Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-973/2025 25.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4842,54 AZN əsas, 617,26 AZN faiz, 39,76 AZN cərimə, cəmi 5499,56 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 75,40 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 464nkMDK/24 saylı Kredit Müqaviləsinin 1.1- ci bəndinə əsasən iddiaçı xx.xx.2028-ci il tarixinədək, illik 25% ödəmək şərtilə 4843 AZN məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür (ödəniş cədvəli tərtib olunub). Cavabdeh yuxarıda qeyd olunan kredit müqaviləsini imzalamaqla həmçinin “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə” xx.xx.2021-ci il tarixli kütləvi ofertanı (aksept) təsdiq etmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı digər kredit müqaviləsinin bağlanmasıdır. Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə üzrə ayrılmış kredit Borcalanın digər kredit müqaviləsi üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun cari hesabından Bank tərəfindən akseptsiz qaydada silinmişdir. Kreditin Bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nağd qaydada hesabdan məxaric edilməsini istisna edir. Hazırki iddia tələbinin əsası olaraq iddiaçı Ümumi Ofertaya, cavabdehlə bağlanmış Kredit müqaviləsinə, borcun tam qaytarılması üçün cavabdehə göndərilmiş Bildiriş və onun çatdırılmasına dair poçt qəbzinə, cavabdehin Şəxsiyyətini təsdiq edən sənədə, Maliyyə arayışına, Dövlət rüsumun ödənilməsini təsdiq edən sənədə istinad edir. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" KB ASC məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli 464nkMDK/24 saylı Kredit Müqaviləsindən görünür ki, iddiaçı cavabdehə xx.xx.2028-ci il tarixədək, illik 25% olmaqla 4843 AZN məbləğində kredit vermiş, kreditin məqsədli təyinatı xx.xx.2023-cü il tarixli 4959nkLKNb/22 nömrəli kredit müqaviləsinin bağlanması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli 464nkMDK/24 saylı Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədən görünür ki, Cavabdehn xx.xx.2028-ci il tarixədək hər ay 177 AZN, sonuncu ay 175.30 AZN olmaqla 4843 AZN əsas, 2412.30 AZN faiz borcu ödəməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, "xxxx" KB ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2025-ci il tarixə cavabdehin iddiaçıya 4842,54 manat əsas, 424,91 manat faiz, 16,83 manat cərimə, cəmi 5284,28 manat məbləğində borcu vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, müqavilə üzrə cavabdehin iddiaçıya əsas borca görə 4842,54 manat əsas, 617,26 manat faiz, 39,76 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 5499,56 manat borcu vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Astara Rayon Məhkəməsində baxılması üçün 75 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2024-cü il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dən sonra qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1.); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2.); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3.). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 744.1-ci maddəsinə əsasən, kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina edilməsi, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı). Beləliklə, tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 464nkMDK/24 saylı Kredit Müqaviləsinə əsasən cavabdehə xx.xx.2028-ci il tarixədək 4843 manat məbləğində kredit verilmişdir. İş üzrə iddiaçı "xxxx" KB ASC qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək müqavilənin şərtlərini pozmuşdur. Həmçinin, məhkəmə, Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu zaman yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Bütün bunları nəzərə alaraq, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2025-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərərək kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun cavabdeh tərəfindən qəbul edildiyi, yəni xx.xx.2025-ci il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda iddiaçı həmin tarixdən (xx.xx.2025-ci il) gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda isə iddiaçı xx.xx.2025-ci il tarixə olan əsas və faiz borcunu tələb edir. Bu səbəbdən iddia tələbi qismən təmin edilməli, müqavilənin ləğv edildiyi 13 mart 2025-ci il tarixə Cavabdeh borclu olduğu 4842,54 manat əsas, 424,91 manat faiz, 16,83 manat cərimə, cəmi 5284,28 manat məbləğində borc "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 75.40 manat dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 72 manat məbləğində dövlət rüsumu, 0.40 manat xidmət haqqı Cavabdeh alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4842,54 manat əsas, 424,91 manat faiz, 16,83 manat cərimə borcu olmaqla, cəmi 5284,28 manat manat məbləğində borc və 72 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №e-2(018)-973/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-973/2025
25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver