Məhkəmə qərarları › İş №e-2(019)-40/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-40/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-40/2025 18.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəm MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 4923.10 AZN əsas məbləğ üzrə, 1110.31 AZN faiz və 51.03 AZN cərimə olmaqla, cəmi 6084.44 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 81.25 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 29nkSHEK/23 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29,50% ödəmək şərtilə 5000 AZN məbləğində kredit verilmişdir. Hesabdan çıxarışa müqayisəli şəkildə nəzər yetirəndə müəyyən olunur ki, cavabdeh 5000 AZN əsas kredit borcundan 76.90 AZN ödəniş etmişdir (5000- 76.90=4923.10). Qalıq borca da müqavilə şərtlərinə əsasən faiz və cərimələr hesablanmışdır. İddia ərizəsinə sübut kimi maliyyə arayışı, kredit müqaviləsi, ödəniş cədvəli, hesabdan çıxarış, pretenziya sənədləri və s. əlavə olunmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddia ərizəsinə iştirakları olmadan baxaraq həmin mülki iş üzrə bütün hazırlıq və baxış iclaslarının iştirakları olmadan keçirərək iddia tələblərinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini iş materiallarında olan sənədlərlə birlikdə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 29 nkSHEK/23 saylı kredit müqaviləsinin 1.1-ci bəndindən görünür ki, "xxxx" KB ASC xx.xx.2028-ci il tarixədək illik 29,50 % ödəmək şərtilə 5000 AZN məbləğində kredit Cavabdeh mülkiyyətinə verməyi, borc alan isə müəyyən olunmuş müddətdə faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən «borcаlan» kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini (bir) təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq Bank Borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik -30% miqdarında cərimə tətbiq edir. "xxxx" KB ASC-nin 5 mart 2024-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh 29nkSHEK/23 saylı kredit müqaviləsi üzrə 5 mart 2024-cü il tarixinə "xxxx" KB ASC-yə əsas məbləğ üzrə 4923.10 AZN, faiz üzrə 1110.31 AZN, cərimə üzrə 51.03 AZN borcu olmaqla, cəmi borcu 6084.44 AZN təşkil edir. məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/8129 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2023-cü il tarixli 29nkSHEK/23 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh "xxxx" KB ASC olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 05 mart 2024-cü il tarixə: əsas borc üzrə 4923.10 manat, faiz borcu üzrə 1110.99 manat. İş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100,0 manat təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli 29 nkSHEK/23 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 29.50 faiz dərəcəsi ilə 5000 AZN məbləğində kredit verilmiş, lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş cədvəlinə uyğun ödəməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bununla da iddiaçı kredit müqaviləsi üzrə borcu və ona hesablanmış faizləri cavabdehdən tələb etməkdə haqlıdır. xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən kredit müqaviləsi üzrə əsas borc iddia tələbində göstərilən məbləğdə hesablanmışdır. Lakin ekspert rəyinə əsasən faiz borcu 1110.99 manat təşkil edir, iddiaçı isə faiz borcu üzrə 1110.31 manat tələb etmişdir. Məhkəmə tərəfindən maliyyə arayışına münasibətdə ekspert rəyi daha mötəbər sübut kimi qiymətləndirilir. Lakin məhkəmə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından və iddia tələbindən kənara çıxa bilmədiyi üçün cavabdehdən faiz borcu üzrə iddiaçının tələb etdiyi 1110.31 manat tutulmalıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Lakin tələb edilən cərimə tənasübsüz surətdə yüksəkdir. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı 5 manat həcmində müəyyən edilməlidir. Beləliklə məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4923.10 AZN əsas, 1110.31 AZN faiz və 5 AZN cərimə olmaqla, cəmi 6038.41 AZN borc və 80.64 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq (iddia tələbi təqribən 99% hissədə təmin edilmişdir) iş üzrə 100,00 manat ekspertiza xərci tərəflərə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 29nkSHEK/23 saylı kredit müqaviləsinə əsasən 4923.10 AZN əsas, 1110.31 AZN faiz və 5 AZN cərimə olmaqla, cəmi 6038.41 AZN borc və 80.64 manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 100 manat ekspertiza xərcinin 99 manatı Cavabdeh və 1 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar