Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-152/2022 26.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən müqavilə üzrə 578 manat qalıq borcu və 208.08 manat cərimə borcu olmaqla, cəmi 786.08 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 09.12.2017 ci il tarixli, RRK00879 saylı nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, borcluya 1469 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulunun nisyə satıldığını və məhsulun cavabdehə təhvil verildiyini, tərəflər arasında bağlanmış 09.12.2017 ci il tarixli, RRK00879 saylı nisyə alqı-satqı müqaviləsininin təminatı olaraq Cavabdeh2 ilə 09.12.2017-ci il tarixdə zaminlik müqaviləsinin bağlandığını, müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilmədiyini, onun borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyini, cavabdehlərə dəfələrlə tərəflərindən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini yerinə yetirmədiyini, bu səbəbdən də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiklərini, İddiaçı MMC-nin Cavabdeh1 qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işin icraatda olduğunu, İddiaçı MMC-nin Cavabdeh1 qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsində borcun tutulmasının ancaq bir cavabdehdən göstərildiyini, zamindən borcun tutulmasının qeyd edilmədiyini bildirərək cavabdehlər Cavabdeh1 Məhəmməd oğlundan və Cavabdeh2 müştərək (birgə) qaydada müqavilə üzrə 578 manat qalıq borcun, 208.08 manat cərimə borcu olmaqla, cəmi 786.08 manat borcun, həmçinin ərizə verilməsi üçün tərəfimizdən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə icraata qəbul edilmiş, həmçinin bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəljdiyi üçün Cavabdeh2 hazırki iş üzrə cavabdeh kimi işə cəlb edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 51.3-cü maddəsinə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 09.12.2017 ci il tarixli, RRK00879 saylı nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, borcluya 1469 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki” nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yertirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 578 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdehlərin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 208.08 manat təşkil edir (bax: əlavə olunan maliyyə arayışı). Hazırda cavabdehə qarşı güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni ödəmək borcludan tələb edilir. Belə olan halda, hesablanmış cərimə məbləğinin 10%-i 208.08 manat təşkil edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakı olmadan baxılmasına etirazlarının olmadığını, iddianı müdafiə etdiklərini bildirərək, qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş 09.12.2017-ci il tarixli nisyə satış müqaviləsindən, həmin müqaviləyə 1 saylı əlavədən, bildiriş və əlavə ödəniş cədvəlindən görünür ki, həmin müqavilə İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış və İddiaçı MMC Cavabdeh1 1469 manat dəyərində SAMSUNG- markalı televizoru 12 ay müddətinə, 09.12.2017-ci il tarixdə 70 manat, 09.01-2018-09.11.2018-ci il tarixlərdə hər ay 117 manat və 09.12.2018-ci il tarixdə 112 manat ödəniş edilməsi göstərilməklə müqavilə ilə nisyə satmış, müqavilə üzrə son ödəniş müddəti 09.12.2018-ci il tarix göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 09.12.2017-ci il tarixli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında Zaminlik müqaviləsi bağlanmış, zamin borclunun 09.12.2017-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı təşkilat qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 07 dekabr 2021-ci il tarixli maliyyə arayışı və ödəniş cədvəlində göstərilmişdir ki, nisyə satış məbləği 1469 manatdır, Cavabdeh1 iddiaçı təşkilata 09.12.2017-ci il tarixli müqavilə üzrə əsas borcdan 578 manat qalıq borc, 208.08 manat cərimə olmaqla, ümumilikdə 786.08 manat borcu qalmışdır. İş materiallarından həmçinin görünür ki, İddiaçı MMC tərəfindən cavabdehlərə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi, o cümlədən məhkəməyə müraciət ediləcəyi barədə onlara xəbərdarlıq olunmuşdur. İşdə olan 07.12.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 09.12.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə İddiaçı MMC Cavabdeh1 SAMSUNG- markalı televizoru 12 ay müddətinə, 09.12.2017-ci il tarixdə 70 manat, 09.01-2018-09.11.2018-ci il tarixlərdə hər ay 117 manat və 09.12.2018-ci il tarixdə 112 manat ödəniş edilməsi göstərilməklə müqavilə ilə nisyə satmış, müqavilə üzrə son ödəniş müddəti 09.12.2018-ci il tarix göstərilmişdir. Eyni zamanda 09.12.2017-ci il tarixli müqavilədən irəli gələn öhdəliyin icrasının təmin üsulu olaraq Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən həmin zamin Cavabdeh1 sözügedən müqavilə üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh1 09.12.2017-ci il tarixli müqavilə üzrə əsas borcdan 578 manat qalıq borcu qalmış və ona 208.08 manat cərimə borcu hesablanmışdır. Həmçinin iddiaçı təşkilat hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Resublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında yuxarıda qeyd edilən 09.12.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən Cavabdeh1 münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin həmin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının Cavabdeh1 qarşı yönəltdiyi 578 manat qalıq borc tələbi əsaslıdır və təmin olunmalıdır. İddiaçı həmçinin Cavabdeh1 208.08 manat cərimə formasında dəbbə pulu tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi 208.08 manat cərimə formasında dəbbə pulu 578 əsas borc tələbinə nisbətdə tənasübsüz surətdə yüksək məbləğdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanun normasının mənasından görünür ki, dəbbə pulu borclunun icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin tərəflər dəbbə pulunun miqdarının müəyyənləşdirilməsi zamanı diskresion səlahiyyətlərə malikdirlər, yəni sərbəstdirlər. Lakin mülki hüquq məsuliyyətinin həcmi nəzərə alınmaqla, qanunvericilik bununla bağlı da konkret normalar müəyyən etmişdir. Belə ki, mülki qanunvericilik mülki hüquq məsuliyyətinin iki növünü təsbit edir: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi (sinqulyar) məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməkdə ifadə olunan hüquq pozuntusuna yol verdikdə, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə olan halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir:1) Əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu hal, zərərin dəbbə pulunun çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. 2) Alternativ ödənilən dəbbə pulu. Yəni borclu kreditorun arzusuna əsasən ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəməlidir. 3) Müstəsna dəbbə pulu. Yəni borclu yalnız dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməməsini müəyyən etmişdir. 4) Cərimə (kumulyativ) dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına əsasən kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki işdə dəbbə pulunun bu növündən söhbət gedir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 ödənilməsi tələb edilən 208.08 manat dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlməməklə, hazırki müqavilə üzrə əsas borc tələbinə dair kreditorun əmlak mənafeləri və bütün əsaslı mənafeləri nöqteyi-nəzərindən tənasübsüz surətdə yüksək məbləğdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə alınmaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa riayət olunmalıdır. «Zvierzinski Polşaya qarşı» 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Avropa Məhkəməsi eyni hüquqi mövqeyini «Sporronq və Lonnrot İsveçə qarşı» və «Marks Belçikaya qarşı» işlərdə də ifadə etmişdir. Məhkəmə aktlarının həm də ədalətli olması ilə bağlı Avropa Məhkəməsi «Delcourt Belçikaya qarşı», «Piersack Belçikaya qarşı» və «X4rşı» işlərdə göstərmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh1 ödənilməsi tələb edilən 208.08 manat məbləğində cərimə formasında dəbbə pulu azaldılaraq, 1 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, 09.12.2017-ci il tarixli nisyə alqı-satqı satış müqaviləsi əsasında İddiaçı MMC tərəfindən Cavabdeh1 1469 manat dəyərində SAMSUNG- markalı televizor 12 ay müddətinə hər ay müqavilədə göstərilən məbləğ ödənilməklə nisyə satılmış, müqavilə üzrə son ödəniş müddəti 09.12.2018-ci il tarix qeyd edilməklə əsas öhdəliyin icrası müddəti göstərilmişdir. İş materiallarında olan 09.12.2017-ci il tarixli Zaminlik Müqaviləsindən də görünür ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin borclunun 09.12.2017-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı təşkilat qarşısında məsuliyyəti öz üzərinə götürmüş, həmin müqavilədə bu zaminliyin verilmə müddəti göstərilməmiş, müqavilənin 3.1-ci bəndində bu müqavilənin sözügedən alqı-saqı müqaviləsi üzrə alıcının satıcı qarşısında öz öhdəliklərini yerinə yetirilənə qədər qüvvədə olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 367.3-cü maddəsinə əsasən müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Göründüyü kimi, qanun o cümlədən əqdlə təyin edilən müddətin təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar və hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilməsini nəzərdə tutur. Hazırki mülki işdə olan 09 dekabr 2017-ci il tarixli zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar, həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyən edilməmiş, yəni müqavilənin verilmə müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Qanun normalarının tələbinə görə daşınar əşyaların alqı-satqı müqaviləsi müddətli müqavilədir. Deməli, daşınar əşyanın alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üçün bağlanılan və müddəti göstərilməyən zaminlik müqaviləsinin müddəti də həmin alqısatqı müqaviləsinin müddəti olaraq hesab olunmalıdır. İş materiallarından görünür ki, hazırki iş üzrə 09 dekabr 2017-ci il tarixli daşınar əşyanın alqı-satqı müqaviləsinin icra müddətinin bitmə tarixi 09 dekabr 2018-ci ildir. Yəni 09 dekabr 2017-ci il tarixli zaminlik müqaviləsi üzrə zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gün 09 dekabr 2018-ci il tarixdir. Belə olan halda məhkəmə hesab edir ki, 09 dekabr 2017-ci tarixli zaminlik müqaviləsi üzrə zaminə qarşı onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddia irəli sürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyin verilmə müddəti təyin edilmədikdə, zaminliyə onun təmin etdiyi öhdəiyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, zaminliklə təmin edilmiş 09 dekabr 2017-ci il tarixli daşınar əşyanın alqı-satqı müqaviləsi üzrə 12 aylıq nisyə satışla bağlı öhdəliyin icrası vaxtının başa çatdığı gün 09 dekabr 2018-ci il tarixdir ki, qanuna görə də kreditor, yəni İddiaçı MMC həmin gündən, yəni 09 dekabr 2018-ci il tarixdən başlayaraq bir il ərzində hazırki zamin X1 qarşı iddia irəli sürə bilərdi. Lakin işdəki sübutlardan aydın olur ki, 09 dekabr 2017-ci il tarixli zaminlik müqaviləsi əsasında zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddiaçı tərəfindən zaman Cavabdeh2 qarşı iddia irəli sürülməmiş, bu iddia həmin müddətdən iki ildən də çox vaxt keçdikdən sonra irəli sürülmüşdür ki, bu da qanunun tələblərinə ziddir. Belə olan halda yuxarıda istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən Cavabdeh2 zaminliyinə xitam verilir. Zaminliyə xitam verildiyi halda, zamin Cavabdeh2 digər cavabdeh olan borclu Cavabdeh1 oğlunun 09 dekabr 2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış öhdəliklərinə görə məsuliyyət daşıya bilməz. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia zamin Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Məhkəmə onu da qeyd etməyi lazım bilir ki, zaminliyə bu əsasla xitam verilməsi qanunda göstərilmişdir, qanuni haldır. Bunun üçün qanunda zaminin razılığının tələb olunması nəzərdə tutulmamışdır. Qanun birmənalı qeyd edir ki, zaminliyin verilmə müddəti göstərilmədikdə və zaminliklə təmin edilmiş öhdəliyin icrasının başa çatdığı vaxtdan kreditor ona qarşı bir il ərzində iddia irəli sürmürsə, mütləq qaydada zaminliyə xitam verilməlidir. Zaminliyə xitam verilməsinin iddia müddətinin tətbiqinə heç bir aidiyyəti yoxdur. Belə ki, zaminliyə xitam verilməsi və bu əsasla zaminlərə qarşı iddianın rədd edilməsi iddia müddətinin tətbiqi deyildir. Bu qanunda göstərilmiş mütləq tətbiq edilməli olan kəsici müddətdir və zaminin buna ərizə verilməsi ilə şərtləndirilmir. İddia müddəti isə məhkəmədə iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddətdir. İddia müddətinin tətbiqi ilə iddianın rədd edilməsi üçün tərəflərin ərizəsinin olması lazımdır (Mülki Məcəllənin 373, 375.1 və 375.2-ci maddələri). Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və iddia tələbinə etirazını və iddia tələbinə etirazın əsaslandırıldığı hər hansı halla bağlı sübutları məhkəməyə göndərməmiş və bunnunla da özünə münasibətdə iddianın əsassızlığını sübut edə bilməmişdir. Qanuna görə isə (MPMnin 77.1-ci maddəsi) iddia tələbinə etirazın əsaslandırıldığı halları subut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 müqavilə üzrə 578 manat qalıq borc və 1 manat cərimə borcu olmaqla, cəmi 579 manat borc və ödənilmiş 22.10 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə və Cavabdeh2 münasibətdə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin; Cavabdeh1 müqavilə üzrə 578 manat qalıq borc və 1 manat cərimə borcu olmaqla, cəmi 579 manat borc və ödənilmiş 22.10 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun; iddia qalan hissədə və Cavabdeh2 münasibətdə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-152/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-152/2022
26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver