Məhkəmə qərarları › İş №e-2(018)-455/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-455/2024

09.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-455/2024 09.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı «X4 Azərbaycan» QSC-nin Cavabdeh Sücayət oğluna qarşı «pul tələbinə dair» kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X4 Azərbaycan» QSC-nin nümayəndəsi X2 Cavabdeh Sücayət oğluna qarşı «pul tələbinə dair» iddia verərək Cavabdeh Sücayət oğlundan 548 (beş yüz qırx səkkiz) manat, 80 (səksən) qəpik məbləğində maddi zərər və dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı «X4 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki,Cavabdeh Sücayət oğlu ilə “X4 Azərbaycan” QSC arasında 21 aprel 2017-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş Astara Rayon Məhkəməsi tərəfindən 16 iyun 2020-ci il tarixli, 2(018)-511/2020 saylı qətnamə çıxarılmışdır. İddiaçı “X4 Azərbaycan” QSC “X1” MMC ilə bağlanmış 14 dekabr 2016 -cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini “X1” MMC-yə sifariş etmişdir. “X1 MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək məhkəmə qətnaməsi üzrə ödənilməmiş borcu, o cümlədən ödənilən 03 may 2021-ci il tarixindəki 746 (yeddi yüz qırx altı) manat, 19 iyul 2021-ci il tarixindəki 362 (üç yüz altmış iki) manat, 04 oktyabr 2022-ci il tarixindəki 1231(bir min iki yüz otuz bir) manat, 20 (iyirmi) qəpik məbləğin geri ödənilməsini təmin etmişdir. Cavabdeh Sücayət oğlu tərəfindən ödənilən vəsait “X1” MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də «X4 Azərbaycan» QSC tərəfindən “X1” MMC-yə 548(beş yüz qırx səkkiz) manat, 80 (səksən) qəpik məbləğində xidmət haqqı ödənilmişdir. Qeyd olunan 14 dekabr 2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə “X1” MMC-yə cavabdeh tərəfindən “X4 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% və 25% həcmində yəni ümumilikdə 548.80 manat məbləğində xidmət haqqı ödəmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş 21 aprel 2017-ci il tarixli, № 224336 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh Sücayət oğluna 36 ay müddətinə 3000 (üç min) manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş tapşırığından görünür ki, iddiaçı «X4 Azərbaycan» QSC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Astara Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh Sücayət oğlunun 2309 (iki min üç yüz doqquz) manat, 2 (iki) qəpik borcu olduğu halda heç bir ödəniş etməmişdir. Cavabdeh Sücaət oğlu tərəfindən ödənilən vəsait “X1” MMC vasitəsi ilə təmin edilmiş və buna görədə “X4 Azərbaycan” QSC tərəfindən “X1” MMC-yə 548 (beş yüz qırx səkkiz) manat, 80 (səksən) qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumunun onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Sücayət oğlundan 548 (beş yüz qırx səkkiz) manat, 80 (səksən) qəpik məbləğində maddi zərər və dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı «X4 Azərbaycan» QSC-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar