Məhkəmə qərarları › İş №e-2(018)-572/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-572/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-572/2024 06.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «borc tələbi barədə» iddia verərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1998 (bir min doqquz yüz doxsan səkkiz) manat,16 (on altı) qəpik əsas, 272 (iki yüz yetmiş iki) manat, 30 (otuz) qəpik faiz üzrə, 40 (qırx) manat, 02 (iki) qəpik cərimə, cəmi 2310 (iki min üç yüz on) manat, 48 (qırx səkkiz) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 43 (qırx üç) manat, 11 (on bir) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki,iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 606nkLKNb/22 saylı kredit müqaviləsinin 1.1 bəndinə əsasən iddiaçıdan 120 ay müddətinə, illik faiz dərəcəsi 35% faizədək olmaq şərtilə 20.000 (iyirmi min) manat məbləğədək , kredit müraciəti üçün 5 (beş) manat komisyon haqqı tutmaqla cavabdehə verə bilər. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İş materiallarına əlavə edilmiş 21 fevral 2022-ci il tarixli 606nkLKNb/22 saylı kredit müqaviləsinə sazişdən görünür ki, cavabdehin cari hesabına illik 29.5% olmaqla 3000 (üç min) manat, məbləğində kredit köçürülmüşdür. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 43 (qırx üç) manat, 11 (on bir) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 21 fevral 2022-ci il tarixli, 606nkLKNb/22 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 120 ay müddətinə, illik faiz dərəcəsi 35% faizədək olmaq şərtilə 20.000 (iyirmi min) manat məbləğədək, kredit müraciəti üçün 5 (beş) manat komisyon haqqı tutmaqla verə bilər. İş materiallarına əlavə olunmuş 04 aprel 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh 606nkLKNb/22 saylı kredit müqaviləsi üzrə 1998 (bir min doqquz yüz doxsan səkkiz) manat, 16 (on altı) qəpik əsas, 272 (iki yüz yetmiş iki) manat, 30 (otuz) qəpik faiz üzrə, 40 (qırx) manat, 02 (iki) qəpik cərimə, cəmi 2310 (iki min üç yüz on) manat, 48 (qırx səkkiz) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 21 fevral 2022-ci il tarixli, 606nkLKNb/22 saylı kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 21 fevral 2022-ci il tarixli, 606nkLKNb/22 saylı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 40 (qırx) manat, 02 (iki) qəpik məbləğində dəbbə pulu silinərək 10 (on) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 43 (qırx üç) manat, 11 (on bir) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 01 noyabr 2021-ci il tarixli, 649nkMDKb/22 saylı kredit müqaviləsi üzrə, 1998 (bir min doqquz yüz doxsan səkkiz) manat,16 (on altı) qəpik əsas, 272 (iki yüz yetmiş iki) manat, 30 (otuz) qəpik faiz üzrə, 10 (on) manat cərimə, cəmi 2280 (iki min iki yüz səksən) manat, 46 (qırx altı) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 43 (qırx üç) manat, 11 (on bir) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar