Məhkəmə qərarları › İş №e-2(019)-284/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-284/2023

05.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-284/2023 05.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 125 manat məbləğində alimentin miqdarının artırılaraq X6 və X1 üçün hər ay hər uşağa 190 manat məbləğində ümumilikdə cəmi iki uşaq üçün 380 manat miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 19 aprel 2011-ci ildə rəsmi qaydada ailə həyatı qurmuşlar. Qurduğu bu ailə ilə əlaqədar bağlanmış nikah barədə nikahın bağlanması haqqında Akt qeydləri kitabında 2011-ci ilin aprel ayının 19-da 12 nömrə ilə qeyd edilmişdir. Bağladıqları bu nikahdan 26 mart 2013-cü il tarixdə X6, 29 may 2014-cü il tarixdə isə X3 anadan olmuşdur. Övladları dünyaya gəldikdən sonra bir neçə il ərzində (2017-ci ilədək) ailə münasibətləri normal olmuşdur. Həmin vaxtlar işləmək üçün Rusiya Federasiyasına gedib gəlmişlər. Cavabdeh olan əri hal-hazırda da Rusiya Federasiyasında işləyir. Son vaxtlar 2019-cu ildən etibarən əriylə aralarında ailə münasibətləri zəminində narazılıqlar yaranmağa başladı. Bu narazılıqların nəticəsi olaraq iki övladıyla birlikdə Rusiyadan qayıdıb Balakən rayonuna gəlmişdir. Cavabdeh ilə aralarında baş vermiş bu narazlıq bir birinə olan münasibətdən və xasiyyətlərinin uyğun olmamasından yaranmışdır. Nəticədə Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il e- 2(019)-508/2022 nömrəli qətnaməsinə əsasən 2011-ci ilin aprel ayında bağladıqları nikah pozulmuşdur. Rusiyadan qayıdıb atasının evində yaşamağa başladığı zamandan dəfələrlə uşaqların saxlanması üçün pul göndərməsini, onların qeydinə qalmasını məlum etsə də heç bir köməklik etmirdi. Vəziyyətin ağır olduğunu və təkbaşına uşaqları saxlaya bilməyəcəyini nəzərə alaraq 2020-ci ildə hər iki övladına aliment müəyyən edilməsi üçün Balakən Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir. Həmin vaxt dövlət tərəfindən bir uşağın saxlanmas üçün minimum məbləğ 175.00 manat müəyyən edilmişdir. O isə iddia tələbində hər bir uşağın saxlanması üçün 150.00 manat miqdarında -iki uşaq üçün 300.00 manat miqdarında alimentin müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Balakən Rayon Məhkəməsi isə 2(019)-753/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər ay hər bir uşaq üçün 125 manat məbləğində alimentin tutulmasını qərarlaşdırmışdır. Bir uşağın saxlanması üçün 2020-ci ildə Yaşayış minimumu haqda Qanuna görə 175.00 manat müəyyən edildiyi halda məhkəmə tərfindən 125.00 manat müəyyən edilməsi qanunun tələblərinə zidd olmuşdur. Bu məbləğ, 125 manat bu gün üçün bir uşağın saxlanması üçün aşağı məbləğ olmaqla yetərli məbləğ deyil. Eyni zamanda hal-hazırda hər iki övladı məktəblidir. İbtidai sinifdə oxuyurlar. Aliment müəyyən edilən zaman bir uşağı məktəbli idi. Övladları xəstədir, onların müalicəsi və sağlam yaşaması üçün maddi durumu çox aşağıdır. Heç yerdə işləmir. Ona görə də alimentin miqdarının artırılması cox vacibdir. Cavabdeh olan əri sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Gəliri qeyri-müəyyəndir. Hər ay gəlirləri müxtəlif olur. İlk növbədə alimentin miqdarının artırılması ilə tələbiylə bağlı aşağıda qeyd etdiyi qanuna əsaslanır. Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumunun müəyyən edilməsi haqda Azərbaycan Respublikasının Qanunu ilə uşaqlar üçün bir aylıq məbləğin miqdarı 2023-ci il yanvar ayının 01-dən 220.00 (iki yüz iyirmi) manat müəyyən edilmişdir. Bu Qanuna əsasən 1 uşağın saxlanması üçün 220.00 manat müəyyən edilibsə məhkəmə tərəfindən əvvəl müəyyən edilmiş 125.00 manat məbləğ artırılaraq alimentin miqdarının 190.00 manat müəyyən edilməsi daha doğru olar. İkincisi 2020-ci ildə Balakən Rayon Məhkəməsi alimentlə bağlı qərar çıxararkən həmin ildə uşaqların saxlanması üçün bir aylıq alimentin miqdarı 175.00 manat müyyən edildiyi halda və iddiasında hər uşaq üçün 150.00 manat məbləğin təyin edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə isə hər bir uşaq üçün 125.00 manat aliment müəyyən etmişdir. Məhkəmə həmin 125.00 manat aliment məbləğini təyin etmək üçün ona bu haqda ərizə yazdırdı və eyni zamanda məhkəmə iclasında cavabdehin vəkili tərəfindən anasının yanında təhqirə (sən anasanmı, səndən anamı olar və.s.) məruz qaldı. O, bu cür təhqirə məruz qaldı, 125.00 manat alimentlə bağlı ərizə yazdı. Üçüncüsü qızı Dibirova Zəhra əlil olduğu üçün müavinət alırdı. 2022-ci ilin əvvəlindən əlilliyi ilə bağlı verilən 130 manat mavinət dayandırılıb. Maddi vəziyyəti daha da ağırlaşıb. Qeyd edilənlərə əsaslanaraq alimentin miqdarının artırılması vacibdir. Ona görə qanunvericiliyin tələbinə əsaslanaraq övladları olan 2013-cü il təvəllüdlü X6 və 2014-cü il təvəllüdlü X3 üçün ayrılıqda hər biri üçün hər ay 190.00 (yüz doxsan) manat, ümumilikdə isə 380.00 (üç yüz səksən ) manat miqdarında alimentin müəyən edilməsi yaşayış minimumuna nisbətən uyğun olardı. Məhkəməyə məlum edir ki, ilk olaraq tələbləriylə bağlı cavabdehlə razılığa gəlmək üçün Mediasiya Şurasına müraciət etmişdir. Amma iş üzrə cavabdeh olan əri Cavabdeh mediasiya şurasında iştirak etmədi. Bu haqda ilkin mediasiya şurasında iştirak edilməməsi haqda Asan xidmət xx.xx.2022-ci il tarixli MŞİH- 12112 nömrəli Arayış təqdim etdi. Məhkəmə iclasında İddiaçı iddiasını müdlafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan 19 aprel 2011-ci il tarixdə verilmiş AZ-İ 658474 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 arasında nikah 2011-ci ilin aprel ayının 19 günündə 12 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Dibirova soyadı verilmişdir. İş materiallarında olan 30 aprel 2013-cü il tarixdə verilmiş AZ-İİİ 073879 nömrəli və 07 iyun 2014-cü il tarixdə verilmş İİ-FR 565739 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahından 26 mart 2013-cü il tarixdə X6 və 29 may 2014-cü il tarixdə X3 doğlumuşlar. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2 (019)-753/2020 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, 11 sentyabr 2020ci il tarixdən başlayaraq 12 mart 2013-cü ildə anadan olmuş X4 və 29 may 2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 125 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (019)- 548/2022 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 19 aprel 2011-ci il tarixdə Balakən rayonu Qullar kənd inzibati ərazi dairəsində 12 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2013-cü ildə doğulmuş X6 və xx.xx.2014-cü ildə doğulmuş X3 anaları İddiaçı yanında saxlanılmış, Cavabdeh dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödəniləmsi qət edilmişdir. İş materiallarından həmçinin görünür ki, tərəflər arasında hazırki tələblə bağlı ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdeh iştirak etmədiyi üçün ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, İddiaçı 50 manat mediasiya xərci, həmçinin nikahın pozulması iddiası ilə bağlı 50 manat dövlət rüsumu ödəmiş və Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il traixli qətnaməsi ilə həmin 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia qismən təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı xeyrinə Cavabdeh tutulan sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməklə (artırılmaqla), bir uşağın saxlanması üçün hər ay 160 manat, iki uşağın saxlanması üçün hər ay 320 manat sabit pul məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşaqların böyüdükcə maddi tələbatının yüksəlməsi, aliment təyin edilən 07 oktyabr 2020-ci ildə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 170 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması ( uşaqlar üçün yaşayış minimumunun 2023-cü ildə isə 220 manat təşkil etməsi) və bu xüsusda uşaqların təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. Tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanması üçün Balakən Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 125 manat aliment həmin uşaqların yaşının və bu xüsusda tələbatının artması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olması, iddiaçının işləməməsi halı da nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşaqlara ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə bir uşağın saxlanması üçün 125 manat, iki uşağın saxlanması üçün 250 manat aliment təyin edildikdən sonra iddiaçı 2 ildən artıq müddət ərzində alimentin artırılması üçün məhkəməyə müraciət etməmiş, cavabdeh də bu müddət ərzində təyin edilmiş aliment ödənişindən əlavə uşaqların maddi təminatında iştirak etməmişdir. Faktiki olaraq iddiaçı uşaqların saxlanması üçün əsas yükü öz üzərinə götürmüşdür. Aliment təyin edilən 07 oktyabr 2020-ci il tarixdə Zəhra Dibirovanın 7, Abduləziz Dibirovun 6 yaşı olduğu halda hazırda onların yaşı və bu xüsusda tələbatı da artmışdır. Hazırki şəraitdə isə hər uşağa 125 manat təyin olunmuş alimentlə uşaqların artan tələbatını ödəmək və onların əvvəlki təminat səviyyəsini maksimal saxlamaq qeyri-mümkündür. Bu hallar da alimentin artırılmasını tələb edir. Ölkə üzrə uşaqlar üçün 2022-ci ildə yaşayış minimumu 193 manat, 2023-cü ildə üçün isə 220 manat müəyyən olunmuşdur. Belə olan halda uşaqların saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşaqların əvvvəkli təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. İddiaçının izahatından və iş materiallarından müəyyən olunur ki, məhkəmə qətnaməsi ilə cavabdehin hər ay hər bir uşağa ödəməli olduğu 125 manat aliment yetkinlik yaşına çatmayan həmin uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaqlar böyüdükcə onların tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşaqları saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Digər tərəfdən alimentin miqdarı müəyyən olunduqdan sonra tələbatın artması və həyat şəratinin bahalaşması ilə bağlı uşaqların saxlanması konteksində iddiaçının maddi vəziyyətinin pisləşməsi halı da Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş alimentin artırılması üçün əsas kimi nəzərə alınmalıdır. Belə ki, ümumməlum faktdır ki, Balakən Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il qətnaməsi ilə alimentin miqdrı müəyyən olunduqdan sonra hazırki vaxtadək gündəlik tələbat malları, sənaye malları və ərzaq məhsullarının qiyməti davamlı olaraq artmışdır. Məhz həm də bunun nəticəsi olaraq dövlət tərəfindən yaşayış minimumu, o cümlədən yaşayış minimumu məbləği artırılmışdır. Həmçinin iş materiallarından görünür ki, iddiaçı işləmir və onun hər hansı qazancı (gəliri) müəyyən edilməmişdir. Lakin cavabdeh, yalnız təyin olunmuş aylıq alimenti ödəməyə çalışmış, alimentin təyin olunduğu vaxtdan sənaye və ərzaq məhsullarının və digər malların qiymətlərinin artmasına, həyat şəraitinin bahalaşmasına baxmayaraq, alimentin miqdarını artırmamış, uşaqların artan maddi tələbatının təmin edilməsində iştirak etməmişdir. Bu müddət ərzində uşaqların məişət qayğılarının çəkilməsində və artan tələbatının təmin edilməsində əsas ağırlıq iddiaçının üzərinə düşmüşdür. Bu hallar birmənalı şəkildə aliment təyin olunduqdan sonra iddiaçının maddi vəziyyətinin pisləşməsini, bu xüsusda hazırki alimentin uşaqların əvvəlki təminat səviyyəsinə maksimal saxlanması zərurətinə cavab vermədiyini göstərir. Bu konteksdə məhkəmə nəzərə çatdırır ki, uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımi şəraitin yaradılması ilə birbaşa bağlıdır. Belə ki, bütün sahələr üzrə uşaqların üstün maraqlarının təmin edilməsi Azərbaycan dövlətinin prioritet siyasətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşaqların öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Həmçinin qanun normalarının tələbinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və mövcud məhkəmə praktikasına görə uşaqlara qulluq göstərmək, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi uşaqların himayəsində olduğu valideynin üzərinə düşdükdə yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğ aliment kimi digər valideyndən tutulur. Bu hal faktoloji və hüquqi əsas olaraq Azərbaycan Respublikasının məhkəmə praktikasında tətbiq olunur. Belə ki,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda,məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənlərin konteksində məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi, həmçinin cavabdehin uşaqların artan tələbatları konteksində onları əvvəlki təminat səviyyəsində saxlamaq vəzifəsi daşıması ilə bağlı hal, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin-iddiaçının üzərinə düşməsinin qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas ola bilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və bu hüquqi mövqelər əsasında formalaşmış məhkəmə praktikası əsas tutulmaqla uşaqların saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşaqların əvvvəkli təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. Bu xüsusda aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin dəyişdirilərək (artırılaraq) hər ay hər uşağa 160 manat, hər ay iki uşağa görə 320 manat sabit pul məbləğində müəyyən olunması əsaslı və ədalətlidir.Ona görə də məhkəmə hesab edir ki,iddia qismən-təyin olunmuş alimentin hər ay hər uşağa görə 160 manat, hər ay iki uşağa görə 320 manat miqdarında artırılması hissəsində təmin edilməli, hər ay hər uşağa görə 160 manat, hər ay iki uşağa görə 320 manat aliment məbləğindən artıq tələb məbləği hissəsində isə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Repsublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olan iddialarda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normaları əsasında müvafiq qiymət verərək, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2(019)-753/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), 12 mart 2013-cü il tarixdə doğulmuş X4 və 29 may 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay hər uşağa görə 160 manat olmaqla, iki uşağa görə hər ay cəmi 320 manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Həmçinin Cavabdeh 58,40 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Balakən Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2(019)-753/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın); 12 mart 2013-cü il tarixdə doğulmuş X4 və 29 may 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay hər uşağa görə 160 manat olmaqla, iki uşağa görə hər ay cəmi 320 manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı verilsin; iddia qalan hissədə təmin olunmasın; Cavabdeh 58,40 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar