Məhkəmə qərarları › İş №e-2(019)-41/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-41/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-41/2025 08.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 4258 AZN əsas məbləğ üzrə, 842.80 AZN faiz və 99 AZN cərimə olmaqla, cəmi 5199.80 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 72.40 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixində xx.xx.2026-cı il tarixinədək illik 28,75% ödəmək şərtilə 4700 manat məbləğində kredit xətti açmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixində ərizə-anket və imza nümunəsini imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. X1 17.11-ci bəndinə əsasən Müştəri“ kreditin və/ və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddia ərizəsinə iştirakları olmadan baxaraq həmin mülki iş üzrə bütün hazırlıq və baxış iclaslarının iştirakları olmadan keçirərək iddia tələblərinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini iş materiallarında olan sənədlərlə birlikdə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizə-anket və imza nümunəsindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmiş, xx.xx.2023-cü il tarixli 929nkSHEKb/23 saylı Kredit Müqaviləsinə əsasən "xxxx" KB ASC tərəfindən Cavabdeh illik 28,75% olmaq şərti ilə xx.xx.2026-cı il tarixədək 4700 AZN məbləğində kredit xətti ayrılmışdır. X1 17.10-cu bəndinə əsasən Müştəri kreditin və/və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 929nkSHEKb/23 saylı kredit müqaviləsi üzrə 11 mart 2024-cü il tarixinə əsas məbləğ üzrə 4258 AZN, faiz üzrə 842.8 AZN, cərimə üzrə 99 AZN borcu olmaqla, cəmi borcu 5199.80 AZN təşkil edir. məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/8131 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2023-cü il tarixli 929nkSHEKb/23 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh "xxxx" KB ASC olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 11 mart 2024-cü il tarixə: əsas borc üzrə 4290.87 manat, faiz borcu üzrə 812.14 manat. İş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli 929nkSHEKb/23 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 28.75 faiz dərəcəsi ilə 4700 AZN məbləğində kredit xətti ayrılmışdır, lakin cavabdeh aldığı pul vəsaitini tam ödəməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bununla da iddiaçı kredit müqaviləsi üzrə borcu və ona hesablanmış faizləri cavabdehdən tələb etməkdə haqlıdır. xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc 4290.87 manat, faiz borcu 812.14 manat təşkil edir, iddiaçı isə əsas borc üzrə 4258 manat, faiz borcu üzrə 842.80 manat tələb etmişdir. Odur ki, cavabdehdən əsas borc üzrə 4258 manat tutulmalıdır. Lakin məhkəmə tərəfindən maliyyə arayışına münasibətdə ekspert rəyi daha mötəbər sübut kimi qiymətləndirildiyindən cavabdehdən faiz borcu üzrə 812.14 manat tutulmalıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Lakin tələb edilən cərimə tənasübsüz surətdə yüksəkdir. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı 5 manat həcmində müəyyən edilməlidir. Beləliklə məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4258 AZN əsas, 812.14 AZN faiz və 5 AZN cərimə olmaqla, cəmi 5075.14 AZN borc və 70.66 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq (iddia tələbi təqribən 98% hissədə təmin edilmişdir) iş üzrə 100,00 manat ekspertiza xərci tərəflərə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 929nkSHEKb/23 saylı kredit müqaviləsinə əsasən 4258 AZN əsas, 812.14 AZN faiz və 5 AZN cərimə olmaqla, cəmi 5075.14 AZN borc və 70.66 manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 100 manat ekspertiza xərcinin 98 manatı Cavabdeh və 2 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar