Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-383/2025 01.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8,700 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X6 icraatında olmuş və onun (bundan sonra iddiaçı adlanacaq) şikayəti əsasında toplanmış HK-1/355 nömrəli ilkin təhqiqat materialı üzrə rədd qərarı qəbul etmişdir. Sonradan o, iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək ondan pulun alınmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmədə isə iddianın yalnız 1000 manat məbləğində qismən təmin olunmasına dair qətnamə çıxarmışdır. Məhkəmə vaxtı müəyyən edilmişdir ki, hazırkı cavabdehə Səbail Rayon Məhkəməsində cavabdeh olmuş X5 pulu verərək özünün ondan götürdüyü borc qaytarması üçün vermiş və o isə öz növbəsində ona pulu çatdıranda məhz özünün borcunu qaytarmaq üçün puldan verdiyini bildirirərək aldatmışdır. Hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 82.2-ci maddəsi mövcud olduğundan hər hansı hüquqi əsaslandırmaya və sübutlar təqdim etməyə ehtiyyac qalmır. Belə ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar digər məhkəmədə eyni tərəflər arasında baxıldıqda yenidən araşdırılmır və sübuta ehtiyac yaranmır. Aşağıda qeyd etdiklərinə əsasən hesab edir ki, cavabdehin şahid qismində təhqiqatda verdiyi ifadə ilə ondan götürdüyü 8.700 manat məbləğində pulu götürdüyü və həmçinin onu qaytarmadığı barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsində izahat vermiş cavabdeh X5 təsdiq etdiyindən həmin pul vəsaiti hazırkı cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmalıdır. O ünvan 1 ünvanında yaşayır. Onun nümayəndəsi olmuş, İlqar Abbasov xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Baş Polis İdarəsinə məktubla müraciət edərək, vətəndaş İddiaçı qızına hüquqi xidmət göstərilməsi üçün sonuncunun "X11" MMC ilə hüquqi xidmət müqaviləsi bağladığını, etibarından sui-istifadə və aldatma yolu ilə İsmayıl Məmmədov tərəfindən ümumilikdə 9.000 manat pulunun ələ keçirilməsini bildirmişdir. Həmin müraciət xx.xx.2022ci il tarixdə Nizami RPİ-nin 23-cü Polis Bölməsinin 1 saylı cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabında 464 № ilə qeydiyyata alınaraq RPİ-nin 23-cü Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru Rəşad Məmmədov tərəfindən araşdırma aparılaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 aprel 2022-ci il tarixdə qərar qəbul edilmişdir. Vətəndaş İddiaçı Nizami Rayon Məhkəməsinin inzibati binasında baş təhqiqatçı, polis mayoru Rəşad Məmmədovun 17 aprel 2022-cl il tarixli rədd qərarından şikayətinə baxılaraq həmin qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və material üzrə araşdırma davam etdirilməsi barədə Nizami rayon Məhkəməsi tərəfindən xx.xx.2022-cı il tarixdə qərar çıxarılmışdır. Nizami Rayon Məhkəməsinin sözügedən qərarında qeyd edilmiş göstərişlərin yerinə yetirilməsi RPİ-nin 23-cü Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Elnur Əvəzliyə həvalə edilmiş və onun tərəfindən araşdırma aparılmadan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 oktyabr 2022ci il tarixdə qərar qəbul edilmişdir, (qərar iddia ərizəsinə əlavə edilir). Lakin onun təkrar müraciəti əsasında 571/22 nömrəli rədd materialı Nizami Rayon Prokurorluğunda öyrənilərək xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı Nizami rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Günay Məmmədli tərəfindən 10 yanvar 2023-cü il tarixdə ləğv edilərək təkrar araşdırma aparılması üçün bəzi göstərişlərlə geri RPİ-nin 23-cü Polis Bölməsinə qaytarılmış və 571/22 nömrəli rədd materialı xx.xx.2023-cü il tarixdə RPİ-nin 23-cü Polis Bölməsinin dəftərxanasında 313-52/1-271 nömrə ilə qeydiyyata alınaraq təkrar araşdırılması həvalə edilmişdir. Bildirmişdir ki, cavabdeh 24 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində onunla telefon əlaqəsi saxlayıb problemi olduğundan ondan müxtəlif vaxtlarda 8.700 manat pul istəmiş, o də əvvəlcədən hazırlıqlı olduğundan üzərində götürdüyü 5,000 və daha sonra 3.700 manat pulu ona vermişdir. Beləliklə də cavabdeh pulu ondan götürməsi barədə izahat verərək onu Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbindən azad etmiş və hazırda o özü bu maddənin tələbinə əməl etməli, şahid ifadələri ilə deyil, digər mötəbər dəlillərlə sübut etməlidir ki, həmin məbləği ona qaytarmışdır. Belə ki, onun şahid kimi keçdiyi işdə də şikayət etdiyi şəxs hazırkı cavabdehin ona pul qaytarmasını təsdiqləməyib, özünün borcunu Vüqar vasitəsi ilə qaytardığını bidirmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat bildirməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işi ilə əlaqədar məhkəmə iclasında iştirak etmədiyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin təhqiqatçısı X3 23 mart 2023-cü il tarixli qərarından görünür ki, X2 və Cavabdeh əməllərində cinayət tərkibi olmadığından onların barələrində cinayət işi başlanması rədd edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 6(007)-13/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı şikayəti rədd edilmiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin təhqiqatçısı X3 23 mart 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1492/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh X1 1000 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iddia ərizəsinə, iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh 8700 manat pul məbləğini tələb etdiyi üçün həmin pul məbləğini cavabdehə verməsini sübuta yetirmək onun sübutetmə vəzifəsidir. Lakin iddiaçı bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia ərizəsində cavabdehin ondan 8.700 manat məbləğində pulu götürməsini və qaytarmadığını şahid qismində təhqiqatda verdiyi ifadə ilə təsdiq etdiyini, həmçinin Bakı şəhəri Səbail Rayon Məhkəməsində izahat vermiş X2 təsdiq etməsini, bununla da sübutetmə vəzifəsindən azad edildiyini qeyd etmişdir. Məhkəmə onun bu dəlili ilə bağlı qeyd edir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin təhqiqatçısı X3 23 mart 2023-cü il tarixli qərarından görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, “bildiyinə görə 2021-ci ilin sentyabr ayının 24-də Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşən "28 Mall"-ın qarşısında İddiaçı ilə İsmayıl görüşərkən İddiaçı 5000 manat borc pul alıb. O, X7 Acalovadan dəqiq nə məqsədlə aldığını bilməmişdir. Həmin pulun 1500 manatını 2021-ci ilin dekabr ayının ortalarında Nizami rayonu, Keşlə qəsəbəsinin ərazisində yerləşən məscidin qarşısında X10 Acalova ilə görüşərkən qaytarmışdır. Qalan 3500 manat pulu isə dəqiq tarixlər onun yadında deyil, 2022-ci ilin mart ayının sonlarında İsmayıl Məmmədov ona 3 dəfə 500 manat olmaqla, 1500 manat, 2 dəfəyə də 1000 manat vermişdir. O da hər dəfə pulu İsmayıldan götürüb, İddiaçı ilə evinin yaxınlığında görüşüb sonuncuya əlbəəl vermişdir. İddiaçı onların barəsində göstərdikləri tamamilə yalan və böhtandır. Ümumiyyətlə də onun və X7 Acalova ilə aralarında qoruyucu maska biznesi qurmaqla bağlı söhbət də olmamışdır. İddiaçı İsmayılla arasında kişi-qadın münasibətlərin yaranmasına cəhd etdiyindən İsmayıl İddiaçı uzaqlaşmışdır. Buna görə də İddiaçı əlaqə kəsildiyindən İsmayıl Məmmədovun barəsində bu cür şikayət etmişdir”. Bundan başqa Bakı Şəhəri Səbail Rayon Məhkəməsində iddiaçının X4 qarşı 5000 manat borc pul tələbinə dair mülki işə baxılarkən İsmayıl Məmmədov məhkəmə iclasında izahatında bildirmişdir ki, “2021-ci ilin sentyabr ayının 24-də saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonunun ərazisində “28 Mall-ın yanında İddiaçı ilə görüşərək özünə pul lazım olduğundan İddiaçı 5000 manat pulu borc götürmüşdür. Həmin pulu borc götürərkən də o, İddiaçı demişdir ki, 2021-ci ilin dekabr ayının sonuna kimi düzəldə bilsə, qaytaracaqdır. O, Dinarədən 5000 manat borc almasına və həmin borcu 3 ay müddətində qaytaracağına dair ona yazılı qəbz də vermişdir. O, 2021-ci ilin dekabr ayının sonlarında saat 17 radələrində 1500 manat pul düzəldib Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən məscidin qarşısında İddiaçı ilə görüş təyin edib pulu sonuncuya vermiş, pulu Dinarəyə verərkən də bildirmişdir ki, qalan 3500 manatı düzəldib hissə-hissə qaytaracaqdır. Sonradan İddiaçı onun mobil telefonuna mesaj da yazaraq ona bildirmişdir ki. 3500 manat pulu ona çatdırsın. O, qalan 3500 manat pulu 2022-ci ilin mart ayının sonuna kimi hissəhissə düzəldərək, yəni 3 dəfəyə hər dəfə 500 manat olmaqla və bir dəfə də 1000 manat olmaqla tanışı Cavabdeh vasitəsilə İddiaçı çatdırmışdır. Hal-hazırda istər onun, istərsə do Cavabdeh Dinarəyə hər hansı borcları yoxdur. Cavabdeh onun göndərdiyi pulları qəpiyinəqəpiklə İddiaçı ilə görüşüb əlbəəl sonuncuya verib. O, borcunu qaytardıqdan sonra qəbzin əslini cırıb atmışdır. Onun iddiaçıya hər hansı məbləğdə borcu qalmamışdır”. Göründüyü kimi iddiaçının Cavabdeh 8700 manat məbləğində pul verməsi iddia ərizəsində qeyd etdiyi kimi nə cavabdehin şahid qismində təhqiqatda verdiyi ifadə ilə, nə də ki Bakı şəhəri Səbail Rayon Məhkəməsində X2 izahatı ilə öz təsdiqini tapmır. Bununla yanaşı iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh 24 sentyabr 2021ci il tarixdə saat 13 radələrində onunla telefon əlaqəsi saxlayıb problemi olduğundan ondan müxtəlif vaxtlarda 8.700 manat pul istəmiş, o da əvvəlcədən hazırlıqlı olduğundan üzərində götürdüyü 5,000 və daha sonra 3.700 manat pulu ona vermişdir. Lakin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş İddiaçı izahatından və Bakı Şəhəri Səbail Rayon Məhkəməsində 2(009)- 1492/2023 nömrəli mülki iş üzrə iddia ərizəsindən görünür ki, iddiaçı 24 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində X5 ilə telefon əlaqəsi saxlayıb ona 5,000 manat, oktyabr ayında isə 2000 manat və 1000 ABŞ dolları verdiyini bildirmişdir. Hazırki iddia ərizəsində isə iddiaçı 8700 manat pulu 24 sentyabr 2021-ci il tarixdə və daha sonra Cavabdeh verdiyini qeyd etmişdir. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş 107 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-383/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-383/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver