Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-584/2025 19.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi ilə, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul tələbi» barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1443,27 manat əsas borc, 53,88 manat faiz borcu olmaqla, cəmi 1497,15 (bir min dörd yüz doxsan yeddi manat on beş qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 34,97 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı QSC BOKT-un İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli Qərarın icrasının təmin edilməsi məqsədilə İddiaçı QSC BOKT-un Lənkəran filialı ilə Astara rayonu Şahağacı kənd sakini Cavabdeh2 arasında 27 noyabr 2020-ci il tarixli 15/20-LRT-04 saylı “X2 Keçmiş Kredit Borcunun Restrukturizasiya Müqaviləsi” (bundan sonra Restrukturizasiya Müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 cəmi illik 1% hesablanmaqla, 1526,37 (bir min beş yüz iyirmi altı manat otuz yeddi qəpik) manat kredit borcunu müqavilə imzalandığı tarixdən 5 (beş) il müddətində ödənilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh2 ilə bağlanmış Restrukturizasiya Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC BOKT-un Lənkəran filialı ilə fizki şəxs Cavabdeh1 arasında 27 noyabr 2020-ci il tarixli 01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Borclu əsas borcdan və faiz borcundan ödəniş etməmişdir. Bununla da cavabdeh restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Bağlanmış 27 noyabr 2020-ci il tarixli 15/20-LRT-04 saylı Restrukturizasiya Müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC BOKT-a olan əsas borcu 1443,27 manat, faiz borcu 53,88 manat, cəmi borcu 1497,15 (bir min dörd yüz doxsan yeddi manat on beş qəpik) manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı QSC BOKT adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 27 noyabr 2020-ci il tarixli 15/20-LRT-04 saylı “X2 Keçmiş Kredit Borcunun Restrukturizasiya Müqaviləsi”-dən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh2 illik 1% hesablanmaqla, 1526,37 (bir min beş yüz iyirmi altı manat otuz yeddi qəpik) manat kredit borcunun müqavilə imzalandığı tarixdən 5 (beş) il müddətində ödənilməsini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan, İddiaçı QSC BOKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01 saylı zaminlik müqaviləsindən görünür ki, Abbasova X1 Fəridə Qabil qızı tərəfindən 27 noyabr 2020-ci il tarixli 15/20-LRT-04 saylı “X2 Keçmiş Kredit Borcunun Restrukturizasiya Müqaviləsi” üzrə müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faizi Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 21 yanvar 2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 27 noyabr 2020-ci il tarixli 15/20-LRT-04 saylı müqaviləsi üzrə 1443,27 manat əsas, 53,88 manat faiz borcu olmaqla, cəmi 1497,15 (bir min dörd yüz doxsan yeddi manat on beş qəpik) manat borcu vardır. İş materiallarına əlavə olunmuş pretenziya məktubundan görünür ki, İddiaçı QSC BOKT ilə Cavabdeh2 arasında bağlanmış 27 noyabr 2020-ci il tarixli 15/20-LRT-04 saylı Restrukturizasiya Müqaviləsinə əsasən cavabdehlərin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun banka borcu yarandığı və öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2020-ci il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etdiki, Cavabdeh2 ilə İddiaçı QSC BOKT arasında bağlanmış müqaviləyə əsasən cavabdehə 27 noyabr 2020-ci il tarixli 15/20-LRT-04 saylı Restrukturizasiya Müqaviləsi üzrə 60 ay müddətinə qaytarılması üçün illik 1 faiz ödəmək şərti ilə 1526.37 manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı QSC qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, 01 saylı Zaminlik müqaviləsi bağlanılmış, Cavabdeh1 zamin qismində Cavabdeh2 tərəfindən 27 noyabr 2020-ci il tarixli 15/20-LRT-04 saylı kredit müqaviləsi üzrə müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz borcunu Kredit verənə tam şəkildə ödəməyi öz öhdələrinə götürmüşdür. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək müqavilənin şərtlərini pozmuşdur. Zamin isə zaminlik müqaviləsi bağlamaqla Cavabdeh2 kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasına təminat vermişdir. Buna görə də cavabdehlər, onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30,0 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1443,27 manat əsas borc, 53.88 manat faiz borcu olmaqla, cəmi 1497,15 (bir min dörd yüz doxsan yeddi manat on beş qəpik) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC BOKT-un xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №e-2(018)-584/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-584/2025
19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver