Məhkəmə qərarları › İş №e-2(019)-1034/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1034/2024

09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1034/2024 09.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 və Cavabdeh2 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək,sadələşdirilmiş icraat qaydasında işə baxaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 528.83 (beş yüz iyirmi səkkiz manat səksən üç qəpik) manat məbləğində kredit borcu və 30 (otuz) manat dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 etirazı əsasında Balakən Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Zaqatala” filialı ilə X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 605-2306.2017-SM52 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 24 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə hesablanmaqla 1000 manat məbləğində nağd kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Lakin xx.xx.2018-ci il tarixdə borclu X4 vəfat etmiş və bundan sonra ödənişlər aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC-nin “Zaqatala” filialı ilə X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 605- 2306.2017-SM52 saylı kredit müqaviləsi üzrə 528.83 manat əsas borc yaranmışdır.Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin vərəsələr barədə məktubundan görünür ki, X1 qalmış mirasa Cavabdeh1 və Cavabdeh2 ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişlər. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC -nin nümayəndəsi Nümayəndə3 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, tərəflərindən iddia müddəti ötürülməmişdir, ona görə də iddia təmin edilməlidir.İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddianı etiraf etməyərək göstərdi ki, iddiaçı "xxxx" ASC ilə mərhum anası X5 arasında xx.xx.2017-ci il tarixdə 24 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin son tarixi xx.xx.2019-cu ildə bitmişdir. Hazırki mülki mübahisəyə iddia müddəti tətbiq edilməlidir. Kredit müqaviləsinin son tarixindən 3 ildən artıq müddət keçmişdir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş üzrə yuxarıda qeyd etdiyi halları və maddi hüquq normalarının tələblərini rəhbər tutaraq iddiaçı "xxxx" ASC iddia vermək üçün iddia müddətini ötürdüyündən iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2017-ci il tarixdə bağlanmış 605-2306-2017-SM saylı Kredit müqaviləsindən görünür ki, X3 iddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Zaqatala filialından 24 ay müddətinə illik 29 % ödəmək şərti ilə, 1000 manat məbləğində nəğd kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş maliyyə arayışından görünür ki, X2 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-nə xx.xx.2017-ci il tarixli 345PTL********** nömrəli kredit müqaviləsi üzrə-cəmi 528.83 manat əsas borc yaranmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 iyul 2018-ci il tarixli AZ-İ seriyalı 956009 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2018-ci ildə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin 07 ayının 26 günündə 89 nömrə ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh2 ərizəsindən görünür ki, o, iddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC -nin iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyini göstərərək iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh1 ərizəsindən görünür ki, o, iddiaçı Azərbaycan Beynəlxalq Bankı”ASC-nin iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyini göstərərək iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə3 və Cavabdeh2 izhatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, iddiaçı "xxxx" ASC-nin “Zaqatala” filialı ilə cavabdehlərin anası X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 605-2306.2017-SM52 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 24 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə hesablanmaqla 1000 manat məbləğində nağd kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borclu bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür.xx.xx.2018-ci il tarixdə borclu X4 ölmüş və bundan sonra ödənişlər aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC -nin “Zaqatala” filialı ilə X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 605- 2306.2017-SM52 saylı kredit müqaviləsi üzrə 528.83 manat əsas borc yaranmışdır. X1 qalmış mirasa cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizəsi əsasında vərəsəlik işi açılmışdır.İddiaçı "xxxx" ASC xx.xx.2024-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi,o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı iddia tələbini irəli sürməkdə haqlıdır. Eyni zamanda məhkəmə hesab edir ki"xxxx" ASC iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən və cavabdehlər iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiklərindən onun iddiası təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 373.3. maddələrinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Mülki Məcəllənin 377.2-ci maddəsindən görünür ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası MPM-in 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə işin göstərilən hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia müddəti tətbiq olunmaqla iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi barədə iddiası iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən ödənmiş 30,40 manat məhkəmə xərci iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi barədə iddiası, iddia müddəti tətbiq olunmaqla təmin edilməsin. Ödənmiş 30,40 manat məhkəmə xərci iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar