Mülki Məcəllənin 152.8-ci maddəsində də etibarnamənin mahiyyətinə daha dəqiq aydınlıq gətirilərək qeyd edilir ki, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Yol hərəkəti münasibətlərində isə avtomobilin idarə edilməsi ilə bağlı təmçsilçiliyin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 33-cü bəndinə yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi anlayışı yoxdur. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, İXM-nin 332.1-ci maddəsində göstərilən əsaslarla etibarnamənin olmamasının inzibati xəta hesab edilməsi “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində göstərilən əmlakı idarə edən və onu istifadə edən şəxslər kimi qəbul edilməsinə əsas vermir, çünki əvvəldə də geniş şərh edildiyi kimi, inzibati qanunvericiliyin tənzimlədiyi ictimai münasibətlərlə mülki qanunverciliyin tənzimlədiyi ictimai münasibətlər bir-birindən fərqlənir. Qanunun 25.1.3-cü maddəsinin məqsədləri baxımından “hüquqi olmayan şəxs” yalnız sürücülük hüququ olmayan şəxsdir, həmçinin nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxsdir. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, cavabdeh avtomobili etibarnamə olmadan idarə etmək səlahiyyətinə malik olduğundan onun təqsiri nəticəsində baş vermiş sığorta hadisəsinə görə ödənilmiş sığorta ödənişi “İcbari Sığortalar haqqında” Azərbaycan Respulikası qanununun 25.1.3-cü maddəsinə müvafiq olaraq subroqasiya qaydasında cavabdehdən tələb edilə bilməz. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş 30.00 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta ödənişi məbləğinin tutulması” tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar