Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-291/2024 21.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün olan alimentin miqdarının artırılaraq hər ay 300 manat təyin edilməsi, ilkin mediasiya xərci olaraq ödədiyi 60 manatın Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşı ilə ailə münasibətləri o qədər də ürəkaçan olmamışdır. Cavabdehlə xasiyyəti uyğun gəlmədiyindən ,artıq onunla birlikdə yaşamağının mümkün olmaması səbəbi ilə cavabdehdən ayrılmaq qərarına gəlmişdir. Bununla belə cavabdehlə aralarında bağlanan nikahın pozulması tələbi ilə 2015-ci ildə Balakən Rayon Məhkəməsində iddia qaldırmışdır. Balakən Rayon Məhkəməsinin 2(019)- 591/2015 nömrəli qətnaməsinə əsasən cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan övladı xx.xx.2008-ci il təvəllüdlü X8 üçün sabit pul məbləğində 100 (bir yüz) manat miqdarında aliment tutulması barədə qərar qəbul edilmişdir. Nikah pozulduqdan sonra oğlu X8 ilə ata evində yaşamağa başladı. Ata evində atası, qardaşı və ailəsi, o (övladı ilə), birgə yaşayırlar. 2017-ci ildə keçmiş həyat yoldaşı Cavabdeh uşağın saxlanılması üçün aliment miqdarını artırmasını, uşağın maddi və mənəvi ehtiyaclarını ödəməsini istəmişdir. Qarşılığında cavabdeh heç bir əlavə artım etməyəcəyini bildirdi. Bu hadisədən sonra cavabdehdən məhkəmə qaydasında alimentin miqdarının artırılması tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2017- ci ildə Balakən Rayon Məhkəməsinin 2(019)-772/2017 nömrəli qətnaməsi ilə cavabdehdən aliment miqdarının artırılması haqında iddia ərizəsi qəbul edilmiş və X1 üçün hər ay sabit pul məbləğində 140 (bir yüz qırx) manat alimentin alınıb ona verilməsi haqqında qətnamə qəbul edilmişdir. Hal-hazırda bir uşağın saxlanması üçün minimum aliment miqdarı 235 manat miqdarında təyin edilmişdir. 2017-ci ildən bəri aliment miqdarı hər il stabil olaraq qalxsa da, cavabdeh tərəfindən bu artım reallaşmamışdır. Bu müddət ərzində övladı böyümüşdür və onun təlabatları artmaqdadır. Hal belə olduğundan cavabdehə vaxtaşırı alimentin miqdarını artırması ilə bağlı etdiyi çağırışlar,cavabdehin bundan xəbəri olmasına baxmayaraq,cavabsız qalmışdır. Cavabdeh qətiyyətlə aliment miqdarını ödəməyəcəyini bildirmişdir. Cavabdehin imkanı ola-ola çətinliklə verdiyi məbləğlə övladının maddi təminatlarının qeydinə qalmaq heç cür mümkün deyildir. Uşaq böyüdükcə tələbatları artır. Lakin buna baxmayaraq, cavabdeh uşağın saxlanılması üçün az miqdarda aliment ödəyir. Alimentin miqdarının artırılması üçün cavabdehin xx.xx.2023-cü il tarixində Mediasiya Şurasında iştirak etməsi barədə təklif göndərilmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Mediator mediasiya sessiyası haqqında məlumat verməsi və cavabdehin iclasda iştirakını təmin etmək məqsədi ilə cavabdehlə əlaqə saxlamışdır. Qarşılığında cavabdeh aliment miqdarının artırılmasına heç bir halda razı olmadığını, artırılsa belə heç bir ödəniş etməyəcəyini vurğulamışdır. xx.xx.2024-cü il tarixində cavabdehin İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir və o, dövlət rüsumu kimi 60 (altmış) manat rüsum ödəmişdir. Xüsusi olaraq qeyd etmək istəyir ki, cavabdeh ölkələr arası yük daşıyır və aylıq qazancı yüksəkdir. Zənniycə cavabdeh aylıq olaraq 3000-4000 dollara yaxın məvacib qazanır. Cavabdehdən övladını saxlamaq üçün aliment miqdarı olaraq 300 (üç yüz) manat tələb edir. Çünki oğlu Nihat artıq böyüyüb və universitetə hazırlaşır. Onun hazırlaşması əlavə məsrəf tələb edir. Bunun cavabdehin qazancının çox kiçik bir hissəsi olduğunu düşünür və 300 manatı qarşılayacaq imkana sahibdir. Cavabdehin qazancının yaxşı olmasına baxmayaraq, aliment miqdarının artırılmasına etiraz etməsi onun övladına qarşı biganə olmasından xəbər verir. Hesab edir ki, cavabdehdən tutulmaq şərti ilə uşaq üçün qanunvericiliklə müəyyən olunmuş qaydada alimentin miqdarı artırılmalıdır. Məhkəmə iclasında İddiaçı iddiasının müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq özünün Balakən şəhərində Al marketdə satıcı işlədiyini və aylıq 350 manat əmək haqqı aldığını, Cavabdeh yeni ailə qurduğunu, həmçinin cavabdehin himayəsində Rusiya Federasiyasında daha bir uşağının olduğunu və cavabdehin ona aliment ödədiyini bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 08 may 2017-ci il tarixli 2(019)- 772/2017 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 01 oktyabr 2015-ci il tarixli 2(019)-59/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh 14 may 2008-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 140 manat alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan 18 may 2016-cı il tarixdə verilmiş AZ-İ 239230 №-li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2016-cı ilin may ayının 18 günündə 50 № ilə qeyd edilmişdir. İş materiallarında olan 09 iyun 2015-ci il tarixdə verilmiş AZ-İİİ 479538 №-li doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahından 14 may 2008-ci il tarixdə X8 adında bir uşaq doğulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, tərəflər arasında alimentin miqdarının artırılması tələbi ilə bağlı ilkin mediasiya sessiyası təyin edilmiş, lakin Cavabdeh həmin sessiyada iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat mediasiya xərci ödəmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh (VÖEN:3********) xx.xx.2023-cü il tarixdən vergi orqanında vergi uçotuna alınmışdır. İş materiallarına əlavə olunmuş Balakən Rayon İcra Hakimiyyəti başçısının Hənifə kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 12 mart 2024-cü il tarixli 15 №-li məktubundan görünür ki, Hənifə kənd sakini Cavabdeh hal-hazırda Rusiya Federasiyasındadır. X2 məxsus təsərrüfatda 0.80 kvadrat evi və 0.12 ha həyətyanı torpaq sahəsi vardır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı xeyrinə Cavabdeh tutulan sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməklə (artırılmaqla), bir uşağın saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşağın böyüdükcə maddi tələbatının yüksəlməsi, aliment təyin edilən 08 may 2017-ci ildə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 136,60 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2024-cü ildə 235 manat təşkil etməsi) və bu xüsusda uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. İş materialları ilə müəyyən olunur ki, tərəflərin birgə nikahından 14 may 2008-ci il tarixdə doğulmuş X3 üçün Balakən Rayon Məhkəməsinin 08 may 2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 140 manat aliment həmin uşağın yaşının və bu xüsusda tələbatının artması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşağı saxlamağın hər iki valideynin vəzifəsi olması, iddiaçının işləməsi və cavabdehin yeni ailə qurması və himayəsində daha bir azyaşlı uşağın olması halları da nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin 08 may 2017ci il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün 140 manat aliment təyin edildikdən sonra iddiaçı 7 ilə yaxın müddət ərzində alimentin artırılması üçün məhkəməyə müraciət etməmiş, cavabdeh də bu müddət ərzində təyin edilmiş aliment ödənişindən əlavə uşağın maddi təminatında iştirak etməmişdir. Faktiki olaraq iddiaçı uşağın saxlanması üçün əsas yükü öz üzərinə götürmüşdür. Aliment təyin edilən 08 may 2017-ci il tarixdə Nihat Sevixanovun 9 yaşı olduğu halda hazırda onun yaşı (16 yaş) və bu xüsusda tələbatı da artmışdır. Hazırki şəraitdə isə təyin olunmuş 140 manat alimentlə uşağın artan tələbatını ödəmək və onun əvvəlki təminat səviyyəsini maksimal saxlamaq qeyri-mümkündür. Bu hallar da uşağın saxlanması üçün aliment məbləğinin artırılmasını tələb edir. Ölkə üzrə uşaqlar üçün 2024-cü ildə yaşayış minimumu 235 manat müəyyən olunmuşdur. Belə olan halda uşağın saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşağın əvvvəkli təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. İş materiallarından müəyyən olunur ki, məhkəmə qətnaməsi ilə cavabdehin hər ay ödəməli olduğu 140 manat aliment yetkinlik yaşına çatmayan həmin uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaq böyüdükcə onun tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşağı saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşağın mənafeyinin qorunmasına, hazırki şəraitdə onun təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Digər tərəfdən alimentin miqdarı müəyyən olunduqdan sonra tələbatın artması və həyat şəratinin bahalaşması ilə bağlı uşağın saxlanması konteksində iddiaçının maddi vəziyyətinin pisləşməsi halı da Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş alimentin artırılması üçün əsas kimi nəzərə alınmalıdır. Belə ki, qeyd olunmalıdır ki, Balakən Rayon Məhkəməsinin 08 may 2017-ci il tarixli qətnaməsi ilə alimentin miqdrı müəyyən olunduqdan sonra hazırki vaxtadək gündəlik tələbat malları, sənaye malları və ərzaq məhsullarının qiyməti davamlı olaraq artmışdır. Məhz həm də bunun nəticəsi olaraq dövlət tərəfindən yaşayış minimumu, o cümlədən uşaqlar üçün yaşayış minimumu məbləği artırılmışdır. Həmçinin iş materiallarından görünür ki, cavabdeh, yalnız təyin olunmuş aylıq alimenti ödəməyə çalışmış, alimentin təyin olunduğu vaxtdan sənaye və ərzaq məhsullarının və digər malların qiymətlərinin artmasına, həyat şəraitinin bahalaşmasına baxmayaraq, alimentin miqdarını artırmamış, uşağın artan maddi tələbatının təmin edilməsində iştirak etməmişdir. Bu müddət ərzində uşağın məişət qayğılarının çəkilməsində və artan tələbatının təmin edilməsində əsas ağırlıq iddiaçının üzərinə düşmüşdür. Bu hallar birmənalı şəkildə aliment təyin olunduqdan sonra iddiaçının maddi vəziyyətinin pisləşməsini, bu xüsusda hazırki alimentin uşağın əvvəlki təminat səviyyəsinə maksimal saxlanması zərurətinə cavab vermədiyini göstərir. Bu konteksdə məhkəmə nəzərə çatdırır ki, uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımi şəraitin yaradılması ilə birbaşa bağlıdır. Belə ki, bütün sahələr üzrə uşaqların üstün maraqlarının təmin edilməsi Azərbaycan dövlətinin prioritet siyasətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşaqların öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Həmçinin qanun normalarının tələbinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və mövcud məhkəmə praktikasına görə uşaqlara qulluq göstərmək, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi uşaqların himayəsində olduğu valideynin üzərinə düşdükdə yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğ aliment kimi digər valideyndən tutulur. Bu hal faktoloji və hüquqi əsas olaraq Azərbaycan Respublikasının məhkəmə praktikasında tətbiq olunur. Belə ki,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənlərin konteksində məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi, həmçinin cavabdehin uşağın artan tələbatları konteksində onu əvvəlki təminat səviyyəsində saxlamaq vəzifəsi daşıması ilə bağlı hal, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin-iddiaçının üzərinə düşməsinin qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas ola bilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və bu hüquqi mövqelər əsasında formalaşmış məhkəmə praktikası əsas tutulmaqla uşağın saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşağın əvvvəkli təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. Məhkəmə qeyd edir ki, iddiaçının təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay 300 manat məbləğində müəyyən olunması, yeni ailə qurmaqla himayəsində daha bir azyaşlı uşağın olduğu və iddiaçının da işləyərək aylıq qazanca malik olduğu şəraitdə cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmış olardı və tərəflər arasında ədalətli tarazlıq prinsipini pozardı. Ona görə də uşağın saxlanması üçün elə bir aliment məbləği müəyyən edilməlidir ki, tərəflərin mənafeləri arasında ədalətli tarazlı yaratmış olsun. Bu xüsusda işin faktiki hallarının nəzərə alınması konteksində aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin artırılaraq, uşaqlar üçün yaşayış minimumu məbləğinə yaxın məbləğ kimi hər ay 200 manat sabit pul məbləğində müəyyən olunması əsaslı və ədalətlidir.Ona görə də məhkəmə hesab edir ki,iddia qismən-təyin olunmuş alimentin hər ay 200 manat artırılması hissəsində təmin edilməli, hər ay 200 manat aliment məbləğindən artıq tələb məbləği hissəsində isə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Repsublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olan iddialarda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş materiallarından görünür ki, iddiaçı 60 manat mediasiya xərci ödəmişdir. Ona görə də qanunvericiliyin tələbinə əsasən cavabdehdən 60 manat mediasiya xərci alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normaları əsasında müvafiq qiymət verərək, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 08 may 2017-ci il tarixli 2(019)-772/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), 14 may 2008-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin olunmamalı, həmçinin Cavabdeh 60 manat mediasiya xərci alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Balakən Rayon Məhkəməsinin 08 may 2017-ci il tarixli 2(019)-772/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın); 14 may 2008-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı ödənilsin; iddia qalan hissədə təmin olunmasın; Cavabdeh 60 manat mediasiya xərci alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-291/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-291/2024
21.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver