Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-643/2025 17.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahir Zahir oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 2783.95 manat məbləğində əsas, 53.37 manat məbləğində faiz borcu, 134.76 manat cərimə borcu olmaqla, cəmi 2972.08 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 49.73 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İmaməliyeva Balanisa Əsəd qızına İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 008A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3117.14 (üç min yüz on yeddi) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 333.19 manat ödəniş etmiş və оnun iddiaçıya 2783.95 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirmişlər ki, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 1296 gün üçün hesablanmış faiz borcu 53.37 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 1296 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 134.76 manat təşkiledir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə İmaməliyeva Balanisa Əsəd qızının öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh İmaməliyeva Balanisa Əsəd qızı ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. İş materiallarına əlavə edilmiş AR DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan borclu İmaməliyeva Balanisa Əsəd qızının vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından İmaməliyeva Balanisa Əsəd qızının adına olan Astara rayonu, Səlivə kəndində yerləşən 0.99 ha həyətyanı torpaq sahəsinin hal-hazırda faktiki olaraq oğlu Cavabdeh3 və onun ailə üzvləri: arvadı-Cavabdeh1, qızı-X1, qızı-Cavabdeh4 istifadəsində olduğu müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı QSC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə bildirməmiş, heç bir üzrlü səbəb təqdim etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddianın dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixdə bağladığı 008A********** saylı saylı Kredit Müqaviləsindən görünür ki, İddiaçı QSC ilə İmaməliyeva Balanisa Əsəd qızı arasında 60 ay müddətinə illik faiz dərəcəsi 1% olmaqla 3117.14 manat məbləğində pul vəsaitinin restruktruzasiya olunmuş borc üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə kredit verilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 008G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 ilə İddiaçı QSC arasında xx.xx.2019-cu il tarixli, 008G**********01 saylı zaminlik müqaviləsi bağlanılmış, Cavabdeh3 həmin zaminlik müqaviləsi ilə İmaməliyeva Balanisa Əsəd qızına 60 ay müddətinə faiz dərəcəsi 1% olmaqla 3117.14 manat məbləğində pul vəsaitinin kredit verilməsi üzrə yaranmış öhdəliyinin tam yerinə yetirilmədiyi təqdirdə onunla birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Zaminlik müqaviləsinin 4-cü bəndinə görə zaminlik müqaviləsinin imzalandığı tarixdən qüvvəyə mindiyi və kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədə olması barədə razılığa gəlinmişdir. İş materiallarına əlavə edilmiş İmaməliyeva Balanisa Əsəd qızına məxsus hesab üzrə çıxarışdan görünür ki, 3117.14 manat kredit İmaməliyeva Balanisa Əsəd qızının hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Ödəniş cədvəlindən görünür ki, İmaməliyeva Balanisa Əsəd qızı 60 ay müddətinə ilk 1 il güzəşt tətbiq edilməklə sonrakı hər ay 66 manat olmaqla 3117.14 manat əsas, 96.98 manat faiz borcu olmaqla, cəmi 3214.12 manat məbləğində pulu ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İmaməliyeva Balanisa Əsəd qızının xx.xx.2019-cu il tarixdə bağladığı 008A********** saylı saylı Kredit Müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 2783.95 manat məbləğində əsas, 53.37 manat məbləğində faiz borcu, 134.76 manat cərimə borcu olmaqla, cəmi 2972.08 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş 06 fevral 2025-ci il tarixli, Ödəniş qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən 49.73 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş DİN-nin BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İmaməliyeva Balanisa Əsəd qızı Astara rayonu, Səlivə kəndində qeydiyyatda olmuş, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 13 may 2024-cü il tarixli 31 nömrəli Astara rayon İcra Hakimiyyəti Başçısının Şuvi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Şuvi nümayəndəliyinin Səlivə kənd sakini olmuş İmaməliyeva Balanisə Əsəd qızı vəfat edəndən sonra onun adına olan Astara rayonu Səlivə kəndində yerləşən 0.99 ha həyətyanı sahəsi hal hazırda faktiki olaraq oğlu Cavabdeh3 və Cavabdeh3 ailə üzvləri olan Cavabdeh1, X3, Cavabdeh4, X4, X2 istifadəsindədir. Həmin arayışdan görünür ki, İmaməliyeva Balanisə Əsəd qızı vəfat edəndən sonra onun vərəsələrinin Cavabdeh3, X10, X7, X13, X5, X8, X6, X9, X11, X12 olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 22 aprel 2022-ci il tarixli məktubdan görünür ki, 1951-ci il təvəllüdlü İmaməliyeva Balanisə Əsəd qızının adına Astara rayonu Səlivə kəndində 6 nəfər ailə üzvü ilə ümumibirgə mülkiyyətdə olan 0.99 ha həyətyanı torpaq sahəsi xx.xx.2002-ci il tarixli JN-037A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş 28 aprel 2022-ci il tarixli 300 nömrəli məktubdan görünür ki, 24 dekabr 1951-ci il təvəllüdlü Astara rayonu Səlivə kəndində qeydiyyat olan İmaməliyeva Balanisə Əsəd qızının adına Astara rayonu notariat ofisində vərəsəlik işi açılmamışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydalarına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2019-cu il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Göslərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, vərəsəlik şəhadətnaməsi olmadığı halda, miras qoyanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə vərəsələrin mirası qəbul etmələri faktının təsdiq edilməsi barədə kreditorun ərizəsi hüquq sahibi tərəfindən verilmədiyindən və müvafiq məsələ hüquq haqqında mübahisə doğurduğundan işə mövcud qanunvericilik normalarına uyğun olaraq xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı və həll edilməlidir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyi şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə oz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etdiki, İddiaçı QSC ilə bağlanmış xx.xx.2019-cu il tarixli 008A********** saylı kredit müqaviləsinə əsasən İmaməliyeva Balanisa Əsəd qızına 60 ay müddətinə illik 1% olmaqla 3117.14 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bankla Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli, 008G**********01 saylı zaminlik müqaviləsi bağlanılmış və zamin, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsulliyəti öz üzərinə götürmüşdür. İmaməliyeva Balanisa Əsəd qızı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İmaməliyeva Balanisə Əsəd qızı vəfat edəndən sonra onun vərəsələrinin Cavabdeh3, X10, X7, X13, X5, X8, X6, X9, X11, X12 olduğu müəyyən edilmiş, lakin, İmaməliyeva Balanisə Əsəd qızının adına Astara rayonu notariat ofisində vərəsəlik işi açılmamış və İmaməliyeva Balanisə Əsəd qızının adına Astara rayonu Səlivə kəndində 6 nəfər ailə üzvü ilə ümumibirgə mülkiyyətdə olan 0.99 ha həyətyanı torpaq sahəsinin faktiki olaraq oğlu Cavabdeh3 və Cavabdeh3 ailə üzvləri olan Cavabdeh1, X3, Cavabdeh4, X4, X2 istifadəsində olduğu müəyyən edilmişdir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, İmaməliyeva Balanisə Əsəd qızının xx.xx.2019-cu il tarixli 008A********** saylı kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklər olduğundan kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsəsi tərəfindən icra edilməlidir. Qanunvericiliyə əsasən mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olduqlarından hazırda iddiaçının kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etmək hüququ məhz Cavabdeh3 qarşı yaranmışdır. Belə ki, İmaməliyeva Balanisə Əsəd qızının adına Astara rayonu Səlivə kəndində 6 nəfər ailə üzvü ilə ümumibirgə mülkiyyətdə olan 0.99 ha həyətyanı torpaq sahəsi məhz oğlu olan vərəsəsi Cavabdeh3 tərəfindən faktiki olaraq qəbul edilib istifadə edilməkdədir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlandığından və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etmək hüququ məhz Cavabdeh3 qarşı yaranmışdır. Belə ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Məhkəmə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh4 vərəsə kimi kredit müqaviləsi üzrə borcun tutulmasının tələb edilməsinə münasibətdə isə qeyd edir ki, bu hissəsə iddia təmin edilə bilməz. Belə ki, Cavabdeh1 və Cavabdeh4 Cavabdeh3 müvafiq olaraq həyat yoldaşı və qızıdır. Onun ailə üzvü olaraq sözügedən torpaq sahəsindən istifadə etməkdədirlər. Mülki qanunvericiliyə əsasən onlar İmaməliyeva Balanisə Əsəd qızının vərəsəsi dairəsinə daxil deyillər. Belə ki, Cavabdeh1 mərhum borclunun gəlinidir ki, gəlin mülki qanunvericiliyə əsasən qayınananın qanun üzrə vərəsələri dairəsinə daxil deyil, Cavabdeh4 isə mərhum borclunun nəvəsidir ki, onun da qanun üzrə vərəsəlik hüququ miras açıldığı vaxt atası Cavabdeh3 sağ olmadığı halda yarana bilərdi. Bu səbəbdən də, iddiaçı olan İddiaçı QSC-nin Cavabdeh1 və Cavabdeh4 kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etmək kimi subyektiv hüququ yoxdur. Beləliklə, borclu müqavilə ilə götürdüyü öhdəliyi vəfat etdiyindən vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, müqavilənin şərtləri pozulmuşdur. Borclunun vərəsəsi, həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat vermiş zamin Cavabdeh3 müqavilə üzrə yaranmış borcu ödəməmişdir. Cavabdeh3 isə qanunvericiliyin tələbindən irəli gələrək öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi 134.76 manat məbləğində cərimə silinərək 20 manat həddində müəyyən edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 49.73 manat dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 47.74 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 2783.95 manat məbləğində əsas, 53.37 manat məbləğində faiz borcu, 20 manat cərimə borcu olmaqla, cəmi 2857.32 manat məbləğində pul vəsaiti və 47.74 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №e-2(018)-643/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-643/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver