Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-224/2022 01.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 24 aprel 2015-ci il tarixli 2(019)- 399/2015 saylı qətnaməsi dəyişdirilərək Balakən rayonunun Mahamalar kəndində yaşayan Cavabdeh 25 dekabr 2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər baxılıb saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edib, onunla əsaslandırmışdır ki, o, 2012ci il də qeyri-rəsmi nikahla Cavabdeh ilə evlənmişdir. Nikahlarını isə 26 dekabr 2012-ci ildə Balakən rayonu Qeydiyyat Şöbəsində 298 sayla rəsmiləşdirmişlər. Onların birgə nikahdan 25 dekabr 2013-cü ildə X4 adında bir uşaqları olmuşdur. Cavabdehlə ailə qurub 10 ay bir yerdə mehriban yaşamış, ailə münasibətləri yaxşı olmuşdur. Lakin bir müddət sonra cavabdehlə aralarında narazılıqlar yaranmağa başlamışdır. Cavabdehlə aralarındakı ailə münasibətlərinin davam etdirilməsi mümkünsüz olduğundan o, evi tək edərək atasının Balakən şəhərində yerləşən evinə qayıtmışdır. Hal-hazırda uşaqla birlikdə atası evində yaşayır. Cavabdehlə birgə nikahdan olan qızı Aytac onun himayəsindədir. Cavabdehlə aralarında olan nikah ləğv edilmişdir. Eyni zamanda Balakən Rayon Məhkəməsinin 24 aprel 2015-ci il tarixli 2(019)-399/2015 saylı qətnaməsinə əsasən qızı Aytacın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 60 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Cavabdeh ümumiyyətlə uşaqla maraqlanmır. Ailə qanunvericiliyinin tələblərinə əsasən cavabdehdə onunla birlikdə uşaq üzərində məsuliyyət daşıyır, eyni zamanda uşağa baxmaq onun da vəzifəsidir. Ancaq cavabdeh Rasul Mehdiyevin verdiyi alimentlə uşağı saxlamaq onun üçün çox çətindir. Belə ki,uşaq böyüdükcə onun tələbatları artır. O, Balakən rayon Sanitariya və Epidemiologiya Mərkəzində dezinfektor vəzifəsində işləyir, aylıq əmək haqqı 351,90 manatdır. Lakin bu əmək haqqqı ilə özünü və qızını dolandırmaqda, ailə tələbatının ödənilməsində çətinlik çəkir. Ailə vəziyyəti ağırdır. Cavabdeh fərdi işlərdə işləməklə ayda kifayət qədər qazanc əldə etməsinə baxmayaraq qızının baxılmasına heç bir köməklik göstərmir. Məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentin məbləği isə uşağın aylıq ehtiyaclarını ödəmir. Ona görə də alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, verdiyi izahatında göstərmişdir ki, o, İddiaçı ilə 2012-ci il də qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını isə 26 dekabr 2012-ci ildə Balakən rayonu Qeydiyyat Şöbəsində 298 sayla rəsmiləşdirmişlər. Onların birgə nikahından 25 dekabr 2013-cü ildə X4 adında bir uşaqları olmuşdur. Evləndikdən sonra mehriban yaşamışlar. Aralarında tez-tez ailə münasibətləri zəminində mübahisələri olmuşdur. Buna görə də iddiaçı ilə ayrılmışdır. İddiaçı ilə aralarında olan nikah məhkəmə qaydasında ləğv edilmişdir. O, DOST İş Mərkəzində nəzarətçi köməkçisi vəzifəsində işləyir, aylıq əmək haqqı 300 manatdır. Şəxsi təsərrüfatı da vardır. Hazırda İddiaçı aliment tələbini qismən-120 manat hissədə qəbul edir və iddianın qismən təmin olunmasına etiraz etmir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 24 aprel 2015-ci il tarixli 2(019)-399/2015 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, Cavabdeh 30 mart 2015-ci il tarixdən başlayaraq 25 dekabr 2013-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 60 (altmış) sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 20 aprel 2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 312606 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X5 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 20 aprel 2019-ci ldə 33 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv edildikdən sonra qadına Mirəliyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 11 yanvar 2014-cü ildə verilmiş AZ-İİİ seriyalı, 221926 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 25 dekabr 2013-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan 11.12.2021-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, bu arayış İddiaçı və X7 11/12/2021 tarixində, 12-00 saatlarında keçirilən ilkin mediasiya sessiyasinda iştirak etdiyini təsdiq etmək üçun verilir. Lakin, tərəflər mübahisəsi üzrə ilkin mediasiya sessiyasindan sonra prosesi davam etdirmək baradə qərar qəbul etmədilər. İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasının kecirilməsi üçün 50 (alli) azn məbləğində mediasiyaya dair xərci İddiaçı təktərəfli qaydada ödədi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X9 yerinə dair arayışda (əmək haqqı göstərilməklə) göstərilir ki, İddiaçı Balakən rayon Gigiyena və Epidemiologiya Mərkəzində dezinfektor vəzifəsində işləyir. Onun aylıq əmək haqqı 351.90 manatdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş elektron əmək müqaviləsi məlumatında göstərilir ki, Cavabdeh "xxxx" MMC-də sosial işçi vəzifəsində işləyir. Onun aylıq əmək haqqı 300 manatdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia qismən təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı xeyrinə bir uşağın saxlanması üçün Cavabdeh tutulan sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməklə (artırılmaqla), 150 manat sabit pul məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda,uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosail müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşağın böyüdükcə maddi tələbatının yüksəlməsi, aliment təyin edilən 24 aprel 2015-ci il tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 108 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2022-ci ildə uşaqlar üçün yaşayış minimumunun 193 manat təşkil etməsi) və bu xüsusda uşağın təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. 25 dekabr 2013-cü ildə anadan olmuş X1 üçün Balakən Rayon Məhkəməsinin 24.04.2015-ci il tarixli, 2(019)-399/2015 nömrəli qətnaməsi ilə təyin edilmiş 60 manat aliment həmin uşağın yaşının və bu xüsusda tələbatının artması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşağı saxlamağın hər iki valideynin vəzifəsi olması nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İddiaçının izahatından və iş materiallarından həmçinin görünür ki, cavabdehin ödədiyi aliment yetkinlik yaşına çatmayan uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaq böyüdükcə onun tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşağı saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 24.04.2015-ci il tarixli, 2(019)-399/2015 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün 60 manat aliment təyin edildikdən sonra iddiaçı 7 ilə yaxın müddət ərzində alimentin artırılması üçün məhkəməyə müraciət etməmiş, cavabdeh də bu müddət ərzində bu aylıq 60 manatlıq aliment ödənişindən əlavə uşağın maddi təminatında iştirak etməmişdir. Faktiki olaraq iddiaçı uşağın saxlanması üçün əsas yükü öz üzərinə götürmüşdür. Aliment təyin edilən 24.04.2015-ci il tarixdə uşağın 2 yaşı olduğu halda, hazırda onun 8 yaşı vardır. Bu xüsusda uşaq böyüdükcə onun tələbatı da artmışdır. Təbii kimi, hazırki şəraitdə hər ay 60 manat alimentlə uşağın artan tələbatını ödəmək və onun əvvəlki təminat səviyyəsini maksimal saxlamaq qeyri-mümkündür. Bu hallar da alimentin artırılmasını tələb edir. İşdəki sübutlardan görünür ki, iddiaçı Balakən Rayon SEM-də dezinfektor işləməklə ayda 351,90 manat, cavabdeh isə DOST İş Mərkəzi MMC-də işləməklə 300 manat əmək haqqı alır. Ölkə üzrə uşaqlar üçün 2022-ci ildə yaşayış minimumu 193 manatdır. Belə olan halda uşağın saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşağın əvvvəkli təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. Bu xüsusda aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin dəyişdirilərək (artırılaraq) hər ay 150 manat sabit pul məbləğində müəyyən olunması əsaslı və ədalətlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən-təyin olunmuş alimentin 150 manat miqdarında artırılması hissəsində təmin edilməli, 150 manatdan artıq tələb məbləği hissəsində isə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olan iddialarda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normaları əsasında müvafiq qiymət verərək, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 24 aprel 2015-ci il tarixli, 2(019)-399/2015 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), 25 dekabr 2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyi üçün iddianın təmin olunmuş hissəsinə münasib olaraq Cavabdeh 37,5 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Balakən Rayon Məhkəməsinin 24 aprel 2015-ci il tarixli, 2(019)-399/2015 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin (artırılsın); 25 dekabr 2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin; iddia qalan hissədə təmin olunmasın; Cavabdeh 37,5 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-224/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-224/2022
01.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver