Məhkəmə qərarları › İş №e-2(019)-138/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-138/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-138/2024 05.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 10000 (on min) manat borcun, 120 (bir yüz iyirmi) manat ödənilmiş dövlət rüsumunun, 0,4 (qırx qəpik) manat xidmət haqqının alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 19 iyun 2023-cü il tarixdə 4-5 ay müddətinə geri qaytarmaq vədi ilə ondan 10.000 manat borc pul götürmüş və bu barədə iltizam yazaraq ona vermişdir. Həmin borca təminat kimi cavabdeh özünə məxsus 4127 2211 0414 1652 nömrəli sosial, atasına məxsus 6762 6111 0908 4227 nömrəli pensiya kartını iddiaçıya təqdim etmiş, ən geci 5 ay müddətinə borcu tam bağlayacağını, həmin vaxtadək təqdim etdiyi pensiya kartlarına köçürülən vəsaiti borcun əvəzi olaraq iddiaçı tərəfindən alınacağını bildirmişdir. Cavabdeh 10.000 manat pulu aldıqdan sonra iddiaçıya təqdim etdiyi plastik kartları etibarsız hesab etdirmiş, borcun geri qaytarılmasından imtina etmişdir. Borcun qaytarılması ilə bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq tərəflər arasında hər hansı razılaşmanın əldə edilməsi mümkün olmamışdır. Mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək 05 fevral 2024-cü il tarixdə saat 11:00-da Şəki Apellyasiya Məhkəməsində təyin edilmiş məhkəmə iclasında iştirak edəcəyindən 12:00-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddiaçının hazırda Bakı şəhərində olduğundan onun da məhkəmə iclasında iştirakının mümkün olmayacağını göstərərək məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.1 və 185.6-cı maddələrinə əsasən işə onların iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli iltizamda göstərilmişdir ki; “Mən Cavabdeh İddiaçı Mahamarasul qızından 10.000 min manat borc pul götürdüm cəmi 4-5 ayda geri qaytarmaq şərti ilə” . Məhkəmə iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh 19 iyun 2023-cü il tarixdə İddiaçı 10.000 (on min) manat borc pul almış, bu barədə 19 iyun 2023-cü il tarixdə iltizam yazaraq ona vermişdir. Cavabdeh borc aldığı 10 000 manat pulu 4-5 ay ərzində iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və iddiaçıya ödəməli olduğu 10.000 manatı hazıra kimi ödəməmişdir. Buna görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Cavabdeh 10.000 (on min) manat borc pul alınıb İddiaçı xeyrinə ödənməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənmiş 120 (bir yüz iyirmi) manat ödənilmiş dövlət rüsumu xərci və 0,40 manat bank xidmət haqqı Cavabdeh alınıb İddiaçı xeyrinə ödənməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 10.000 (on min) manat borc pul ,120 (bir yüz iyirmi) manat ödənilmiş dövlət rüsumu xərci və 0,40 manat bank xidmət haqqı alınıb İddiaçı xeyrinə ödənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 10.000 (on min) manat borc pul ,120 (bir yüz iyirmi) manat ödənilmiş dövlət rüsumu xərci və 0,40 manat bank xidmət haqqı alınıb İddiaçı xeyrinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar