Məhkəmə qərarları › İş №e-2(018)-802/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-802/2024

04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-802/2024 04.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı «borc tələbi barədə» iddia verərək, cavabdehdən iddiaçının xeyrinə 879 (səkkiz yüz yetmiş doqquz) manat 5 (beş) qəpik əsas məbləğ üzrə, 203 (iki yüz üç) manat 95 (doxsan beş) qəpik faiz üzrə, 48 (qırx səkkiz) manat 30 (otuz) qəpik cərimə üzrə cəmi 1131 (min yüz otuz bir) manat 30 (otuz) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 31 (otuz bir) manat 72 (yetmiş iki) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli bank xidmətlərini təqdim edilməsinə dair ümumi ofertası əsasında "xxxx" KB ASC tərəfindən cavabdeh istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixində 36 ay müddətində illik 29% (iyirmi doqquz faiz) şərtilə 3000 (üç min) manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixində ərizə imzalamaqla Unibank” KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 879 (səkkiz yüz yetmiş doqquz) manat 5 (beş) qəpik əsas məbləğ üzrə, 203 (iki yüz üç) manat 95 (doxsan beş) qəpik faiz üzrə, 48 (qırx səkkiz) manat 30 (otuz) qəpik cərimə üzrə cəmi 1131 (min yüz otuz bir) manat 30 (otuz) qəpik borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 31 (otuz bir) manat 72 (yetmiş iki) qəpik dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 2sMDKb/23 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə Unibank” KB ASC-yə 879 (səkkiz yüz yetmiş doqquz) manat 5 (beş) qəpik əsas məbləğ üzrə, 203 (iki yüz üç) manat 95 (doxsan beş) qəpik faiz üzrə, 48 (qırx səkkiz) manat 30 (otuz) qəpik cərimə üzrə cəmi 1131 (min yüz otuz bir) manat 30 (otuz) qəpik borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış müqavilə əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun banka borcu yarandığı və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 48 (qırx səkkiz) manat 30 (otuz) qəpik məbləğində cərimə pulu azaldılaraq 2 (iki) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 31 (otuz bir) manat 72 (yetmiş iki) qəpik dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 879 (səkkiz yüz yetmiş doqquz) manat 5 (beş) qəpik əsas məbləğ, 203 (iki yüz üç) manat 95 (doxsan beş) qəpik faiz, 02 (iki) manat cərimə, cəmi 1085 (min səksən beş) manat borc və 31 (otuz bir) manat 72 (yetmiş iki) qəpik ödənilmiş dövlət rüsumu alınıb iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar