Məhkəmə qərarları › İş №e-2(019)-127/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-127/2023

06.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-127/2023 06.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı “FİNCA Azerbaijan” MMQBKT-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “FİNCA Azerbaijan” MMQBKT Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borc üzrə 933.00 USD, faiz borcu üzrə 91.20 USD, cərimə borcuna görə 87.22 USD olmaqla cəmi 1111.42 (min yüz on bir dollar, qırx iki sent) USD məbləğində borcun və 38.90 manat məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” MMQBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Balakən Rayon Məhkəməsinin müvafiq qərardadı ilə həmin mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı “FİNCA Azerbaijan” MMQBKT iddiasını onunla əsaslandırmışdır ki, “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-ci il tarixli, **********0553 saylı kredit müqaviləsinə əsasən şəxsə istehlak məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.32% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1720 (min yeddi yüz iyirmi) USD məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 115 USD olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, kredit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə xx.xx.2022-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh oğlunun borc məbləği, əsas borc üzrə 933.00 USD, faiz borcu üzrə 91.20 USD, cərimə borcuna görə 87.22 USD olmaqla cəmi 1111.42 (min yüz on bir dollar, qırx iki sent) USD təşkil edir. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. İddiaçı “FİNCA Azerbaijan” MMQBKT məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə teleqram göndərərək, məhkəmə baxışını onların iştirakı olmadan keçirib qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi hazırki işə onların iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etdiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iddianı qəbul etməyərək, mülki işə mahiyyəti üzrə baxılmasını tələb etdiyini bildirərək, hazırki iddia tələbi üzrə iddia müddətinin keçdiyini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə iddia müddəti keçdiyi üçün iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli, **********0553 saylı Kredit müqaviləsində, xx.xx.2016-cü il tarixli 128 nömrəli məxaric orderində və kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlində “FİNCA Azerbaijan” MMQBKT tərəfindən Cavabdeh istehlak məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.32% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1720 (bir min yeddi yüz iyirmi) USD məbləğində kreditin verilməsi göstərilmiş, kreditin ödəniş tarixləri xx.xx.2016-xx.xx.2017-ci il kimi müəyyən edilmiş, kreditin son ödəniş tarixi-icra müddəti xx.xx.2017-ci il tarix qeyd edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışında Cavabdeh iddiaçı «Finca Azerbaijan» MMQBTK-yə 933 USD əsas, 91.20 USD faiz, 87.22 USD cərimə olmaqla, cəmi 111.42 USD borcunun olması qeyd edilmişdir. İşə əlavə olunan xx.xx.2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, xx.xx.2016cə il tarixli müqavilə üzrə son ödəniş xx.xx.2017-ci il tarixdə edilmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə hazırki iddianın qaldırılması ilə əlaqədar 38.90 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış iddia müddətinin tətbiqinə dair ərizədən görünür ki, “FİNCA Azerbaijan” MMQBKT Cavabdeh qarşı əsas borc üzrə 933.00 USD, faiz borcu üzrə 91.20 USD, cərimə borcuna görə 87.22 USD olmaqla cəmi 1111.42 (min yüz on bir dollar, qırx iki sent) USD borc tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edir ki, iddiaçı “FİNCA Azerbaijan” MMQBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-ci il tarixli, **********0553 saylı kredit müqaviləsinə əsasən şəxsə istehlak məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.32% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1720 (min yeddi yüz iyirmi) USD məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 115 USD olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. İş materiallarından da göründüyü kimi Cavabdeh iddiaçı “FİNCA Azerbaijan” MMQBKT-yə borcu ilə bağlı sonuncu ödənişini xx.xx.2017-ci il tarixdə etmişdir. İddiaçı “FİNCA Azerbaijan” MMQBKT isə sonuncu ödənişdən beş ildən artıq müddət keçdikdən sonra cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edib, qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməməklə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən iddiaçı “FİNCA Azerbaijan” MMQBKT Cavabdeh qarşı əsas borc üzrə 933.00 USD, faiz borcu üzrə 91.20 USD, cərimə borcuna görə 87.22 USD olmaqla cəmi 1111.42 (min yüz on bir dollar,qırx iki sent) USD borc tələbinə iddia müddətini tətbiq etməklə, həmin iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia tələbi üzrə iddia müddəti keçdiyi və cavabdehin nümayəndəsi-vəkili iddia müddətinin tətbiqi barədə ərizə verdiyi üçün iddia təmin edilməməlidir. Belə ki, iş üzrə Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, «Finca Azerbaijan» MMQBKT-nın Cavabdeh qarşı borc tələbəinə dair iddia üzrə iddia müddəti keçdiyindən, hazırki iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.5-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1-ci maddəsinə əsasən iddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 379.1.2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 379.1.5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda; 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.3-cü maddəsinə əsasən iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.4-cü maddəsinə əsasən müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır; hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun; kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir; bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır; kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər; mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər; kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır; kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 Xamuşinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İqtisadi Mübahisələrə X5 Məhkəmə Kollegiyasının 25 dekabr 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 29 iyul 2004-cü il tarixli qərarında göstərilir ki, həmin MM-nin 80-ci maddəsinə əsasən tərəflərdən biri və ya hər ikisi vətəndaş olan mübahisələr üzrə iddia müddətinin axımı, borclu şəxsin borcunu etiraf etməsini təsdiq edən hərəkətləri ilə kəsilir. Fasilədən sonra iddia müddətinin axımı yenidən başlayır; fasiləyə qədər keçmiş vaxt yeni müddətə hesablanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqaviləsindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. İş materiallarından görünür ki, iddiaçı Finca Azerbaijan» MMQBKT ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli, **********0553 kredit müqaviləsi 18 ay müddətinə bağlanmışdır ki, həmin müqavilənin də başa çatma müddəti 03 noyabr 2017-ci il tarixdir. Yəni bu sözügedən kredit müqaviləsinə əsasən müəyyənləşdirilmiş öhdəliklərlə bağlı icra müddəti 03 noyabr 2017-ci il tarixdir və qanunvericiliyə əsasən də kredit müqaviləsinə dair tələb üzrə iddia müddətinin axımı həmin icra müddətinin bitdiyi 03 noyabr 2017-ci il tarixdən hesablanmalıdır. İşdəki sübutlara əsasən müqavilə üzrə son ödəniş xx.xx.2017-ci il tarixdə edilmiş, müqavilə müddətinin başa çatdığı xx.xx.2017-cı il tarixdən sonra isə cavabdeh tərəfindən həmin müqavilə üzrə iddiaçıya heç bir ödəniş edilməmişdlir. Məhkəmə işin faktoloji hallarına və qanunvericiliyin tələbinə istinad edərək, hesab edir ki, hazırki tələb üzrə iddia müddətinin axımı müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən hesablanmalıdır. Bu xüsusda məhkəmə iddiaçının nümayəndəsinin hazırki müqavilə üzrə iddia müddətinin axımının sonuncu ödənişin olduğu xx.xx.2017-ci il tarixdən başlanması barədə mülahizəsini qəbul etmir. Konstitusiya Məhkəməsinin Plenumu iddia müddəti institutunun mahiyyəti ilə bağlı sözügedən 3 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı qərarında qeyd etmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxrmaq zərurətindən azad edir. Deryus Litvaya qarşı, Baranovski Polşaya qarşı və Braniovski Polşaya qarşı işlərdə Avropa Məhkəməsi göstərmişdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standartlara cavab verməlidir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarına istinad edərək qeyd edir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarını pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqədardır. Bu hal da hər zaman bir-biri ilə üst-üstə düşmür. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. İddia müddəti ilə bağlı oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında da əks olunmuşdur. İddia müddətləri və onların hesablanması ilə bağlı qaydalar bir sıra ölkələrin (Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan, Belarus, Almaniya, Fransa, Türkiyə və s.) qanunvericiliklərində də müəyyən edilmişdir. Bu dövlətlərin qanunvericiliklərində iddia müddətləri müxtəlif müəyyən edilsə də, mahiyyət etibarı ilə eyni məqsədə xidmət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 377.1 və 377.2-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 3 iyun 2013-cü il tarixli qərarına əsasən müqavilə üzrə iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin bitməsi tarixindən, Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən borclu şəxs borcunu etiraf etməsini göstərən hərəkətlər etdikdə isə həmin hərəkətlərin edildiyi vaxtdan şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başdlanmalıdır. Məhkəmə iş materiallarına və yuxarıda istinad olunan qanunvericilik aktlarına istinad edərək, hesab edir ki, hazırki xx.xx.2016 il tarixli kredit müqaviləsinə dair tələb üzrə 3 illik iddia müddətinin axımı həmin 03 noyabr 2017-ci il tarixdən hesablanmalıdır. Göstərilənlər əsasında həmçinin o qənaət də hasil olunmalıdır ki, iddiaçının xx.xx.2016-cı il tarixli kredit müqaviləsi ilə bağlı ehtimal edilən subyektiv hüququ obyektiv an-03 noyabr 2017-ci il tarixdən başlayır və məhz həmin tarixdən o, öz hüquqlarının pozulduğunu bilməli idi. Belə ki, iddiaçı «Finca Azerbaijan» MMQBKT peşəkar kredit müəssisəsi kimi özünə məxsus olan pul vəsaitini sonradan qaytarmaq şərtilə kredit formasında müştəriyə verir və bu zaman ödənilən faizlər həmin təşkilatın qazancını təşkil edir. Kredit təşkilatının əsas funksiyalarından biri də kredit vermə funksiyasıdır. Verdiyi kredit məbləğlərinin qaytarılmasına nəzarət etmək və bununla bağlı müvafiq hüquqi prosedurlardan istifadə etmək kredit müəssisəsinin vəzifəsidir. Bu zəmində məhkəmə hesab edir ki, müştəriləri ilə çoxlu sayda kredit müqaviləsi bağlayan və bu sahədə peşəkar kreditvermə funksiyasını yerinə yetirən «Finca Azerbaijan» MMQBKT məhz qeyd olunan 03 noyabr 2017-ci il tarixdən başlamaqla bu növ iddialar üçün qanunda müəyyən olunmuş 3 illik müddət ərzində özünün hüquqlarının pozulduğunu bilməli idi. İddiaçı «Finca Azerbaijan» MMQBKT iddia müddətinin axımının dayandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379-cu maddəsində qeyd olunmuş halların mövcud olması və iddia müddətinin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə hər hansı sübutlar təqdim etməmiş, eyni zamanda iddia müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1-ci maddəsində iddia müddətinin axımının dayandırıldığı hallar müəyyən edilmişdir ki, həmin hallar da yuxarıda sadalanmışdır. Lakin iş materiallarından görünür ki, hazırki işdə iddia müddətinin axımının dayandırılmasına səbəb olmuş qanunda göstərilən halların heç biri baş verməmişdir. İddiaçı hazırki iş üzrə öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu gündən-03 noyabr 2017-ci il tarixdən başlyaraq 3 il ərzində cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı «Finca Azerbaijan» MMQBKT Cavabdeh qarşı qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti ərzində xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə borcunun qaytarılması tələbi ilə məhkəməyə müraciət etməmiş, həmin 3 illik iddia müddəti keçdikdən sonra xx.xx.2022ci il tarixdə bu tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 da təmsil etdiyi Cavabdeh qarşı hazırki iddia üzrə iddia müddəti keçdiyindən iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə bu xüsusda hesab edir ki, hazırki işdə iddia müddəti keçdiyindən iddia müddəti tətbiq edilməklə iddianın təmin olunmaması üçün bütün faktoloji və hüquqi əsaslar mövcuddur və ona görə də iddia təmin olunmamalıdır. Məhkəmə, Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 izahatını dinləyib, iş üzrə sübutları araşdırıb, həmin sübutlara yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə, hazırki iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdiyi üçün iddiaçı «Finca Azerbaijan» MMQBKT-nın Cavabdeh qarşı Cavabdeh əsas borc üzrə 933.00 USD, faiz borcu üzrə 91.20 USD, cərimə borcuna görə 87.22 USD olmaqla cəmi 1111.42 (min yüz on bir dollar, qırx iki sent) USD məbləğində borcun və 38.90 manat məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” MMQBKT-nın xeyrinə tutulması tələbinə dair iddiası təmin olunmamalı, hazırki iddianın qaldırılması üçün ödənilmiş 38.90 manat dövlət rüsumu iddiaçı «Finca Azerbaijan» MMQBKT-na aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə, hazırki iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdiyi üçün iddiaçı «Finca Azerbaijan» MMQBKT-nın Cavabdeh qarşı Cavabdeh əsas borc üzrə 933.00 USD, faiz borcu üzrə 91.20 USD, cərimə borcuna görə 87.22 USD olmaqla cəmi 1111.42 (min yüz on bir dollar, qırx iki sent) USD məbləğində borcun və 38.90 manat məbləğində ödənilmiş dövlət rüsumunun «Finca Azerbaijan» MMQBKT-nın xeyrinə tutulması tələbinə dair iddiası təmin olunmasın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 38.90 manat dövlət rüsumu iddiaçı «Finca Azerbaijan» MMQBKT-na aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar