Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-420/2022 18.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı Abdullayeva (Bazarova) Mominət İsrəfil qızının və Cavabdeh iştirakı ilə, İddiaçı Abdullayeva (Bazarova) Mominət İsrəfil qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Abdullayeva (Bazarova) Mominət İsrəfil qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 2(019)-1191/2015 nömrəli, 14 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə himayəsində olan 14 mart 2009-cu il tarixdə anadan olmuş Bazarova Mesed Nürəddin qızının yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Abdullayeva (Bazarova) Mominət İsrəfil qızı iddiasını müdafiə edib, onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 08 yanvar 2009-cu il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Həmin nikahdan 14 mart 2009cu il tarixdə Bazarova Mesed Nürəddin qızı adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulmuşdur. Bundan sonra o, Balakən Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(019)-1191/2015 nömrəli, 14 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə birgə nikahdan 2009-cu il tarixdə anadan olmuş Bazarova Mesed Nürəddin qızının baxılması üçün 65 manat (altmış beş) alimentin Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. O, hal-hazırda heç bir yerdə işləmir. Balakən Rayon Məhkəməsinin 2(019)-1191/2015 nömrəli, 14 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 65 manat alimentlə uşağının pal-paltarının, sağlamlığının, maddi təminatının və təhsil xərclərinin ödənilməsi heç cür mümkün deyildir. Ona görə alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tikintidə usta işləməklə kifayət qədər qazanc əldə edir. Eyni zamanda cavabdehin ailə təsərrüfatında mal-qarası və əkin üçün torpaq sahələri vardır. Cavabdeh hər ay uşaq üçün 180 manat aliment ödəmək iqtidarındadır. Alimentin artırılması tələbi ilə mediatora müraciət etmiş, mediasiya prosesində cavabdeh gəlməmiş və ya hər hansı razılıq bildirməmişdir. Bu barədə müvafiq arayış almışdır. Qeyd edilənləri nəzərə alıb, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, verdiyi izahatında göstərmişdir ki, o, iddiaçı Abdullayeva (Bazarova) Mominət İsrəfil qızı ilə 08 yanvar 2009cu ildə nikahlarını rəsmiləşdirməklə evlənmişlər. Onların birgə nikahından 14 mart 2009-cu il tarixdə Bazarova Mesed Nürəddin qızı adlı bir uşaqları anadan olmuşdur. Evləndikdən sonra bir müddət mehriban yaşamışlar. Sonradan aralarında tez-tez ailə münasibətləri zəminində mübahisələri olmuşdur. Buna görə də iddiaçı ilə ayrılmışdır. Onun hazırda başqa ailəsi, həmin ailədən üç azyaşlı uşağı vardır. O, gündəlik işlərdə fəhlə kimi işləyir, aylıq sabir gəliri yoxdur. Onun həyətyanı torpaq sahəsi, pay torpaq sahəsi, fındıq bağı və şəxsi təsərrüfatı vardır. Hazırda iddiaçı Abdullayeva (Bazarova) Mominət İsrəfil qızının aliment tələbini qismən-70 manat hissədə qəbul edir və iddianın qismən təmin olunmasına etiraz etmir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 iyun 2009-cu ildə verilmiş AZ-İİ seriyalı, 221252 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Bazarova Mesed Nürəddin qızı 14 mart 2009-cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə Bazarova Mominət İsrəfil qızı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli 2(019)-1191/2015 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, Cavabdeh 07 sentyabr 2015-ci il tarixdən başlayaraq 14 mart 2009-cu ildə anadan olmuş Bazarova Mesed Nürəddin qızının yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 65 (altmış beş) sabit pul məbləğində alimentin tutulub iddiaçı Bazarova Mominət İsrəfil qızına verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 16.02.2022-ci il tarixli İlkin mediasiya messiyasinda istirak edilməməsi barədə arayışdan görünür ki, bu arayış Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi alimentin artırılması mübahisəsi üzrə 16.02.2022-ci il tarixində 10:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini/iştirak etməkdən yazılı şəkildə imtina etdiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 (beş) gün əvvəlcədən məktub vasitəsilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödədi. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİİ seriyalı, 175239 nömrəli, AZ-İİİ seriyalı, 745023 nömrəli və AZ-İV seriyalı, 647938 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh ilə X1 birgə nikahından 24 yanvar 2013-cu il tarixdə Bazarov Murad Nürəddin oğlu, 10 fevral 2015-ci il tarixdə Bazarov Nuray Nürəddin qızı və 02 noyabr 2021-ci il tarixdə Bazarov Əliəshəb Nürəddin oğlu anadan olmuşlar. İşdə olan 28.02.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Abdullayeva (Bazarova) Mominət İsrəfil qızı tərəfindən hazırki iddianın qaldırılması üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia qismən təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən iddiaçı Abdullayeva (Bazarova) Mominət İsrəfil qızının xeyrinə bir uşağın saxlanması üçün Cavabdeh tutulan sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməklə (artırılmaqla), 140 manat sabit pul məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosail müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşağın böyüdükcə maddi tələbatının yüksəlməsi, aliment təyin edilən 14 oktyabr 2015-ci il tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 108 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2022-ci ildə uşaqlar üçün yaşayış minimumunun 193 manat təşkil etməsi) və bu xüsusda uşağın təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. 14 mart 2009-cu ildə anadan olmuş Bazarova Mesed Nürəddin qızının saxlanması üçün Balakən Rayon Məhkəməsinin 14.10.2015-ci il tarixli, 2(019)-1191/2015 nömrəli qətnaməsi ilə təyin edilmiş 65 manat aliment həmin uşağın yaşının və bu xüsusda tələbatının artması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşağı saxlamağın hər iki valideynin vəzifəsi olması nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi himayəsində daha üç azyaşlı uşağı olan cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Məhkəmə qeyd edir ki, uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İddiaçının izahatından və iş materiallarından həmçinin görünür ki, cavabdehin ödədiyi aliment yetkinlik yaşına çatmayan uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaq böyüdükcə onun tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşağı saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 14.10.2015-ci il tarixli, 2(019)-1191/2015 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün 65 manat aliment təyin edildikdən sonra iddiaçı 7 ilə yaxın müddət ərzində alimentin artırılması üçün məhkəməyə müraciət etməmiş, cavabdeh də bu müddət ərzində bu aylıq 65 manatlıq aliment ödənişindən əlavə uşağın maddi təminatında iştirak etməmişdir. Faktiki olaraq iddiaçı uşağın saxlanması üçün əsas yükü öz üzərinə götürmüşdür. Aliment təyin edilən 14.10.2015-ci il tarixdə uşağın 6 yaşı olduğu halda, hazırda onun 13 yaşı vardır. Bu xüsusda uşaq böyüdükcə onun tələbatı da artmışdır. Təbii kimi, hazırki şəraitdə hər ay 65 manat alimentlə uşağın artan tələbatını ödəmək və onun əvvəlki təminat səviyyəsini maksimal saxlamaq qeyri-mümkündür. Bu hallar da alimentin artırılmasını tələb edir. Ölkə üzrə uşaqlar üçün 2022-ci ildə yaşayış minimumu 193 manatdır. Belə olan halda uşağın saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşağın əvvvəkli təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratmış olsun. İş materiallarından o da müəyyən olunur ki, cavabdeh günəmuzd işlərlə məşğul olmaqla aylıq qazanca (gəlirə) malikdir. Həmçinin cavabdehin özünə məxsus həyətyanı torpaq sahəsi, fındıq bağı və şəxsi təsərrüfatı vardır. Lakin cavabdehin qazancı (gəliri) qeyri-stabil xarakter daşıyır. Digər tərəfdən cavabdehin himayəsində daha üç azyaşlı uşaq vardır. Belə olan halda hazırki tələb üzrə aylıq 180 manat aliment ödənişinin müəyyən olunması cavabdeh üçün ağır məhrumiyyətlər yaratmış olardı. Həmçinin cavabdehin istəyinə uyğun olaraq təyin olunmuş aliment məbləğinin hər ay 70 manat miqdarında müəyyən olunması da uşağın artan tələbatına və əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurətinə cavab verməməklə iddiaçının marağını əhəmiyyətli dərəcədə pozardı. Belə olan halda tərəflərin mənafeləri arasında ədalətli tarazlığı təmin edəcək bir aliment miqdarı müəyyən olunmalıdır. Bu xüsusda məhkəmə qeyd edir ki, aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin dəyişdirilərək (artırılaraq) hər ay 140 manat sabit pul məbləğində müəyyən olunması əsaslı və ədalətlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən-təyin olunmuş alimentin 140 manat miqdarında artırılması hissəsində təmin edilməli, 140 manatdan artıq tələb məbləği hissəsində isə təmin edilməməlidir. “Nikahın pozulması,boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olan iddialarda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş materiallarından görünür ki, iddiaçı Abdullayeva (Bazarova) Mominət İsrəfil qızı hazırki iddianın qaldırılması üçün dövlət rüsumunu ödəməkdən azad olunmasına baxmayaraq, mediasiya xərci də daxil olmqala 100 manat dövlət rüsumu ödəmişdir. Ona görə də ödənilmiş bu dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normaları əsasında müvafiq qiymət verərək, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli, 2(019)-1191/2015 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), 14 mart 2009-cu il tarixdə anadan olmuş Bazarova Mesed Nürəddin qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment alınıb, iddiaçı Abdullayeva (Bazarova) Mominət İsrəfil qızının xeyrinə ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyi üçün iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh 32,36 məbləğində dövlət rüsumu tutularaq, iddiaçı Abdullayeva (Bazarova) Mominət İsrəfil qızına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Balakən Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli, 2(019)-1191/2015 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin (artırılsın); 14 mart 2009-cu il tarixdə anadan olmuş Bazarova Mesed Nürəddin qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment alınıb, iddiaçı Abdullayeva (Bazarova) Mominət İsrəfil qızının xeyrinə ödənilsin; iddia qalan hissədə təmin olunmasın; Cavabdeh 32,36 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı Abdullayeva (Bazarova) Mominət İsrəfil qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-420/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-420/2022
18.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver