Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1019/2023 28.11.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8000,0 manat əsas borcun, 100,0 manat faiz borcunun,cəmi 8100,0 (səkkiz min bir yüz) manat məbləğin və ödənilmiş 101,0 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 iddianı müdafiə edib, onunla əsaslandırmışdır ki, İddiaçı QSC-nin Orta Kredit Komitəsinin 21 fevral 2022-ci il tarixli 10/22-P saylı protokol Qərarın icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə Balakən rayonu, Mahamalar kənd sakini Cavabdeh2 ilə 01 mart 2022-ci il tarixli RTM-003/22 saylı X5 Keçmiş Kredit Borcunun Restrukturizasiya Müqaviləsi (bundan sonra Restrukturizasiya Müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 əsas borcuna illik 1% hesablanmaqla, 8000,0 (səkkiz min) manat kredit borcunun müqavilə imzalandığı tarixdən 20 (iyirmi) ay müddətədək ödənilməsi razılaşdırılmışdır. Cavabdeh2 ilə bağlanmış Restrukturizasiya Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə fizki şəxs Cavabdeh1 arasında 01 mart 2022-ci il tarixli Z-1 (RTM-003/22) saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda, o, müqavilənin şərtlərinə əməl etməmişdir.Borclu əsas borcdan və faiz borcundan ödəniş etməmişdir. Bununla da cavabdeh restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir.Bağlanmış 01 mart 2022-ci il tarixli RTM-003/22 saylı Restrukturizasiya Müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 8000,0 manat, faiz borcu 100,0 manat,cəmi borcu 8100,0 (səkkiz min bir yüz) manat təşkil edir. Borclu Cavabdeh2 ilə bağlanmış Restrukturizasiya Müqaviləsinin 2.3-cü bəndinə əsasən, restrukturizasiya olunan kredit borcuna illik 1%-lə faiz hesablanır və ödəniş cədvəlinə uyğun olaraq cavaddeh tərəfindən hər ay ödənilir. Borc gecikdirildiyi halda isə gecikdirilmiş borc galığına illik 2%-lə faiz hesablanır. Borclu Cavabdeh2 zamini Cavabdeh1 Kredit Təşkilatı ilə borcalan arasında bağlanmış müqavilədən irəli gələn bütün öhdəlikləri tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Borcun ödənilməsi tələbi ilə Cavabdeh2 və onun zamininə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, işin mahiyyəti üzrə baxılmasını tələb etmiş və iddianın əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə hazırlıq iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Cavabdeh2 hazırki məhkəmə hazırlıq iclasına gəlməməsini üzrsüz sayaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 167-ci maddəsinə əsasən hazırki məhkəmə hazırlıq iclasının Cavabdeh2 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və Cavabdeh1 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş elektron sorğu məlumatından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı vergi orqanında vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş elektron sorğu məlumatından görünür ki, Cavabdeh2 vergi orqanında vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olan mübahisədir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 8-ci, “İnsan Hüquqlarının və X2 Haqqında” Konvensiyanın (Avropa Konvensiyası) 6-cı, “Mülki və Siyasi Hüquqlar Haqqında” Beynəlxalq Paktın 14-cü maddələrinə görə hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.1-24.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.1-26.2-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.1, 32.2, 32.3, 32.4 və 32.5, 32.6 və 32.7-ci maddələrinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər; işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir; hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır; aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər; iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir; bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə görə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı hüquqi şəxs kimi və Cavabdeh2 sahibkarlıq fəaliyyəti ilə məşğu olan fiziki şəxs kimi vergi orqanında qeydiyyata alınmışlar. Onlar Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi orqanında uçotdan çıxarılmamışlar. Belə olan halda qanun normasının tələbinə əsasən iddiaçı hüquqi şəxs və Cavabdeh2 fərdi sahibkar statusunu itirməmiş sayılırlar. Ona görə də onlar arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisə kommersiya məhkəməsinə aiddir. Məhkəmə işin hallarını, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatınınının hüquqi şəxs və Cavabdeh2 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmasını, hazırki mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olduğunu nəzərə alaraq, bu nəticəyə gəlir ki, Balakən Rayon Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair e-2(019)-1019/2023 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyatı üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26,32, 44, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair e- 2(019)-1019/2023 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Z.C.Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-1019/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1019/2023
28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver