Məhkəmə qərarları › İş №e-2(019)-267/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-267/2022

21.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-267/2022 21.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı Babayeva (Şirinova) Alina Akif qızının və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Babayeva (Şirinova) Alina Akif qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Babayeva (Şirinova) Alina Akif qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 2(019)-268/2021 saylı 23.02.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə himayəsində olan 19 mart 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Babayeva (Şirinova) Alina Akif qızı iddiasını müdafiə edib, onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 07 may 2018-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Həmin nikahdan 19 mart 2019-cu il tarixdə Afina adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulmuşdur. Bundan sonra o, Balakən Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 17 avqust 2020- ci il tarixli 2 (019)- 565/2020 nömrəli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş və 19 mart 2019-cu il təvəllüdlü X7 onun yanında saxlanılmışdır. Nikah pozularkən Balakən Rayon Məhkəməsi uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində 120 manat alimentin Cavabdeh alınaraq, ona verilməsini qət etmişdir. Daha sonra alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-268/2021 saylı 23.02.2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılmış, 140 manat təyin edilmişdir. O, hal-hazırda mağazada satıcı işləyir, aylıq 150 manat əmək haqqı alır. Balakən Rayon Məhkəməsinin 2(019)-268/2021 saylı 23.02.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 140 manat alimentlə uşağının palpaltarlarının, sağlamlığının, maddi təminatlarının və təhsil xərclərinin ödənilməsi heç cür mümkün deyildir. Ona görə alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Qazaxstan Respublikasında işləməklə kifayət qədər qazanc əldə edir. Eyni zamanda cavabdehin Balakən rayonunda olan ailə təsərrüfatında iri buynuzlu mal-qarası və əkin üçün torpaq sahələri vardır. Cavabdeh hər ay uşaq üçün 200 manat aliment ödəmək iqtidarındadır. Qeyd edilənləri nəzərə alıb, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qismən qəbul edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh iddiaçı X8 ilə 07 may 2018-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Tərəflərin həmin nikahdan 19 mart 2019-cu il tarixdə Afina adlı uşaqları anadan olmuşdur. Evləndikdən sonra iddiaçı və cavabdeh mehriban yaşamış, lakin sonralar tərəflər arasında tez-tez ailə münasibətləri zəminində mübahisələr olmuşdur. Buna görə də iddiaçı ilə cavabdeh ayrılmışlar. Təmsil etdiyi cavabdeh Babayev X4 Respublikasının Almatı şəhərində kafedə ofisiant işləyir, ayda 280 manat əmək haqqı alır. Röyalın başqa ailəsi və uşaqları yoxdur. Hazırda iddia tələbini qismən-160 manat hissədə qəbul edir. İddianın qismən-hər ay uşağa 160 manat aliment ödənilməsi hissəsində təmin olunmasına etiraz etmir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Mahamalar kənd icra nümayəndəliyi tərəfindən verilmiş XVİİİ JQ seriyalı 330538 № -li 08 avqust 1994-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh oğlu xx xxxx 1994-ci il tarixdə anadan olmuş, atası X5, anası X9 qızı yazılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 07 aprel 2019-cu il tarixdə verilmiş AZ -İV seriyalı 277371 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 19 mart 2019-cu tarixdə anadan olmuş, atası Cavabdeh Əsəbəli oğlu, anası X12 qızı yazılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 2(109)-268/2021 nömrəli 23.02.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli 2(019)-565/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməsi (artırılması), tərəflərin birgə nikahından 19 mart 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh Əsəbəli oğlundan 140 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X6 verilməsi qət edilmişdir. İşdə olan 10.01.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, bu arayış Cavabdeh Əsəbəli oğlunun Babayeva (Şirinova) Alina Akif qızı tərəfindən təsvir edildiyi kimi nikahın pozulması mübahisəsi üzrə 10.01.2022 tarixində 14.30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini/iştirak etməkdən yazılı şəkildə imtina etdiyini təsdiq etmək üçün verilir. Cavabdeh Əsəbəli oğlu ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 (beş) gün əvvəlcədən məktub vasitəsilə məlumtalandırılmışdır. Babayeva (Şirinova) Alina Akif qızı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödədi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia qismən təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən iddiaçı Babayeva (Şirinova) Alina Akif qızının xeyrinə bir uşağın saxlanması üçün cavabdeh Cavabdeh Əsəbəli oğlundan tutulan sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməklə (artırılmaqla), 170 manat sabit pul məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda,uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosail müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşağın böyüdükcə maddi tələbatının yüksəlməsi, aliment təyin edilən 23 fevral 2021-ci il tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 175 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2022-ci ildə uşaqlar üçün yaşayış minimumunun 193 manat təşkil etməsi) və bu xüsusda uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. 19 mart 2019-cu il tarixdə doğulmuş X1 üçün Balakən Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli 2(019)-268/2021 nömrəli qətnaməsi ilə təyin edilmiş 140 manat aliment həmin uşağın yaşının və bu xüsusda tələbatının artması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşağı saxlamağın hər iki valideynin vəzifəsi olması, həmçinin tərəflər arasında mübahisəsiz fakt kimi qəbul edilmiş iddiaçının və cavabdehin işləməsi və iddiaçının hər ay 150 manat, cavabdehin nümayəndəsinin bildirdiyinə görə cavabdehin hər ay 280 manat əmək paqqı alması, cavabdehin də üzv olduğu təsərrüfatda torpaq sahəsinin və iri buynuzlu mal-qara olmaqla müəyyən qazancın əldə edilməsi halı nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İddiaçının izahatından və iş materiallarından həmçinin görünür ki, cavabdehin ödədiyi aliment yetkinlik yaşına çatmayan uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaq böyüdükcə onun tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşağı saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Cavabdehin nümayəndəsi iddianı qismən-hər ay 160 manat aliment təyin edilməsi hissəsində qəbul etmiş, qalan hissədə isə qəbul etməmişdir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşağın əvvvəkli təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. Bu xüsusda aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin dəyişdirilərək (artırılaraq) hər ay 170 manat sabit pul məbləğində müəyyən olunması əsaslı və ədalətlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən-təyin olunmuş alimentin 170 manat miqdarında artırılması hissəsində təmin edilməli, 170 manatdan artıq tələb məbləği hissəsində isə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olan iddialarda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normaları əsasında müvafiq qiymət verərək, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli Balakən Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(019)-268/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), 19 mart 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh Əsəbəli oğlundan 170 manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı Babayeva (Şirinova) Alina Akif qızının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyi üçün iddianın təmin olunmuş hissəsinə münasib olaraq Cavabdeh Əsəbəli oğlundan 44 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı Babayeva (Şirinova) Alina Akif qızına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Balakən Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(019)-268/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin (artırılsın); 19 mart 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh Əsəbəli oğlundan 170 manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı Babayeva (Şirinova) Alina Akif qızının xeyrinə ödənilsin; iddia qalan hissədə təmin olunmasın; Cavabdeh Əsəbəli oğlundan 44 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı Babayeva (Şirinova) Alina Akif qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar